Mikael Laudrup Azərbaycan çempionu ilə görüşə razılıq verdi

XƏBƏR 27 Noyabr 2008 / 18:38 3546
-  A +

Bakı “İnter”i debüt edəcəyi “MDB və Baltikyanı ölkələrinin Birlik kuboku” turnirinə hazırlıq məqsədilə güclü komandalarla qüvvəsini sınayacaq. Bu haqda klubun ukraynalı baş məşqçisi Valentin Xodukin məlumat verib. Onun sözlərinə görə, Türkiyədəki ilkin hazırlıq prosesində potensial rəqibləri məlum olub. 69 yaşlı ukraynalı mütəxəssis bildirib ki, təlim-məşq toplanışının təşkilatçıları bağlanılan müqavilə şərtlərini yerinə yetirirlər: “Potensial rəqiblərimiz arasında Avropanın kifayət qədər güclü, tanınan klubları var. Bunlar Almaniyanın “Borussiya” (Dortmund), “Karlsrue”, “Köln”, Hollandiyanın “Feyenoord”, “Sparta”, “Roda”, “Vilyem II”, Belçikanın “Brügge”, “Genk”, “Şarlerua” və “Lokeren” komandalarıdır. Gələn ilin yanvarın 3-də Türkiyədə bir araya gələcəyik. “Birlik kuboku”na hazırlıq məqsədilə orada iki həftəlik hazırlıq prosesi keçib, Moskvaya da birbaşa oradan gələcəyik. Turnirin sintetik örtüklü meydançada keçirilməsini nəzərə alaraq, Türkiyədə qalacağımız yerdə belə qazon sifariş etmişik. Yanvarın 17-də başlayacaq turnirdə rəqiblərimiz bilinəndən sonra yoxlama oyunlarında kiminlə keçirməklə bağlı seçim edəcəyik. Türkiyədə ikinci toplanışın tarixi “Birlik kuboku”nda çıxışımızı nə vaxt başa vurmaqdan asılıdır. Moskvadan birbaşa Türkiyəyə yollanıb, fevralın 12-də Bakıya qayıdacağıq”.

Yoxlama oyunlarının tarixini müəyyənləşdirən Xodukin potensial rəqiblərdən ikisinin artıq razılığını verdiyini söyləyib. Son Azərbaycan çempionunun təcrübəli çalışdırıcısı yenidən Moskvanın “Spartak” klubu ilə qüvvəsini sınaya biləcək: “Az öncə edilən zənglə “Spartak” və Sofiyanın MOİK klubu ilə qarşılaşma haqda məlumat aldıq. Təbii ki, ciddi insanlarla iş görürük və təşkilatçılar da “İnter”lə görüşmək variantı ilə bağlı razılıq alırlar. Bildiyimə görə, bu iki komanda bizimlə bir yerdə qalacaq. Yoxlama oyunlarını yanvarın 5, 8, 9 və 13-də keçirməyi nəzərdə tutmuşuq. 5-də iki matç planlaşdırmışıq. Yeni mövsümə hazırlaşan “Spartak” bizə qarşı əsas futbolçularını çıxaracaq. Məgər tanınan danimarkalı mütəxəssis Mikael Laudrupun komandasında əvəzedici, zəif futbolçu var? “Spartak”da güclü, səviyyəli futbolçu yer alıb. Elə mən də sərəncamımdakıların hamısını əsas heyət oyunçuları sayıram”.

Qeyd edək ki, indiyədək “Spartak”la iki yoxlama oyunu keçirən “İnter” titullu rəqibi ilə qış fasiləsində Türkiyədə qarşılaşıb. Rusiya çempionuna 1:3 hesabı ilə uduzan komandamız daha sonra heç-heçə edib (1:1).

Mənbə: apasport.az


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı