Zaur Axundov: "İnanıram ki, Azərbaycan millisi Avropa çempionatında öz sözünü deyəcək"

XƏBƏR 23 Mart 2009 / 15:25 2396
-  A +

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun müsahibəsi


- Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatı-2010-un final mərhələsinə çıxması münasibətilə sizi təbrik edirik. Oyunlarla bağlı təəsüratlarınızı bilmək istərdik...
- Mən də fürsətdən istifadə edib bütün Azərbaycan xalqını bu uğur münasibətilə təbrik edirəm. Futbol tariximizdə ilk dəfədir ki, milli komandamız Avropa çempionatının final turnirinə çıxır. Bilirsiniz ki, Azərbaycanda futzalın böyük ənənələri var. Azərbaycan millisi bu yarışda futzalımızın səviyyəsini nümayiş etdirdi. Özü də bu uğurun bayram günlərinə təsadüf etməsi bizim hamımız üçün böyük hədiyyə oldu.
- Seçmə yarışdan əvvəl millimizin belə bir nailiyyətə imza atacağına inanırdınızmı?
- Seçmə mərhələdə qruplarda 2-ci yeri tutanlardan da dördünün Avropa çempionatına yollana biləcəyindən şanslarımız yüksək sayılırdı. Qrup qalibi olmaq çətin məsələdir: məsələn, bu qrupda əsas rəqibimiz Portuqaliya dünyanın ən güclü komandalarından biridir, həm də seçmə yarışa ev sahibliyi edirdi. Elə portuqaliyalılarla ilk oyundakı heç-heçə bizə əlavə güc verdi, komandada özünəinamı artırdı və yarışı məğlubiyyətsiz başa vurduq. Heç olmasa, qrupda 2-ci yeri tutub AÇ-yə çıxmaq istəyirdik ki, bu niyyətimiz də baş tutdu. Əlavə edim ki, indiyədək bizdə belə güclü milli komanda olmayıb. Oyunçuların hamısı var güclərilə oynayıb meydanda bütün bacarıqlarını göstərdilər.
- Bu uğurda Azərbaycan millisinə yeni başçılıq edən braziliyalı məşqçi Alesionun rolu barədə nə deyə bilərsiniz?
- Alesio gənc olmasına baxmayaraq, təcrübəli mütəxəssisdir. O, özü də futzalçı olub, «Barselona»da oynayıb, Qazaxıstan «Kayratı»nı Avropanın dörd ən güclü klubu sırasına yüksəldib. Məhz Alesionun gəlişindən sonra bizim millidə həm taktiki, həm fiziki cəhətdən böyük dəyişikliklər baş verib. Təbii ki, biz ondan razıyıq. Azərbaycan millisini Avropanın ən güclü 12 komandası arasına çıxarıb. Bizim onunla müqaviləmiz martın 31-də başa çatır. AFFA-nın rəhbərliyinin razılığı ilə onu daha 6-9 ay Azərbaycanda saxlamağı düşünürük. İstərdik ki, Avropa çempionatına da komandanı məhz Alesio hazırlasın.
- Milli üçün nə kimi şərait yaradılmışdı?
- AFFA-nın rəhbərliyi son illər futzala böyük qayğı göstərir. Fürsətdən istifadə edib futzal yığmamıza yaratdıqları şəraitə görə AFFA-nın rəhbərliyinə təşəkkürümü bildirirəm.     
- Avropa çempionatında da uğurlu çıxış etmək üçün hazırlıq barədə indidən düşünmək lazımdır…
- Apreldə milli çempionatımızı davam etdirəcəyik. Bu yarış mayın sonuna kimi davam edəcək. Sonra Azərbaycan çempionu ölkəmizi Avropa turnirində təmsil edəcək. Sentyabrın sonu-oktyabrın əvvəlindən Macarıstandakı Avropa çempionatına hazırlığa başlamağı planlaşdırırıq. Qitə birinciliyindəki minimum hədəfimiz ilk altılığa düşmək olacaq. İnanıram ki, Azərbaycan millisi gələn il Macarıstanda öz sözünü deyəcək.       

Mənbə: affa.az

 

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı