Cüneyt Biçər: “Hakim təmiz qolumuzu qeydə almadı”

Cüneyt Biçər: “Hakim təmiz qolumuzu qeydə almadı”
MÜSAHİBƏ 23 Fevral 2012 / 13:34 3231
-  A +

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Cüneyt Biçərin Qol.Az saytına müsahibəsi

- Cüneyt bəy, Unibank Premyer Liqasında “Qəbələ”ylə oyunun son saniyələrində qol buraxaraq 1:2 hesabıyla məğlub oldunuz. Oyunun bu cür sonluqla yekunlaşacağını gözləyirdiniz?

- Doğrudan da, gözləmədiyimiz bir məğlubiyyət yaşadıq. Ancaq komandamın pis oynadığını söyləyə bilmərəm. Hesabda irəlidə olmağımıza baxmayaraq, rəqibin güclü təzyiqilə üzləşdik. Lakin artıq həmin qarşılaşmanı unudub növbəti görüşümüzə hazırlaşmalıyıq.

- İlk qolu siz vursanız da, bundan sonra iki top buraxdınız. Bu, hansısa arxayınçılığın nəticəsi ola bilərmi?

- Xeyr, belə düşünmürəm. Birdə ki, artıq çempionatda zəif komanda anlamı yoxdur. Hər bir komanda iddialı olub-olmamasına rəğmən, bir-birlərini məğlub edəcək gücdədir.

- Buraxılan iki qolda müdafiəçilərinizin nə dərəcədə səhvi oldu?

- “Xəzər Lənkəran” bir qol vurduqdan sonra bütün heyətlə arxada oturan komanda deyil. Mənim də hədəflərim olduğu üçün biz hücum futboluna üstünlük veririk. Əslində, ikinci qolu da “Qəbələ”nin qapısından keçirməyə müəssər olduq. Lakin baş hakim (Elçin Məmmədov - red.) vurduğumuz qolu qeydə almadı. Əgər qol qeydə alınsaydı, biz böyükhesablı qələbə də qazana bilərdik. Çünki rəqibimiz iki top fərqiylə geri düşdüyü təqdirdə, daha açıq futbol oynamağa məcbur olacaqdı.

- İddia edirsiniz ki, baş hakimin qeydə almadığı qol təmiz olub?

- Mən gördüyüm qədər təmiz qol idi. Bir neçə dost-tanış da haqlı olduğumu söylədi. Ancaq hər şeyə rəğmən qərarı baş hakim verir. 

- Belə başa düşdüm ki, uduzmağınıza baxmayaraq, komandanızdan razı qalmısınız?

- Ümumi götürdükdə, bəli. Lakin bir neçə futbolçu var ki, onların göstərdiyi oyun məni qane etmədi. Düşünürəm ki, onlar daha yaxşı çıxış edə bilərdilər. Onların kimliyini, yerli və ya əcnəbi olduqlarını açıqlamaq istəməzdim.

- Əgər qapını Kamran Ağayev qorusaydı, nəticə başqa cür ola bilərdi?

- “Kamran olsaydı, biz qalib gələcəkdik” deməyimiz düzgün çıxmaz. Bu, ən azı digər istedadlı qapçımız Kamal Bayramova haqsızlıq olar. Məncə, buraxdığımız qollarda Kamalın günahı yox idi. Ola bilsin ki, topa tərəf daha çox uzanaraq nəsə edə bilərdi. Lakin onun topu görmədiyini də yaxşı başa düşürəm. Kamalın komandasını bir neçə real qoldan xilas etdiyini unutmaq olmaz. O, pis çıxış etmədi. Ona görə də mən Kamal Bayramovun haqqını yeyə bilmərəm. Kamran Ağayevə gəlincə, yüksək hərarəti vardı. Hərarəti salmaq üçün iynə vurulsa da, qızdırması düşmədi. Əksinə baş ağrı və ürəkbulanmasından əziyyət çəkirdi. Ona görə Kamalın meydana çıxması qərara alındı.

- Yeni transferiniz Rendall Brenesin oyunu barədə sizin fikirləriniz necədir? O, “Qəbələ”ylə oyunda yalnız zəif çıxışıyla yadda qaldı.

- Rendall Brenes “Xəzər Lənkəran”nın heyətində ilk qarşılaşmasına çıxırdı. Meydanda hardasa 25-30 dəqiqə oldu. Yaxşı-pis çıxış etdiyini söyləmək düzgün olmaz. Onun meydandakı hərəkətlərindən səviyyəli futbolçu olduğu görünürdü.

- Növbəti qarşılaşmada Rendallı əsas heyətdə meydana buraxacaqsınız?

- Onu komandamızın hücum xəttini gücləndirmək üçün transfer etmişik. Sözsüz ki, o əsas heyətdə çıxış edən futbolçu olacaq. Sadəcə, bir az zamana ehtiyacı var. Komandadakı bütün futbolçuların əsas heyətdə çıxış etmək şansları var.


Əli HƏYATİ

 

 

Daha çox


Son xəbərlər