“Bu, Azərbaycan futbolu adına utancverici bir hadisədir”

“Bu, Azərbaycan futbolu adına utancverici bir hadisədir”
MÜSAHİBƏ 6 Aprel 2009 / 15:19 3882
-  A +

Almaniya, Belçika və Türkiyədə işgüzar səfərdən qayıdan “Bakı”nın türkiyəli vitse-prezidenti Tunc Afşar Qol.Az-a müsahibə verib.

- Səfərinizdən öncə “Qalatasaray”la yoldaşlıq görüşü keçirəcəyinizlə bağlı danışıqlar aparacağınızı demişdiniz. Bu məsələ ilə bağlı hansısa yenilik var?
- Bilirsiniz, hazırda “Qalatasaray”ın durumu heç də yaxşı deyil. UEFA kubokunda mübarizəni dayandırdılar, Türkiyə superliqasında da işləri qaydasında getmir. Eyni sözləri Belçikanın “Anderlext” klubu haqqında da demək olar. Ona görə də qoy, hər ikisi sakitləşib özlərinə gəlsin, sonra danışıqlarımızı davam etdirəcəyik.
- “Qalatasaray”ın əvəzinə başqa bir türk klubu ilə danışıq aparmaq olmazmı?
- Niyə olmur? Ümumiyyətlə, istənilən türk klubu ilə danışıb, yoldaşlıq görüşü keçirmək elə də problem deyil. Sadəcə, biz Azərbaycanda “Qalatasaray”ın böyük azarkeş ordusu olduğunu bildiyimizdən məhz onları Bakıya dəvət etmək istəyirik.
- “Bakı”nın dünən “Olimpik”lə oyununa yəqin ki, baxdınız. Fikirlərinizi bizimlə bölüşərdiniz.
- Bu qarşılaşma ilk növbədə “fair-play” qaydalarının kobud surətdə pozulması ilə yadda qaldı. Bu da Azərbaycan futbolu adına utancverici bir hadisə oldu. Oyuna gəlincə, məğlubiyyətimizi buna bağlamaq fikrində deyiləm. Biz gərək ilk qoldan sonra ikinci qolu da vurub, qələbəni təmin edəydik. Təəssüf ki, bunu bacarmadıq. Nəticədə matçı rəqib qazandı.
- “Fair-play” qaydalarının pozulduğu epizoda toxunaq. Təbii ki, bu, rəqib tərəfdən heç də xoş olan bir şey deyil. Amma futbolda belə epizodda “mütləq topu rəqibə verməlisən” deyə bir qanun da yoxdur. Yəni istəyən verir, istəməyən oyunu davam etdirir. Bu mənada, “Bakı”nın futbolçularının arxayınlaşaraq, rəqib komandaya bu qədər inanmalarının özündə də yanlışlıq yoxdur ki?
- Təbii ki, biz öz futbolçularımızı da qınamalıyıq ki, onlar istənilən halda ehtiyatlı olmalı idilər. Çünki sizin də qeyd etdiyiniz kimi, dəfələrlə bu epizodlar zamanı məğlub olan komandanın topu rəqibə verməyərək hücum təşkil etməsinin şahidi olmuşuq. Amma məsələnin digər tərəfi də var. Biz hamımız əlimizdən gələni edirik, uşaq futboluna diqqəti artırırıq ki, Azərbaycan futbolunun gələcəyini yetişdirək. Onların təkcə futbolçu kimi yox, ümumilikdə, bir insan kimi xarakterlərinin düzgün formalaşdırılmasına çalışırıq. Bunun üçün isə həmin kiçik yaşlı uşaqlar ilk növbədə böyük futbolçuların oyunlarını izləyib, onlardan örnək götürürlər. Mən sadəcə Mahir Şükürova belə bir sual vermək istərdim. Görəsən, o, heç fikirləşirmi ki, dünənki hərəkəti ilə gənc futbolçulara yaxşı örnək olubmu? Gerisini Mahir özü fikirləşsin. Unutmasın ki, o, eyni zamanda Azərbaycan milli komandasının şərəfini qoruyur və milli üzvü olan futbolçu təkcə oyunu ilə deyil, centlmenliyi və Fair Play əməlləri ilə gənclərə örnək olmalıdır.
- Sizin dünənki məğlubiyyətinizdən sonra “İnter” zirvəni ələ keçirdi. Onların çempionatın qalan bölümündə bu üstünlüklərini əldən verəcəyinə inanırsınız?
- Kim deyə bilərdi ki, dünən “Bakı” “Olimpik”ə məğlub olacaq? Hələ çempionatın sonuna bir neçə tur var və hər şey mümkündür. Bizim kimi “İnter” də xal itirə bilər. Bir sözlə, çempionun adı mayın 17-də bilinəcək.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord