Mahmud Qurbanov: "Yeni nəsil yetişməyincə Azərbaycan futbolundan uğur gözləməyə dəyməz"

Mahmud Qurbanov: "Yeni nəsil yetişməyincə Azərbaycan futbolundan uğur gözləməyə dəyməz"
MÜSAHİBƏ 12 Aprel 2009 / 14:58 5341
-  A +

«Qol.Az-ın qonaq otağı» adlı rubrikanın növbəti qonağı “Bakı”nın və milli komandamızın yarımmüdafiəçisi, 9 qat Azərbaycan çempionu Mahmud Qurbanovdır. Mahmud Qurbanov bu gün saat 13:00-dan 15:00-dək canlı tekst-yayımda oxucuların suallarını cavablandırdı. 
                                             ***
Rahib Isayev: Salam.Əvvəlcədən onu deyimki mən M.Qurbanovu müasir Azərbaycan futbolunun ən güclülərindən hesab edirəm. Sualımsa belədi nəyə görə o karyerasının çox hissəsini məhz Azərbaycan klublarında keçirib? Məncə özü də gözəl bilirki bizim çempionat gələcək vəd eləmir.Təşəkkürlər. Mahmuda da uğurlar.
                                             ***
Mahmud Qurbanov: Mən də istərdəm ki, karyeramı xaricdə davam etdirim. Cavanlığımda mən də bunu arzulayırdım. Lakin alınmadı. Qismət beləymiş. Düzdür, hazırda çempionatımızın səviyyəsi bir qədər zəif ola bilər. Amma inanıram ki, gələcəkdə çempionatın səviyyəsi qalxacaq.  
                                             ***
Kalorim: Siz düşünmürsünüz ki, artıq Azərbaycan azarkeşləri milli komandamızın oyunundan bezib. Biz azarkeşlər də istəyirik ki, Türkiyə, Rusiya kimi milli komandamız ola. Bizim nəyimiz əksikdir? Hamının 11 oyunçusu və 2 ayağı var. Bizim yeganə  artığımız onlardan odurki biz layiq olmayan yığmanın oyunçularına layiq olmadığı pulları veririk...TƏŞƏKKÜRLƏR.
                                              ***
Mahmud Qurbanov: Düzdür, Milli komandamız yaxşı nətiə göstərmir. Amma mən istərdim ki, azarkeşlər hər zaman milliyə dayaq olsunlar, millinin oyunları zamanı stadiona gəlsinlər və millini dəstəkləsinlər. O ki qaldı, layiq olan pulu alıb-almamağa, məncə bizim futbolçularımız milyonlarla pul qazanmırlar. Biz meydana çıxanda nə bacarırıqsa, onu da göstəririk. O ki qaldı 2 ayağa, düşünürəm ki, bizim futbolçular nə qədər xarivi klublarda oynasalar, millimiz bir o qədər güclü olar.  
                                               ***
Rəşad: Salam. Mən Mahmudun oyunun çox bəyənirəm və ona bir sualla müraciət edirəm. Sizcə hələki cavan olan futbolumuzda cavanlaşma siyasəti aparmaq nə qədər düzgündür? 17-21 yaşlı təcrübəsiz futbolçuların millidə oynaması nə qədər düzgündü? Məncə hələ sizin kimi oyunçular milliyə çağırılmalı, tədricən cavanlaşma aparılmalıdır.
                                               ***
Mahmud Qurbanov: Millidə cavanlaşma siyasəti anlayışı düzgün deyil. Çünki cavanlaşma siyasəti klublarda aparılır, millidə yox. O ki qaldı 17-21 yaşlılara, əlbəttə mən də hesab edirəm ki, onları tədricən milliyə çağırmaq lazımdır, hamısını birdən yox. Onlar aşağı yaş qurpları üzrə milli komandalarda oynayıb, təcrübələrini artırmalıdırlar və məhz bundan sonra əsas milliyə çağırılmalıdırlar. Əlbəttə, fitri istedadı olan futbolçulardan söhbət getmir. İstedadlı futbolçunu lap 15 yaşında da milli komandaya çağırmaq olar.
                                                ***
Anar Vəliyev: Salam Qol.az. Mən sizi izləyirəm, bütün yeni xəbərlərə görə təşəkkürlər. Mahmud Qurbanovu da yaxşı tanıyıram, mən milli komandayla birlikdə səfərdə də olmuşam, millinin bütün üzvlərinə böyük hörmətim var, amma onlardan ( Mahmudda daxil olmaqla) bir xahişim var, meydana cıxanda üzlərini çevirib tribunalara baxsınlar ordakı insanlara. Azərbaycan Lixtenşteynə qol vura bilməyəndə, gözlərim dolmuşdu, əsəblərimdən, tək mən yox, bütün stadiona toplaşanlar əsəblərimizi cilovlaya bilmirdik. Bir de bele hadiselerin təkrarlanmasını istəməzdik.
Mahmuda da belə bir sual verərdim, Əgər, millinin baş məşqçisi sən olsaydın kimləri dəvət edərdin komandaya? heç olmasa, ilk 11-liyin adını çək, çox maraqlıdı. Çünki mən hazırkı heyəti 2-3 nəfəri çıxmaq şərtiylə bəyənmirəm. Təşəkkürlər.
                                                 ***
Mahmud Qurbanov: Bilirik ki, milli komanda meydana çıxanda tək özlərini yox, bütün ölkəni təmsil edirlər. Biz də istəyirik ki. qalib gələk. Həm özümüzə görə, həm stadiona yığışan azarkeşlərə görə, həm də ölkəmizə. Lixtenşteynə qol vura bilməməyimiz bizə də çox pis təsir etdi. Çünki həmin oyunda qalib gəlməliydik. Azarkeşlərin narazılığını başa düşürük. Ancaq bu futboldur, düzdü mənə də həmin oyunda ən çox pis təsir edən o idi ki, azarkeşlərimiz oyundan sonra Lixtenşteyn millisini alqışlayırdı. Biz həmin oyunu udmalıydıq və azarkeşlər də məhz bizim millini alqışlamalıydı. İnanıram ki, millimiz Lixtenşteynlə səfər oyununda bunun əvəzini çıxacaq. Gec də olsa, həmin oyuna görə, Lixtenşteyni məğlub edə bilməməyimizə görə, azarkeşlərdən üzr istəyirik.
                                               ***
Taleh Qarayev: Bütün qol.az rəhbərliyini və hörmətli qonağınız Mahmud Qurbanovu salamlayıram.Mənim sizə ünvanlayacağım suallar bunlardır.
1)Nəyə görə bizim perespektivli oyunçularımızı yox kənardan gələn, aqibəti bəlli olmayan top daşıyanları meydançaya buraxırlar?
2)Niyə sizin kimi təcrübəli futbolçunu milliyə çağırmırlar?
3)Sizcə Azərbaycanda Foqtsa verilən pulun dəyərində ondanda yaxşı məşqçi tapmaq olmazdı? Bu pullar öz yerli oyunçularımıza sərf olunsaydı indi Azərbaycan 141-ci yerdə yox 41-ci yerdə ola bilərdi. Indi baxsaq MDB məkanında ən zəif və bacarıqsız oyunu Azərbaycan millisi oynayır. Fəxr eləyirdik ki, bədnam qonşularımızdan qabaqdayıq. Indi isə tərsinə.Onlar bizə baxıb gülürlər.Niyə görə Azərbaycan millisi hamıdan geri olmalıdı?    
                                                ***
Mahmud Qurbanov:
1. Yəqin bəzi məşqçilərə elə oyunçuları meydana buraxmaq sərf eləyir. Bizdə doğurdan da perspekrivli futbolçular kifayət qədər də olmasa da, var. Sadəcə olaraq, onları tapıb, üzə çıxarmaq lazımdır. Olanlara isə şans vermək lazımdır. 
2. Millidə mən həmişə oynamayacağm ki. Hər bir utbolçunun millidə öz zamanı olur. Milliyə futbolçuları baş məşqçi seçir və kimi dəvət edirsə, deməli onlarda millidə oynamalıdırlar. 
3. Əlbəttə istərdik ki, reytinq cədvəlində irəlidə olaq, 141-ci pillədə yox, heç olmasa ilk yüzlükdə, eləcə də bədnam qonşularımızdan irəlidə olaq. Amma hazırda reallıq belədir. Millinin baş məşqçi seçimi futbolçulardan asılı deyil. Biz bu məsələyə heç vaxt qarışa bilmərik. Ümid edək ki, gələcəkdə millimiz çox güclü olacaq.       
                                     ***
Səməd Səfərov: Mahmud, futbolçu karyeranızda ən yaddaqalan uğur və ən yaddaqalan oyun hansıdır?
                                      ***
Mahmud Qurbanov: Ən yadda qalan uğur çıxdur. İlk növbədə ağlıma gələn "Birlik Kuboku"nda erməniləri məğlub etməyimizdir. Həmin oyun bizim üçün "döyüş"ə bərabər idi. Buna görə də onlar üzərində qazandığımız qələbəni heç vaxt unutmaq mümkün deyil. Eləcə də Serbiya milli komandasına qarşı evdə və səfərdə keçirdiyimiz oyunları da uğurlu oyunlar sırasına aid etmək olar. 
                                       ***
Ilqar: Salam Qol.Az və Mahmud Qurbanov. Mahmuda bir sualım var. Siz karyeranızın qalan hissəsini Neftçidə keçirmək istəyərdiz? Buna Neftçi fanatları çox şad olardi. Təşəkkür edirəm!
                                       ***
Mahmud Qurbanov: "Neftçi" xalq komandasıdır. Hər bir futbolçu uşaqlıqdan arzu edir ki, məhz "Neftçi"nin formasını geysin. Şükür Allaha ki, bu mənə də qismət olub. Amma hazırda "Bakı"nın futbolçusuyam. İndi məni bu komandanın uğurları düşündürür. Amma etiraf edirəm ki, yenidən "Neftçi"nin formasını geyinsəm, şad olaram. 
                                          ***
Nəcəf Abdullabəyli: Salam. Mahmud Qurbanov mənim ən sevdiyim oyunçulardandı. Milliyə çağrılmasıyla bağlı deyəcəyim buduki, millidə yaxşı oynayan hamı iştirak etməlidi. Fərq etmir gənc və yaxud veteran. Mahmuda sualım - Mahmud hara gedirsə o komanda çempion olub. Bu il Bakı çempion ola biləcək, yoxsa İnter buna icazə verməyəcək? Xəzər-Lənkəran sürpriz edə bilərmi?
2. Gələcəyinə inandığınız gənc oyunçuların adlarını çəkə bilərsinizmi? 
                                               ***
Mahmud Qurbanov:
1. Razıyam ki, millidə ən yaxşılar oynamalıdır. Yaş burada əhəmiyyət daşımır. Kim klubunda yaxşı oynayırsa, o da millidə çıxış etməlidir. O ki qaldı, çempionluğa, o Allahın işidir. Mən də istərdim ki, bu mövsüm "Bakı"yla çempionluq sevinci yaşayım. İnanıram ki, buna nail olacağam. "Xəzər-Lənkəran"a gəldikdə, "Xəzər" yaxşı komandadır, onlar da iddialıdırlar. Məncə çempionluq "İnter"lə bizim aramızda gedəcək.  
2. Komanda yoldaşım Bəxtiyar Soltanovun adını çəkə bilərəm. Eyni zamanda "Neftçi"dən Araz Abdullayev,  "İnter"dən Elvin Məmmədov da perspektivli futbolçulardır. 
                                               ***
Ilqar Həmidov: Salam Qol.az və Mahmud. Mənim sualım yığma ilə bağlıdır. Mahmud, siz Berti Foqtslu yığmanın inkişafına inanirsınız?
                                               ***
Mahmud Qurbanov: Əlbəttə ki, inanmaq istərdim. Millinin inkişafı üçün bir qədər səbr etmək lazımdır.   
                                               ***
Samir Abbasov: Salam Qol.Az əməkdaşları və Mahmud bəy.
1. Sizi bir zamanlar "Professor" adlandıran ukraynalı mütəxəssis sonradan sizi niyə komandasından kənarlaşdırdı?
2. Azərbaycanın elm sahesində çalışan gəncləri əsasən Avropaya və inkişaf etmiş ölkələrə üz tutur. Bəs futbolçularımız nə zaman bu yolu seçəcəklər? Sizcə Avropa yolunu seçməkdə bizə nə mane olur?
3. İllik qazancınızı açıqlaya bilərsiniz? Avropada futbolçular bunu etməkdən çəkinmirlər. Amma nədənsə bizdə əksinədir.
4. Milli komandaya yalnız oynamaq xatirinə gəlirsiz ya meydanda biz azerkeşlər kimi həqiqətəm can yandırırsınız?
5. Qarşıdakı Almaniya ilə oyunda nə etmək olar ki, az top buraxaq?
6. Sizdən sonra Azərbaycanda perspektivli orta sahə oyunçusu varmı? Bu baxımdan kimin adını çəkə bilərsiniz?
Verəcəyiniz dürüst və səmimi cavablardan dolayı öncıdın dırin minnətdarlığımı bildirirəm. Hər birinizə uğurlar!!!
                                                    ***
Mahmud Qurbanov:
1.
O vaxt birinci dövrədən sonra millinin tərkibində Ərəb ölkələrinə təlim-məqş toplanışına yollandım  Oradan klubun təlim-məşq toplanışına gec qayıtdım. Bu da baş məşqçinin narazılığına səbəb oldu və bundan sonra aramızda soyuqluq yarandı.
2. Bizdə seleksiya işi əvvəl olmayıb, indidə təzə-təzə başlayır. Biz ona futbol menecerləri deyirik. Nə qədər yaxşı menecerlər olsa, bir o qədər də çox futbolçumuz Avropaya üz tutar. Məsələn bu yaxınlarda bizim komandadan Bəxtiyar Soltanov və Aqil Məmmədov Belçikanın "Anderlext" klubununu düşərgəsində oldular. Bu seleksiya işi "Bakı" klubunda yüksək səviyyədə aparılır.
3. Bunu hamı sirr kimi saxlayır, qoy elə də qalsın. 
4. Mən həmişə - fərqi yoxdur, milli və ya klub - meydanda bütün gücümü qoymuşam. Həmişə də can yandırmışam. 
5. Bunu Berti Foqts daha yaxşı bilər. 
6. Çətin sualdı... Başım öz oyunlarımıza qarışdığından digər klublarda oynayan pleymeykərlərə  bir o qədər də fikir verə bilmirəm.
                                         ***
Mənsum Ağayev: Məşqçi fəaliyyətinə nə vaxt başlayacaqsınız?
                                         ***
Mahmud Qurbanov: İnşallah, futbolçu karyeramı bitirəndən sonra məşqçi fəaliyyətinə başlamaq istəyirəm. 
                                           ***
Rafa: Salam Qol.Az. Sizin qonağınızı da salamlayıram. Mən Mahmud Qurbanovun fanatıyam. Yəqin mənimlə razılaşarsız ki, Mahmud Azərbaycanın ən güclü mərkəz yarımmüdafiəçisi və ümumiyyətlə milli çempionatlar tarixinin ən güclü futbolçusudur. Mənim üçün maraqlıdır,  9 qat Azərbaycan çempionu karyerasında nəyə heyfislənir?
                                              ***
Mahmud Qurbanov: Ona heyfslənirəm ki, Avropa klublarında çıxış etmədim. Arzularımdan biri idi ki, güclü çempionatlarda oynayım. Amma alınmadı. 
                                               ***
Ruslan Quliyev: Salam. Hobbiləriniz nələrdir? Boş vaxtlarınızda nə işlə məşğul olursunuz?
                                             ***
Mahmud Qurbanov: Elə bir hobbim yoxdur. Boş vaxtımı ya ailəmlə birlikdə keçirirəm, ya da dostlarımla. Bir də televizorda futbol izləyirəm.  
                                             ***
Mirzə Həsənov: Salam Qol.Az. Əvvəla bu fürsəti biz oxuculara yaratdığınız üçün sizə öz minnətdarlığımı bildirirəm. Mahmuda isə sualım bundan ibarətdir. Fubolçu karyerasını nə zaman bitirmək niyyətindədir?
                                              ***
Mahmud Qurbanov: Futbolçu 30-u haqlayandan sonra, bu sualı tez-tez cavablandırmalı olur. Eləcə də mən. Mən hələ futboldan doymamışam və Allah nə qədər imkan versə, bir o qədərə də oynamaq fikrindəyəm.  
                                             ***
Fərid Məmmədzadə: Hər kəsə salamlar! Mənim M.Qurbanova iki sualım var:
1.Siz bir futbolçu kimi güclü texnikaya, dəqiq ötürmə vermək və meydanı yaxşı görmek qabiliyətinə maliksiniz. Sualımsa belədir ki, fiziki cəhətdən zəif olduğunuzu və bunu meydanda hiss etdiyinizi boynunuza alırsınızmı? 
2. Sizce, Azərbaycanda güclü yeni nəsil yetişməyincə futbolda uğur gözləməyə dəyərmi? Məncə yeni, güclü nəsil yetişməyincə, indiki nəsildən heç bir uğur gözləməyə dəymez. Öncədən təşəkkürlər!!!
                                            ***
Mahmud Qurbanov:
1. Meydanda 11 futbolçunun hamısı fiziki cəhətdən eyni səviyyədə olmur. Mən özüm də bilirəm ki, çatışmayan cəhətim hansıdır. 
2. Oxucuynan razıyam. Düzdür, yeni, güclü nəsil yetişməsə, futbolumuzdan ciddi uğur gözləməyə dəyməz.
                                              ***
Kamil Zəngilanlı: Salam Qol.Az qəzeti. Sizi daha bir uğurunuz münasibetilə təbrik edirem. Mahmudu da salamlayıram, soruşmaq istərdim ki,
1. Bizim futbolumuzda bu gün Foqtsun olması vacibdirmi?
2. Bizim futbolçularımızın səviyyəsinin artmasına onların çox pul alması mane olmur ki?
3. Niyə Helsinkidəki oyun bu gün yoxdur?
4. Sənin kimi təcrübəlilər kənarda niyə qalır?
                                              ***
Mahmud Qurbanov:
1. Bu sualı cavablandırmaq mənim səlahiyyətim çərçivəsində deyil.
2. Futbolçuların səviyyəsinini artmasında pul heç bir rol oynamır. Düşünürəm ki, futbolçularımız legioner həyatı yaşasalar, onda millimiz də güclü olar, futbolçuların da səviyyəsi artar. Həm də indikindən daha çox pul qazanarlar.
3. .....
4.
Yenə də deyirəm ki, futbolçuları milliyə baş məşqçi çağırır.
                                             ***
Samir: Hamınıza salamlar. 
1. Bir neçə klubla çempion olmusan. Bunlardan hansı sənin üçün daha yaddaqalan olub?
2. Karyeran boyu bir çox məşqçilərlə işləmisən. Onlardan hansını fərqləndirə bilərsən?
3. Mahmud Qurbanov bu il 10-cu dəfə çempion ola biləcəkmi?
4. Ümumiyyətlə, necə düşünürsən, karyeranı başa vurandan sonra, kimsə sənin çempionluq rekordunu qıra bilər?
                                           ***
Mahmud Qurbanov:
1. Mənim üçün hamısı yaddaqalandır, əzizdir. Heç birini fərqləndirməzdim. Çünki hansınısa fərqləndirsəm, digər çempion olduğum klublarda oynayan futboçulara, məşqçi heyətinə, klub rəhbərliyinə, azarkeşlərə hörmətsizlik olar. Ona görə də hamısı əzizdir mənimçün.
2. Məşqçilər ancaq futbola baxışlarına görə fərqləndirərdim. Yaxşı məşqçilərlə də işləmişəm, futbolu bilməyənlərlə də.
3. Allah qoysa. Çalışırıq.
4. Ola da bilər, olmaya da. Çünki futbol dayanmır, yeni-yeni futbolçular yetişir. İndidən bu haqda nəsə demək çətindir.
                                          ***
Ramiz: Qol.Az kollektivini və Mahmud Qurbanovu salamlayıram. Suallarım isə bunlardır:
1.Mahmud o vaxt, “Tavriya”nın baş məşqçisi sənə “professor” ləqəbini qoymuşdu. Bəs sən necə, baş məşqçi olsaydın, futbolçularımızdan kimi "professor" adlandırardın?
2. Səmimi cavab ver, xahiş edirəm, Ceyhun Sultanov o vaxt “Xəzər-Lənkəran”a transfer olmasaydı, “Xəzər”i tərk edərdin?
3. Həm “Neftçi”də, həm də “Xəzər-Lənkəran”də oynamısan. Bugünkü oyun haqda nə düşünürsən?
                                             ***
Mahmud Qurbanov:
1.
