"Qəbələ"də yeni türkiyəli məşqçi

"Qəbələ"də yeni türkiyəli məşqçi
ÖLKƏ FUTBOLU 12 Yanvar 2012 / 02:30 2197
-  A +

“Qəbələ” klubunun məşqçilər heyətinə yeni mütəxəssis cəlb olunub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, gənc olmasına baxmayaraq, uğurlu karyeraya sahib İbrahim Bakırdır.

“Qəbələ”də yardımçı məşqçi kimi fəaliyyət göstərəcək Bakır məşqçilik karyerasının önəmli hissəsində Ertoğrul Sağlamın məşqçilər korpusunda yer alıb. “Samsunspor”da uğurlu mövsümdən sonra “Kayserispor”a keçən İbrahim Bakırın da yer aldığı məşqçilər korpusu bu komanda ilə avrokuboklara vəsiqə qazanıb.

Uğurlu “Kayserispor” karyerasından sonra məşqçilər korpusu “Beşiktaş”la müqavilə imzalayıb və mövsümü 3-cü yerdə bitirib. “Beşiktaş”dan sonra “Bursaspor”da fəaliyyətə başlayan heyət bu komanda ilə Türkiyə tarixində ilk dəfə olaraq, ölkənin 4 böyük komandasından başqa bir komanda ilə çempionluq qazanıb.

Artıq iki gündür komandanın hazırlıq prosesində yer alan Bakır yeni klubu barədə ilkin təəssüratlarını bölüşüb: “Qəbələyə gəlməmişdən öncə də Azərbaycan və bu ölkənin futbolu haqda məlumatım var idi. Burada olan dostlarım ölkə haqqında mənə dolğun informasiya vermişdilər. “Qəbələ” haqda məlumatım isə Fatih Kavlak  burada işləməyə başlayandan sonra oldu. O, mənə klub, gələcək planlar, qarşıya qoyulan hədəflər, infrastruktur, uşaq futboluna ayrılan diqqət barədə məlumat verdi. Bütün bunlar çox xoşuma gəldi və məndə maraq oyatdı”.

Bakır “Qəbələ”nin bir neçə oyununu izlədiyini, heyətdə yüksək səviyyəli futbolçuların olduğunu bildirib: “Azərbaycan çempionatı günü-gündən inkişaf edir. Əhali və komanda sayının az olmasına baxmayaraq, futbolun səviyyəsi müsbətə doğru dəyişir. Buradakı futbolçuları gördükdən sonra inkişaf prosesinin getdiyinə bir daha əmin oldum. Daha öncə “Qəbələ”nin bir neçə oyununu izləmişəm. Komanda xoşuma gəldi. Heyətdə yüksək səviyyəli futbolçular var".

Söhbət əsnasında məşqçi “Qəbələ”nin inkişaf etməkdə olan infrastruktruna da toxunub: “Baza və meydançalar çox xoşuma gəldi. Görülən və görüləcək işlər hər şeyin daha yaxşı olacağından xəbər verir. İnanıram ki, futbol təcrübəmlə komandanın gücünə güc qatıb onun hədəflərinə çatmasında yaxından rol oynayacam".

Daha çox


Son xəbərlər