Azərbaycanlı futbolçu xristian oldu

Azərbaycanlı futbolçu xristian oldu
GÜNDƏM 13 Yanvar 2012 / 00:22 4237
-  A +

Rusiya milli komandasının və Moskva “Dinamo”sunun əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədov dini mənsubiyyətinə aydınlıq gətirib. Qol.Az-ın məlumatına görə, bu barədə 27 yaşlı yarımmüdafiəçinin özü “Sovetskiy Sport – Futbol” nəşrinə açıqlama verib.

O, bir neçə il öncə xristian dinini qəbul etdiyini bildirib. Səmədov milliyətcə rus həyat yoldaşı Yulyanın məsləhəti ilə bu qərarı qəbul etdiyini söyləyib: “Bir neçə il əvvəl müəyyən problemlərim vardı. Futbolda işlərim düz gətirmirdi. Bir qədər bikef idim, depressiyaya düşmüşdüm. Yulya bunu gördü və mənə kilsəyə getməyi məsləhət gördü. Gəzdirdiyim qolbaq kilsədən hədiyyədir. İki ildir gəzdirirəm. Orada İncildən “Mənə kim xidmət edirsə, onu mənim Atam şərəfləndirəcək” sitatı var”.

Səmədov Rusiyanın paytaxtı Moskvada doğulub boya-başa çatıb. Onun anası rus olsa da, atası Sergey azərbaycanlıdır. Futbolçu bildirib ki, atası 40 ildən çoxdur Moskvada yaşayır. Sürücüdür, “KamAZ” tipli iri yük avtomobillərini idarə edib. Səmədov əmi-dayılarının Rusiyanın Tver vilayətində yaşadıqlarını və Bakıda demək olar ki, heç kimlərinin qalmadığını açıqlayıb.

Təcrübəli futbolçu Azərbaycan yox, Rusiya yığmasını seçməsinin səbəbini də açıqlayıb: “2003-cü ildə “Spartak”da ikən baş məşqçi Oleq Romantsev məni az-az meydançaya buraxmağa başladı və görünür, skautların diqqətini cəlb etdim. Həmin vaxt həyatımda bir dəfə Bakıya uçdum. Qayıdandan sonra atamla məsləhətləşdim və bir daha bu məsələni qaldırmadıq. Çünki o halda Rusiya vətəndaşlığından imtina edə, legioner sayıla bilərdim. Bu isə mənə kömək yox, karyeramdakı irəliləyişlərə əlavə problemlər yarada bilərdi. Mən özümün düşməni deyiləm ki...”

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı