Şikəst gələcək

Şikəst gələcək
XƏBƏR 14 Oktyabr 2011 / 12:39 5908
-  A +

Bəzən, fikirləşirəm, görəsən, bizim futbol funksionerlərimiz inkişaf göstəricisi hesab etdikləri nüanslara doğrudan özləri inanırlar? Hər hansı bir sahənin inkişafının göstəricisi nəticədir. Əgər nəticə varsa, deməli, inkişaf, yaxud inkişafın göstəricisi var.

Məsələn, bu gün AFFA Hakimlər Komitəsi iddia edir ki, Azərbaycan hakimliyi xeyli inkişaf edib. Amma mən də deyirəm ki, bu ağ yalandır. Niyə? Çünki hələ bizim dünya və Avropa çempionatlarının final bir yana, heç seçmə mərhələ oyunlarını, eləcə də Çempionlar Liqasının, Avropa Liqasının təsnifar mərhələlərinin oyunlarını idarə edəcək hakimlərimiz yoxdur. Bu gün Anar Salmanovun Almaniya - Bosniya və Hersoqovina U-21-lərinin oyununa təyinatını təntənəli surətdə inkişaf sayanlar varsa, həmin insanlar bununla yalnız özlərini güldürmüş olurlar.

Nə isə... Yazının mövzusu hakimlik deyil.

Son zamanlar bi ifadəni tez-tez eşidirik: Azərbaycan futbolu inkişaf edir, yeni-yeni stadionlar tikilir, Şüvəlan, Zaqatala, “Dalğa Arena”, 20-ci sahə və sair. Bundan başqa, AFFA aşağı yaş qrupundan ibarət çempionatın keçirildiyini də tez-tez ölkə ictimaiyyətinə car çəkir. Bəli, bütün yaş qruplarından ibarət çempionatlar keçirilir. Ancaq bu, hələ işi bitmiş hesab etməyə əsas vermir axı. Çempionatı təşkil etdim, püşk atıldı, komandalar qruplara bölündü, qurtardı getdi, bu da oldu inkişaf? Görəsən, maraqlanmısınız, həmin uşaqlar harada məşq edir, geyinməyə ket, forma, məşq etməyə top, meydança, oyunlara getməyə avtobus tapa bilirlər, ya yox? Yaxud, onlara məşq keçən məqşçilərin futboldan anlayışları var, yoxsa elə orda uşaqları söyə-söyə, döyə-döyə öyrədirlər? Arada imkanınız olsa, bununla da maraqlanın.

Gəlim, haqqında car çəkilən meydançalara. Bəli, çox gözəl, Şüvəlanda, Mərdəkanda, Zaqatalada yeni stadionlar tikildi, orda hər cür şərait var, soyunub-geyinmə otaqları, isti-soyuq su, internet, filan. Amma... Amması odur ki, bütün bu stadionların ot örtüyü sünidir, cənablar, SÜNİ. Elə bu fakt özü kifayət edir ki, biz həmin stadionların yararsız olduğunu deyək. Mən sizi əmin edirəm, həmin bu stadionlar, eləcə də tikilməkdə olan bu tip digər stadionlar Azərbaycan futboluna xeyir verməyəcək, əksinə, bizə şikəst gələcək “bəxş edəcək”. AFFA özlərindən başqa heç kimə lazım olmayan “Dalğa Arena”nı tikib və indi də onun “raskrutkası” ilə məşğuldu.
 
Olimpiya və əsas yığmanın oyunlarını oraya təyin etməklə zorla camaata “Dalğa Arena”nı futbolumuzun inkişafına töhvə verən idman qurğusu kimi sırımağa çalışırlar. Ancaq bununla yalnız və yalnız özlərini aldadırlar. Bu gün Azərbaycanda kütləvi surətdə meydançaların süniləşməsi gedir. Çünki hamı “Qəbələ” kimi özünü əziyyətə salıb Azərbaycan futbolunun sağlam gələcəyini düşünmür. Gedin, statistik təhlil aparın onda özünüz də görəcəksiniz ki, haqqında bəh-bəhlə danışdığınız süni örtüklü arenalar neçə-neçə futbolçunu artıq şikəst edib. Unutmayın ki, FİFA prezidenti Zepp Blatter sizin bəy tərifi yağdırdığınız “Dalğa Arena”ya ayaq basarkən, ilk ciddi irad kimi süni örtüyü göstərmişdi. Daha sonra Makedoniya yığması da millimizlə yoldaşlıq görüşündən sonra Mərdəkandan narazı getdi. Belçikanın U-21 millisinin baş məşqçisi də “Dalğa Arena”nın süni örtüyündən şikayət etdi. Avstriya millisi də “bu cür örtükdə futbol oynamaq çox çətindir” dedi. Bir qədər keçmişə qayıdaraq “Minks”in də Şüvəlandakı stadiondan kəskin narazı qaldığını xatırlatmaq istərdik. Çünki AZAL-la oyundan sonra onların iki aparıcı futbolçusunun məhz Şüvəlan stadionun süni qazonunun qurbanı olduğu üzə çıxmışdı. Artıq deməyə söz tapmırıq. Hətta tibbi baxımdan da süni örtüklü meydançaların həm zərərli, həm də zəhərli olduğu faktlarla sübut olunub.

Bu arada böyük şairimiz Mikayıl Müşviqin bir şyri yadıma düşdü:
Ah mən günü-gündən bu gözəlləşən,
işıqlı dünyadan necə əl çəkim.

Rəhmətlik şairimiz bu şerində dünyanın gözəlliyini vəsv edərək, yaşayıb yaratmaq eşqini ortaya qoymuşdu. Ancaq mən həmin misraları bir qədər dəyişib bugünkü futbolumuza sirayət edəcək tərzdə sizə çatdırmaq istərdim:

Ah mən günü gündən bu süniləşən,
zəhərli qazondan necə əl çəkim

Bəli, əziz oxucu, əziz azarkeş, buyurun siz yol göstərin, bu zəhərli, süni meydançalardan necə qurtulaq? Çox istərdim ki, UEFA və FİFA rəsmi oyunların süni meydançalarda keçirilməsinə qadağa qoysun. Görüm, ondan sonra bəzilərinin bəh-bəhlə təriflədiyi bu süni meydançalar nəyə yarayacaq?

Anar XANLAROV,
Qol.Az saytı üçün

 

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər