Güləş qaydalarına dəyişikliklər edildi

XƏBƏR 12 Dekabr 2011 / 12:06 2156
-  A +

Londonda keçirilən güləş üzrə Olimpiya Oyunlarına test xarakterli yarışlar zamanı güləş qaydalarında bəzi dəyişikliklərin edildiyi açıqlanıb. Belə ki, bundan sonra sərbəst güləş yarışlarında idmançıların heç biri xal qazanmadığı təqdirdə püşk atılan zaman qutudan çıxan göy və ya qırmızı rəngli şar yenidən qutuya deyil, kənara qoyulacaq.

Xatırladaq ki, püşk zamanı qutuda 4 şar (2 qırmızı və 2 göy) olur. İlk püşkatmadan sonra qutuda 3 şar qalır ki, onlardan da ikisinin rəngi eyni olur. Bu da növbəti püşkatma zamanı digər idmançının da şansını artırır.

Qol.Az-ın məlumatına görə, Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov bildirib ki, FİLA texniki komitəsinin belə bir qərar qəbul etməsinin əsas səbəbi ondan ibarətdir ki, ilk cəhddə püşk üzünə gülən idmançı növbəti hissədə bəxtinin gətirməsinə inamın az olmasını düşünərək aktiv mübarizədən qaçmasın və daha fəal güləşsin. Bu isə təbii ki, güləşin baxımlılığını daha da artıracaq.

Digər dəyişikliklər isə, yunan-Roma güləşi ilə bağlıdır. Bundan sonra görüş başlamazdan öncə idmançıların əllərindən biri digərinin qolunun altında, o biri əli isə rəqibin qolunun üstündə olmalıdır. Həmçinin, 1 dəqiqə 30 saniyə ərzində idmançılardan hər hansı biri ayaqüstə vəziyyətdən xal qazanarsa, o zaman qalan 30 saniyə ərzində parter vəziyyəti olmayacaq. Parterə yalnız 1 dəqiqə 30 saniyə ərzində ayaqüstə xal qazanılmayacağı təqdirdə müraciət olunacaq. Əjdər Cəfərovun sözlərinə görə, test yarışlarında sınaqdan keçirilən bu yeniliklərin gələn ilin yanvarında tam təsdiqlənəcəyi gözlənilir.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"