İlqar Qurbanov qurban kəsdirdi

XƏBƏR 28 Noyabr 2008 / 19:44 3772
-  A +

“Zədəmi sağaltmışam və qarşıdakı turda oynaya biləcəyəm. Bu gün qurban kəsdirdim. Sağalmağıma görə qurban demişdim və əhdimi yerinə yetirdim”. Bunu Türkiyənin “Boluspor” klubunun yarımmüdafiəçisi İlqar Qurbanov deyib.

İki həftə öncə əzələsini dartan 22 yaşlı yarımmüdafiəçi artıq zədə probleminin arxada qaldığını söyləyib: “İlk dövrənin sonuna 4 tur qalıb və qalan oyunlara ciddi hazırlaşacağam. Hazırda bütün diqqətimi klubuma yönəltmişəm. “Boluspor”da vurduğum qolları sıralamaq istəyirəm”.

Milli komandamızın kapitanı Rəşad Sadıqovun “Boluspor”a keçidinin qüvvədə qaldığını deyən İlqar həmyerlisi ilə mütəmadi əlaqə saxlayır: “Komanda hələ də Rəşadın yolunu gözləyir. Futbolçumuza maraq böyükdür. Sadəcə, Sadıqovun “Neftçi” ilə məsələsini həll edib, transfer vərəqəsini alması lazımdır. “Boluspor” da bunun reallaşmasını gözləyir. Klub müdafiəçimizi yarım illik icarəyə götürmək variantını da istisna etmir. Rəşadın keçidi alınmazsa, onda əvəzinə başqa müdafiəçi gətirəcəklər. “Boluspor” bu mövqenin güclənməsi ilə bağlı axtarışdadır”.

Qeyd edək ki, cari mövsümdən “Boluspor”da çıxış edən İlqar ardıcıl iki görüşdə iki qol vurub.

Mənbə: apasport.az


Son xəbərlər