Açığı, "Tavriya"nın baş məşqçisi bunu çox şişirtmişdi. "Professor" ləqəbi dünya səviyyəli ulduzlara verilir. 
2. Səmimi deyirəm, məni klubdan rəhbərlik özü transferə çıxardı. Mən heç bir futbolçuya görə, "Xəzər-Lənkəran"dan getməzdim.
3. Bugünkü oyun prinsipial qarşılaşmadır. Düzdür, "Neftçi"nin bu mövsüm hjeç bir iddiası qalmayıb. Amma "Xəzər-Lənkəran"ın hələ medallar şansı var. Buna baxmayaraq, oyun yəqin ki, baxımlı keçəcək. Hər iki komandanın kifayət qədər azarkeşi var. Bu oyunu izləməyə dəyər və əminəm ki, qarşılaşma maraqlı alınacaq.  
                                                    ***
Yaşar Həmidov: Salamlar.
1. Mahmud mən bildiyim qədər, millidə yeganə qolunu Finlandiyayla oyunda vurmusan. Həmin qolu necə xatırlayırsan?
2. Necə düşünürsən, Haciyevski millidə qalmalıydı?
3. Çoxları Ağasəlim Mircavadov haqda deyir ki, “Ağasəlim harda, çempionluq orda”. Amma belə götürəndə sən Mircavadovdan daha çox çempion olmusan. Buna görə də soruşmaq istərdim, “.... harda, çempinluq orda” sözlərinə kim daha çox layiqdir, Ağasəlim Mircavadov yoxsa Mahmud Qurbanov? Amma çox xahiş edirəm, səmimi cavab ver. Təşəkkürlər. 
                                                 ***
Mahmud Qurbanov:
1.
Həmin vaxt top məndə olanda, fikirləşdim ki, topu ancaq qapıya yönəltməliyəm. Yaxşı ki, zərbəm də istədiyim kimi alındı. Həqiqətən də həmin qol millidə vurduğum ilk qoldur.
2. Qalmalıydı.
3. O titulları baş məşqçi kimi qazanıb, mən isə futbolçu kimi. Kimin həmin şuara daha layiq olduğunu isə azarkeşlər deyə bilər.  
                                                   ***
Nazim Gəncəli:
1. Bu il tovuzluların çoxu geri qayıdaraq, komandalarının dağılmaması üçün pulsuz da oynamağa razı oldular və oynayırlar da. Nə üçün həmin vaxt siz gəncəlilər həmin addımı atmadınız?
2. Əgər Gəncə premyer-liqaya qayıtsa, doğma klubunuza qayıdarsınız?
3. Mahmudu yenidən millidə görə biləcəyikmi?
                                                 ***
Mahmud Qurbanov:
1.
Çünki Tovuzun premyer-liqada komandası oynayır, Gəncədə isə 3 ildir futbol ümumiyyətlə, yoxdur. Bir gəncəli kimi mən də "Kəpəz" komandasında xeyli vaxt pulsuz oynamışam.
2. Təki Gəncədə futbol olsun. "Kəpəz" premyer-liqaya qayıtsa, orada oynamağa hazıram. 
3. Milliyə yenidən qayıdacağıma inanmağım gəlmir.
                                                      ***
Səməd Səfərov: Mahmud Qurbanovun ən sevdiyi xörək hansıdır. Özü yemək bişirə bilərmi?
                                                      ***
Mahmud Qurbanov: Ən çox sevdiyim xörək plovdur. Yox, özüm yemək bişirə bilmirəm.
                                                    ***
Mahmud Qurbanovdan son söz: Qol.Az saytına - sizlərə öz təşəkkürü bildirirəm ki, mənə oxucularla əlaqə yaratmaq imkanı verdiniz. Mən də bir futbolçu kimi arzu edirəm ki, futbolumuz tezliklə inkişaf etsin. Eləcə də milli çempionatımızın səviyyəsi artsın. Həmçinin azarkeşlərimiz bizim çempionatımızı da izləsinlər. Tez-tez stadiona gəlsinlər.  

 

Daha çox


Son xəbərlər
20.11.19  21:30

Ronaldo evləndi