Aleksandr Səmədov güllələnməlidi?

Aleksandr Səmədov güllələnməlidi?
XƏBƏR 27 Sentyabr 2011 / 16:27 9402
-  A +

Bəlkə də bizim bəzi qatı millətçi azarkeşlərə bu sualı ünvanlasan, müsbət cavab verərlər: nədi-nədi, Səmədov Azərbaycanın təklifindən imtina edib və  Rusiya millisində oynamağı seçib. Azərbaycanda bir çox futbol azarkeşinin fikrincə, Səmədov bununla böyük səhvə yol verib, daha dəqiqi, vətəninə, millətinə dönük çıxıb.

Doğrudanmı belədir? Mənim fikrimcə, burada heç bir faciə, xəyanət-filan baş verməyib. Aleksandrın atası azərbaycanlı, anası isə rusdur. Onun qarşısına ata və ana vətənləri arasında seçim etmək şərti qoyulub və Səmədov da ana vətəni olan Rusiyanın millisində oynamaq variantı üzərində dayanıb. Hər kəsin bu məsələdə fərqli düşüncəsi ola bilər, hər birinə sayğıyla yanaşıram. Amma eyni zamanda bir sualın cavabı mənə çox maraqlıdır: ananı və ana vətəni sevmək nə vaxtdan ataya və ata vətənə xəyanət, dönüklük sayılır?

Baxın, Aleksandrın son müsahibələrindən birinə, görün, nələr deyir: «Düzü, mən birmənalı şəkildə deyə bilmərəm ki, azərbaycanlıyam, yoxsa rusiyalı. Mən həm azərbaycanlıyam, həm də rusiyalıyam. Nə azərbaycanlılığımdan, nə rusiyalılığımdan imtina edə bilərəm».

Sonuncu cümləyə diqqətlə fikir verin. Aleksandr azərbaycanlı olduğundan imtina eləmir, milliyyətini də danmır. Sadəcə, sonda iki vətən arasında seçim edir və Rusiyanı seçir. O, ana vətəni olan Rusiyada doğulub, Rusiyada böyüyüb, Rusiyada yaşayır, ata vətəni Azərbaycanı isə bir-iki dəfə görə ya görməyə. İndi nə deyirsiniz, topumuzu-tüfəngimizi götürüb Səmədova müharibə elan edək, Azərbaycanın qapılarını onun üzünə bağlayaq?

Bu gün mətbuatda, sosial şəbəkələrdə Səmədovu qeyri-vətənpərvərlikdə ittiham edənlərin, görəsən, xəbəri varmı ki, Aleksandr Səmədov Rusiya millisindən daha əvvəl Azərbaycan yığmasını seçib?

Bilənlər bilir, bilməyənlər üçünsə bunu demək bizə əziyyət deyil. Hələ 2003-cü ildə, AFFA-nın o vaxtkı prezidenti Fuad Musayev Aleksandr Səmədovu Azərbaycana dəvət edib, federasiya nümayəndələri futbolçunun özü və atasıyla söhbət aparıb. Və söhbətin sonunda o zaman cəmi 20 yaşı olan və keçmiş SSRİ-nin ən öncül klublarından sayılan Moskva «Spartak»ının şərəfini qoruyan Səmədov Azərbaycan millisində oynamağa razılıq verib. Ən diqqətçəkən fakt isə budur ki, buna görə hətta AFFA-yla müqavilə də bağlayıb!

Bundan sonra isə Səmədov bir daha dəvət edilməyib: daha doğrusu, Aleksandrı Azərbaycan millisinə gətirən Fuad Musayev Azərbaycan futbolundakı məlum münaqişəyə görə AFFA prezidentliyi vəzifəsinə namizədliyini irəli sürmədiyindən federasiya rəhbərliyinə Ramiz Mirzəyev gətirilib. Mərhum Mirzəyevin zamanında Aleksandr bir daha AFFA-ya çağrılıb, amma danışıqlar müsbət nəticələnməyib. Daha dəqiqi, bəzi məlumatlara görə, Səmədovun irəli sürdüyü şərtləri AFFA qəbul etməyib və futbolçu buna görə də Azərbaycan millisindən imtina edib.

Təbii ki, şərtlər deyəndə, pulu nəzərdə tuturuq. Əlbəttə, öz millətinin komandasında oynamaq üçün maddi şərtləri irəli sürmək bəlkə ifrat vətənpərvərlik anlayışı ilə bir araya sığmır. Amma yenə də, əgər Fuad Musayevin prezidentliyi dövründə yoxsul AFFA Səmədovu millimizə gətirməyi bacarmışdısa, sonrakı imkanlı AFFA niyə eyni şeyi edə bilmədi? Bir balaca pul xərcləməyə niyə əlləri gəlmədi?

İstənilən şəxslə mübahisə etməyə hazıram: Fuad Musayev AFFA rəhbərliyində çalışmış istənilən şəxslə müqayisədə, Azərbaycan futboluna daha çox xeyir verib. Zarafat deyil, Musayev federasiyanın maddi baxımdan ən çətin zamanında ən azı Vəli Qasımov, Nazim Süleymanov, Dmitri Kramarenko kimi İspaniya və Rusiyada oynayan futbolçularımızı Azərbaycana cəlb edə bilmişdi. Bəs, ondan sonra, son 8 ildə  AFFA rəhbərliyindəkilər xaricdə oynayan hansı azərbaycanlı futbolçunu millimizə cəlb edə biliblər? Aleksandr Səmədov gəlmişdi, bəs niyə getdi axı? Niyə saxlaya bilmədilər? Və niyə sonradan bu oyunçunu yaddan çıxarıb, bir də indi hay-küy və yersiz ittihamlarla xatırladılar?

Mən AFFA-nın baş katibi Elxan Məmmədovun öz şəxsi istəyilə Moskvaya Aleksandr Səmədov və Rusiyada oynayan başqa bir azərbaycanlı, «Spartak»ın oyunçusu Emin Mahmudovla danışıqlara getməsinə qətiyyən inanmıram. İnanmıram, ona görə ki, AFFA bu futbolçuları heç vaxt saymayıb. Yəqin, yuxarıdan kimsə Məmmədova «get danışıqlar apar, onları milliyə gətir» tapşırığı verib.

AFFA rəhbərliyi vaxtilə Aleksandr Səmədov, Emin Mahmudov kimi Rusiyanın adlı-sanlı klublarında çıxış edən gənc futbolçuları millimizə cəlb etmək əvəzinə, Rusiyanın ikinci liqasında yarışan və ən geridə qalmış klublarında oynayan Daniel Axtyamov kimi Azərbaycana dəxli olmayan  gərəksiz bir oyunçunu millimizə cəlb etdi.

Azərbaycan millisində azərbaycanlı Səmədov çıxış etməli olduğu vaxtda, görün, millimizdə rus Axtyamovla yanaşı daha kimlər oynayırdı: afrikalılar Usim Nduka, Ernani Pereyra, ukraynalılar Aleksandr Çertoqanov, Vladimir Levin, serbiyalı Branimir Subaşiç, braziliyalılar Fabio Luis Raim, Andre Ladaqa, moldovalı Yuri Muzıka… Bu hələ xatırladıqlarımdı. Və bu 9 oyunçunun, Azərbaycan futboluna, kobud desək,  hələ indiyədək bir qəpiklik xeyiri dəyməyib. Amma əvəzində nələr qazanıblar!
Onlara verilən pulu vaxtında elə Səmədova verəydilər də!

Bu gün günahı təkcə bir futbolçunun üzərinə atmaq olmaz. Məsuliyyətsizliyi, səriştəsizliyi etiraf edib, nəticə çıxarmaq lazımdı.
Vaxtında Səmədovu heçə saydılar, ona səbrli yanaşmadılar, amma Səmədov bir futbolçu kimi inkişaf edib, Rusiya çempionatının ulduzuna çevrildi. Bizimkilər onda ayıldılar ki, demə, Rusiyada Səmədov kimi güclü bir oyunçu var və o, Azərbaycan millisinə çox lazımdı. Onda məcbur olub Səmədovun ayağına getdilər. Bəli, Azərbaycana dəvət eləmədilər, məhz Azərbaycana gətirmək üçün özləri onun ayağına getməyə məcbur oldular.
Bəlkə də Səmədova bir vaxtlar tələb etdiyi pulun 10, 50 qat artığını təklif etdilər. Amma nə zamansa heçə saydıqları Səmədov bu dəfə onları saymadı: gəldikləri kimi də geri göndərdi.

Bilirsinizmi niyə? Çünki qatar çoxdan getmişdi.

Baxın, Səmədov Rusiya yığmasına - Avropanın güclü millilərindən birinə dəvət alıb. Və onu oraya, bizdə bəzilərinin iddia etdikləri kimi, heç də Azərbaycan yığmasında oynamasının qarşısını almaq üçün çağırmayıblar. Səmədov Rusiya futbol adamlarının, güclü rus mətbuatının təzyiqlərindən sonra milliyə çağrılıb.

Bu yerdə «Spartak»da oynayan Emin Mahmudovla bağlı da məsələyə mütləq toxunmalıyam. Emin hələ Azərbaycan millisində oynamaqla bağlı qəti fikir bildirməyib, bəlkə o da Səmədov kimi, Rusiya millisinə çağrılacağı günü gözləyir. Amma bilirik ki, bir vaxtlar, Səmədov kimi, Emin Mahmudov da Azərbaycan millisinə gəlib - 17 yaşlılardan ibarət komandanın hazırlıq prosesinə. Və sonradan burada incidildiyini, ona soyuq münasibət göstərildiyini əsas gətirərək milli komandalarımızdan gələn bütün təkliflərdən boyun qaçırıb. İndi gərək Emini bu həddə çatdıranlar ortaya çıxıb cavab versinlər ki, bu istedadlı futbolçuya niyə o zaman ögey münasibət göstərilib, Mahmudov niyə küsdürülüb…

Bir vaxtlar AFFA rəhbərliyinin saymadığı, hörmət etmədiyi futbolçular bu gün az qala Rusiya futbolunda at oynadır, bizimkilərin təklif etdiyindən qat-qat artıq pul qazanır və nəhayət, Azərbaycan millisi kimi son pillələrdən hələ də qurtula bilməyən komandalara yox, Rusiya kimi öncül komandalara dəvət alırlar...

Yox, qətiyyən heç kimi güllələmək lazım deyil, amma hərdən bir balaca utanmaq lazımdır.

Kim utanmalıdı, görəsən?!

Aydın BAĞIROV


 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI

14.02.18
11.10.17
17.06.17
10.09.16
24.02.14

Son xəbərlər