Şahin Diniyev: “Azərbaycanın Rusiyadan güclü olduğunu yalnız sadəlövhlər deyə bilər”

Şahin Diniyev: “Azərbaycanın Rusiyadan güclü olduğunu yalnız sadəlövhlər deyə bilər”
ÖLKƏ FUTBOLU 25 Mart 2009 / 19:45 2733
-  A +

“Terek”in əvəzedici komandasının hazırkı baş məşqiçi, Azərbaycan milli komandasının kecçiş çalişdırıcısı Şahin Diniyev Qol.Az saytına müsahibə verib

- Şahin müəllim “Terek”də işləriniz necə gedir?
- Hər şey yaxşıdır. Artıq 2 tur arxada qalıb və komandam hər iki oyunu qələbə ilə başa vurub. Son oyunu səfərdə keçirməyimizə baxmayaraq, 3 xal qazana bildik. Halbuki komanda neçə mövsümdür ki, səfərdən xal gətirə bilmirdi. Heyət elə həmin heyətdir. Sadəcə, görülən səmərəli iş bu gün öz nəticəsini verməkdədir. Komanda yaxşı qış hazırlığı keçdi. Öncə Kislavodsk, ardınca Antalya toplanışımız oldu. Biz də əlimizdən gələni edəcəyik ki, bunun qarşılığını verək. Rəhbərlik qarşımıza ilk “10-luğ”a düşmək vəzifəsi qoyub. Əsas məqsəd birinci komandaya layiqli ehtiyat qüvvə hazırlamaqdır. Məsələn, mənim gəlişimdən sonra 4 futbolçu artıq əsas komandaya cəlb olunub. Hətta ilk turda əvəzedici komandanın heyətində dubl edən Zaur Sadiyevi ikinci turda Vyaçeslav Malofeyev əsas komandada start heyətdə meydançaya buraxdı.
-  Konkret olaraq sizə yaradılan şərait necədir?
-  Çox yüksək səviyyədə. Hər halda açıq danışmaq lazımdır. Rəhbərlik istədiyim şəraiti komanda üçün yaradıb. Əsas komandadan əlavə bizim özümüzün ayrıca bazamız, stadionumuz, avtobusumuz var. Təlim-məşq toplanışı üçün hər cür şərait yaradılır. Komanda ölkə xaricində təlim-məşq toplanışı keçir.
Belə başa düşdüm ki, “Terek”in əvəzedicilərinə yaradılan şərait heç bizim əksər elita klublarında yoxdur?
- İndi bu suala cavab versəm, klublarımız məndən inciyərlər. Hər halda siz şəraiti soruşdunuz, mən də cavab verdim. Nəticəni qoy oxucu çıxarsın.
-  Azarkeşlərin oyunlarınıza marağı hansı səviyyədədir?
-  Səmimi desəm, ilk oyunumuza 7 min azarkeşin gəlməsi mənim üçün şok oldu. Nəzərə alaq ki, “Terek”in əvəzediciləri ötən mövsümü uğursuz keçiriblər. Bu mənada, deyə bilərəm ki, uğurlu çıxışlarımız fonunda stadiona bundan da artıq azarkeşin gələcəyini güman edirəm. Əvəzedici komandaya həm də maraq ona görə böyükdür ki, indi burada çeçenlər daha çox oynayır. Bizim də məqsədimiz odur ki, əsas komandada çeçenlər daha çox oynasın. Çeçenistan prezidenti Ramzan Kadırov özü də mənimlə söhbətində bu istəyini gizlətmədi.
- Qroznıda sizə qarşı olan münasibət necədir?
- Hələ ora gedərkən yerli qəzetlərdən biri məndən müsahibə almışdı və onda demişdim ki, “Terek”in 3 mərhələsini görmüşəm. İlk mərhələni 1991-92-ci ildə oyunçu kimi gördüm. Hansı ki həmin vaxt komanda dağıldı. İkinci mərhələdə 2001-ci ildə baş məşqçi kimi “Terek”də işləmişəm. Və nəhayət, bu da üçüncü mərhələ. Yəni deməyim odur ki, “Terek” mənim üçün doğma komandadır. Mənə münasibət də yaxşıdır. Çeçenistan prezidentindən tutmuş, nazirə, adi azarkeşinə kimi. Səndən tələb olunan bu münasibətin qarşılığını verməkdir. Əgər verə bilməsən 6-8 ay, lap uzağı 1 ildən sonra bu sevgi azalacaq.
-  Baş məşqçi Vyaçeslav Malofeyevin də sizə böyük dəstək verdiyini eşidirik.
- Elədir. Malofeyev hətta təlim-məşq toplanışı zamanı da gəlib komandamızınm oyunlarına baxırdı. Bilirsiniz, biz orada bir ailə kimi çalışırıq.
-  Hazırda vətəndəsiniz. Nə vaxt qayıdırsınız?
-  Rusiya-Azərbaycan oyunu ilə əlaqədar orada da çempionatda fasilə yaranıb. Növbəti oyunumuz aprelin 4-də olacaq. Mən də bu fasilədən istifadə edib ailəmə baş çəkməyə gəldim. Sabah artıq Rusiyaya qayıdıram.
-  Rusiyada bu oyun haqqında nə düşünürlər?
-  Rusiyada futbola maraq çox böyükdür. Xüsusilə son Avropa çempionatında qazanılan bürünc medaldan sonra bu maraq birə beş artıb. Hər oyunda elə bil bayram olur. Azərbaycanla oyuna gəlincə, ruslar bu qarşılaşmaya çox ciddi yanaşırlar. Ola bilsin bəlkə də sıravi azarkeş Rusiyanın asan qələbəsini proqnozlaşdırır. Amma futbol mütəxəssisləri oyunun çox çətin keçəcəyini düşünürlər və əvvəlcədən Rusiyanı qalib kimi görmürlər.
- Konkret çeçenlər bu oyunda kimə azarkeşlik edəcəklər?
- İnsanlar Qroznı küçələrində hər dəfə mənə yaxınlaşıb Azərbaycan millisi və futbolu haqqında soruşurlar. Təbii ki, mən də yaxşı futbolçularımızın, komandalarımızın olduğunu deyirəm. Azarkeşliyə gəlincə, müsəlmanlıq nöqteyi nəzərindən əksər çeçenlər Azərbaycana azarkeşlik edəcəklərini deyiblər. Hətta eşitdiyimə görə, Moskvadakı çeçen diasporu millimizə dəstək olmaq üçün Azərbaycan səfirliyindən bilet alib. Bununla belə, vətənpərvərlik baxımından vətəndaşı olduqları ölkəyə azarkeşlik edən çeçenlər də olacaq.
-  Siz nə gözləyirsiniz bu oyundan? Millimiz ruslardan xal ala bilər?
-  Bu suala iki aspektdən cavab verə bilərəm. Bir vətəndaş kimi təbii ki, millimizin rəqibindən xal alacağına inanıram və bunu diləyirəm. Ruslar özləri də burada belə deyirlər ki, futbolda oyun başlanana kimi favorit olmur. Çünki həmin vaxta kimi hesab 0:0 olur. Amma bir peşəkar kimi danışsaq o zaman gərək real olaq. Hazırda peşəkarlıq baxımından ruslarla bizim aramızda böyük fərq var. Onlar bizdən qat-qat üstündürlər. Bu oyunda biz yalnız iki şeyə ümid edə bilərik: bəxtə və təsadüfə. Yenə deyirəm nə qədər vətənpərvər olub öz millimizə inansaq da, gərək həqiqəti də etiraf edək ki, rəqib bizdən xeyli üstündür. Azərbaycanın Rusiyadan güclü olduğunu yalnız sadəlövhlər deyə bilər.
- Sizin istefanızdan sonra Berti Foqts millinin başına gəldi. Artıq aradan 1 il keçib. Sizcə millidə nə dəyişib?
- Mənim bu suala cavabım istənilən halda versəm ikibaşlı çıxacaq. Desəm inkişaf var, deyəcəklər kiməsə özünü xoş göstərir. Desəm inkişaf yoxdur, onda da deyəcəklər ki, paxıllıq edir. Ən düzgün qiyməti faktlar verir. Mənim dövrümdə 8 oyuna 5 xal yığdıq, amma elə danışırdılar ki, sanki xal yığmamışıq. İndi 3 oyun gedib, hələ xal yoxdur. Təki olsun. Mən də bunu istəyirəm və Rusiya ilə oyunda özüm stadiondan komandamızı dəstəkləyəcəm. Amma inkişafın göstərici fakt, nəticə sayılır ki, o da yoxdur. Yenə baxımlı futbol olub nəticə olmasa deyərəm hə. Amma dərd orasındadır ki, nə o var, nə də, bu. İş görülür. Federasiyanın milli komanda üçün yaratdığı şəraiti qeyd etməmək olmur. Mən işləyən dövrdə belə şərait yox idi. Daha demirəm ki, harada, necə məşq edirdik, harada nə yeyirdik. Bundan başqa azarkeşlərin və jurnalistlərin mənə olan münasibətini də gözəl bilirsiniz. Amma indi milli komanda ən lüks otellərdə qalır, istənilən anda istənilən yerdə təlim-məşq toplanışı keçir. Qalır bunun qarşılığını vermək.
-  Azərbaycan Premyer Liqasının oyunlarını izləyirsiniz?
-  Televiziya vasitəsi ilə bu, mümkün olmur. Amma internet vasitəsi ilə izləməyə çalışıram. Onu bilirəm ki, oyunlara maraq azalıb, stadionlara azarkeş gəlmir. Bilirsiniz, futbolun inkişafının göstəricisi azarkeşdir. Əgər bu gün iki çempionluğa oynayan komandanın oyununa azarkeş gəlmirsə, deməli, problem ciddidir.
-  Bəlkə klubların əksəriyyəti paytaxtda məskunlaşdığından belədir?
-  Yox, mən o fikirlə razı deyiləm. Yaxşı futbol oynasan, harada oynayırsan oyuna azarkeş gələcək. Görün Londonun neçə komandası var. Həmişə də stadiona 50-60 min azarkeş gəlir. Əvvəllər “Karvan”ın hər oyununa 10 min azarkeş gəlirdi. İndi 2000-3000 gəlir. Yaxud “Xəzər-Lənkəran”ın oyunlarına həmişə 15-18 min fanat gəlirdi. Son vaxtlar bu say 5-6 minə düşüb. Deməli, azarkeş istədiyi oyunu görmür ki, gəlmir də.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord