Üzsüzlər haqqında yazı

Üzsüzlər haqqında yazı
XƏBƏR 10 Oktyabr 2011 / 11:40 5487
-  A +

Avstriya ilə oyunun üzərindən 3 gün vaxt keçsə də müzakirələr hələ də davam etməkdədir. Hər kəs özlüyündə oyunu təhlil edir, araşdırma aparır, subyektiv mövqeyini ortaya qoyur. Yox, mən nə araşdırma aparacam, nə də kiminsə oyununu təhlil edəcəm. Heç buna həvəsim də yoxdur. Hansı oyunu təhlil edəcəm, məgər, bizimkilər oyun oynadı ki, təhlilini də aparaq?

Əslində özünə hörmət eliyən futbolçu artıq formasını təhvil verib millidən getməlidir. Getməlidir və deməlidir ki “yox, mən bacarmıram, qoy yeni, gənc nəsil gəlsin oynasın”. Amma inanmıram ki, bizim indiki milli üzvlərində bu təpər olsun. Bir də ki bəs, millidən imtina edəndən sonra hətta məğlubiyyətə görə də verilən “premya”nı kim alacaq? Məni düzgün başa düşün, söhbət tək Avstriya ilə oyunda qeydə alınan hesabdan getmir. Komanda 1:4 yox lap 1:5-də uduzar (Qazaxıstanın ötən il İngiltərəyə uduzduğu kimi) amma, kişi kimi futbol oynayar, “döyüşər”. Avstriya cümə günü bizi ələ saldı. Yenə deyirəm, oyunu təhslil etmək niyyətim yoxdur. Artıq bəsdir. Bəzilərinin görməli olduğu işi medianın görməsi kifayətdir. Qoy, artıq təhlili onu aparması gərəkən insanlar etsin. İndi hamı düşmənlərimiz olan ermənilərin qrupda 17 xal toplamasından və Avropa çempionatının 1 addımlığında olmasından danışır. Həqiqətən də çox ağırdı. Təsəvvür edin, əgər mənfur düşmənlərimiz final mərhələsinə vəsiqə qazansalar, o zaman bizim futbolçular onların oyununu evdən, televiziya ekranından izləməli olacaqlar. Görəsən, onda da xəcalət çəkməyəcəklər?

İki gün əvvəl Ermənistanın Makedoniya ilə oyunundan fraqmentləri izlədim. Əslində qolları izləyən dost-tanış düşmənlərimizin rəqibi necə məyus etməsindən danışmışdılar. Özüm də gözümlə görəndən sonra reallığı növbəti dəfə qəbul etdim. Ermənilər bizim “Dalğa Arena”da bacarmadığımız Makedoniya millisini yıxıb sürüdülər. Bizim evdə oturub 5 manatla kifayətlənən, altına bahalı maşın qoyub özünü futbolçu sayan, xaricdə oynamaqdan qorxan oyunçuluramıza heç olmasa, Mxitaryanın qolunu izləməyi məsləhət görürəm. Düzü, inanmıram ki, o qolu izlədikdən sonra da bizimkilərin simasında xəcalət hiss olsun. Niyə axı ermənilər gedib Avropada oynaya bilir, bütün çətinliklərə qatlaşır, amma siz yox? Bahalı maşınlarda şəhərə çıxıb “risovkalıq” etmək, barda “qız tutmaq” kimi çürük təfəkkürlə siz elə maksimum Azərbaycan çempionu olacaqsınız. Hələ utanmadan çıxıb “çalışacağıq növbəti oyunda azarkeşlərimizi sevindirək” deyirlər.

Bilmirəm, bununla özlərini ələ salırlar , ya bizi. Açığı mən düşünürəm ki, Azərbaycan millisinə yeni qan lazımdır. 3-4 nəfəri çıxmaq şərtiylə hazırkı millinin bütün heyətini dəyişmək lazımdır. Nəyin bahasına olursa olsun, Emin Mahmudov, Mirkamil Həşimli kimi futbolçuları milliyə cəlb etmək lazımdır. Amit Quluzadəyə məsləhətim odur ki çətinlikdən qorxmasın, Türkiyədə möhkəmlənsin və onu bilsin ki Azərbaycan mediası da daim onun arxasında olacaq. Vaqif Cavadovu da içi mən qarışıq çox tənqid edirik. Amma eyni zamanda etiraf edim ki, onun potensialı var, sadəcə, bunu açmaq üçün Azərbaycandan kənarda oynamaq lazımdır. Odur ki, qoy Vaqif də Rusiyada möhkəmlənməyə çalışsın. Gənclərdən Əfran İsmayılov, Rauf Əliyev, Vüqar Nadirov, Ruslan Abışov təcili Azərbaycanı tərk etməlidirlər. Çünki burda qalsalar, onlar da “batacaqlar”. Qorxmayın, cəsarətli olun, Amitdən örnək götürün, ölkədən kənara çıxın. Təbii əgər futbolçu olmaq istəyirsinizsə, Yox, əgər siz də məşhur “5 manat olsun, evimin içində olsun” təfəkkürü ilə yaşayırsınızsa, o zaman başqa.

Bir neçə kəlmə də Berti Foqts haqqında demək istəyirəm. Düzü, onu az tənqid edən azsaylı qələm əhlindən olmuşam. Çünki düşünmüşəm ki, bizim millinin uğursuzluğunda Foqts birnömrəli günahkar deyil. Lakin ötən gün verdiyi açıqlama ilə Yunis Hüseynovun dili ilə desək, Berti müəllim də, artıq ağın çıxardı. Təsəvvür edin, 2 ildir Premyer Liqanın təqvimini istədiyi vaxt dəyişdirən alman indi çıxıb Məlikməmməd nağılı danışır,  utanmadan deyir ki, “AFFA və PFL mənə lazımı şərait yaratmadı”. PFL sənin üçün oyunların vaxtını da 1-2 gün öncəyə çəkdi, daha neyləməliydi, Berti müəllim? Bəlkə çempionatın iki turunu təxirə salmalaydı? Görəsən Foqtsun təmsil etdiyi Almaniyada ötən həftə Bundesliqanın oyunları təxirə salınmışdı? Bu gün Avropada heç bir yığma məşqçisi il ərzində Foqts qədər  təlim-məşq toplanışı keçmir. Bütün bunların qabağında çıxıb narazılıq etmək...Adamda üz də yaxşı şeydir. Amma həmin üzdən və Foqtsda var, nə də futbolçularında.

Anar XANLAROV,
Qol.Az saytı üçün

 

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər
14.10.19  20:47

PSJ-də Neymar şoku

14.10.19  14:01

Fiasko...

13.10.19  21:28

Almeyda zədələndi