Ehtiyatlı olun, “dəlləy”iniz naşıdır

Ehtiyatlı olun, “dəlləy”iniz naşıdır
XƏBƏR 23 Sentyabr 2011 / 11:49 6263
-  A +

Açığı neçə gündür oturub özlüyümdə düşünürəm və belə qənaətə gəlirəm ki, bizim çempionatdakı hakimlik hələ bu ilki qədər “inkişaf”a meylli olmamışdı. Zarafat deyil, cəmi 6 turu geridə qoymuşuq, ancaq yalan olmasın, artıq 6 “tərifnamə” eşitmişik. Kimdən?

Kimdən olacaq əlbəttə klublardan, azarkeşlərdən, mediadan. Məlum məsələdir ki, bütün bu “tərifnamələr”in hamısı hakimlərin ünvanına yönəlib. Doğrudan da, dərindən təhlil edəndə, hələ heç bir mövsümün indiki qədər qalmaqallı başladığının şahidi olmamışdıq. Adətən narazılqılar çempionatın ortasına yaxın, yaxud ondan sonra başlayırdı. XX çempionat isə bütün rekordları qırdı və artıq III turda məhz hakim qərarına etiraz edən bir komanda oyunu yarımçıq dayandırıb meydançanı tərk elədi. Belə baxıram ki, bu gedişlə çempionat yarıya çatmamış əməlli-başlı qalmaqalın şahidi ola bilərik. Açığı, bu yazımın mövzusu heç də Premyer Liqadakı hakimlik deyil. Çünki o haqda yazmağa başlasam, yazının başını, ayağını bir yerə toplaya bilməyəcəm.

Odur ki, gəlin sizə yenicə start götürən I Divizondan danışım. Cəmi iki tur oynanılıb və artıq iki ciddi narazılıq var. Necə deyərlər, maksimum nəticə. Hə, necədir sizin üçün? Bunlar hamısı hakimliyimizin “inkişafının” göstəricisidir haa. Çünki hələm-hələm belə şey olmur ki, artıq I turdan sonra hansısa komanda məhz hakim idarəçiliyindən narazı qaldığı üçün rəsmi bəyənat yaysın. Ancaq “Qaradağ Lökbatan” bu addımı atıb. Səbən isə onların ilk turda Neftçalada yerli “Neftçala” ilə oyunlarını idarə edən Rasim Əhmədovun qərəzli hakimlik etməsi olub (bunu mən yox, “Qaradağ” rəsmiləri deyir). “Qaradağlı”ların etirazında və yaydıqları rəsmi bəyənatda göstərilib ki, Əhmədov oyuna 7 dəqiqə gec başlamaqla bərabər, qarşılaşmanı birtərəfli idarə etmiş və qonaqların aşkar penaltisini verməmişdi.

Növbəti ciddi narazılıq isə, II turun MOİK - “Həkəri” qarşılaşmasından sonra ikincilərin düşərgəsindən gəldi. Belə ki, Qubadlı təmsilçisinin baş məşqçisi Cavanşir Əliyev matçdan dərhal sonra Qol.Az-a açıqlamasında oyunu idarə edən Alik Yunusovun qərəzli idarəçiliyindən ürəkyanğısı ilə danışdı. Məcburi köçkün rayonu təmsil edən komandanın baş məşqçisi iddia edirdi ki, hesab 1:0 onların xeyrinə olarkən, məhz hakimin kobud səhvi nəticəsində qol buraxaraq, qələbəni əldən veriblər. İddiaya görə, hakim öncə MOİK futbolçularının yalnış aut atışına, daha sonra isə cərimə meydançasında qonaq müdafiəçilərə qarşı aşkar qayda pozuntusuna göz yumub.

Gördüyünüz kimi, I Divizion Premyer Liqanın yanında toya getməlidir. Bütün bunlar bir daha Azərbaycan hakimliyində hələ də ciddi problemlərin olduğunu göstərir. Təbii, mən iddia edə bilmərəm ki, hər iki oyunda hakimlər qərəzli olub və “Qaradağ Lökbatan”la “Həkəri”nin dedikləri tam düzgündür. Ancaq istənilən halda, narazılıq varsa, deməli, problemlər, araşdırılması gərəkən məsələlər də var. Hər halda heç kim dəli deyil ki, durduğu yerdə boş-boşuna bəyanat yaysın, yaxud oyundan dərhal sonra hakim idarəçiliyindən olan narazılığı əsəbi tonda dilə gətirsin. Biz bilirik, onsuz AFFA Hakimlər Komitəsi gənc hakimləri yetişdirərkən “dəllək”liyi həmişə I Divizion klublarının başında öyrənib. Necə deyərlər, “əşi I Diviziondu, orda səhv edə-edə öyrənərlər”. Amma unutmayın ki I Divizion da Premyer Liqa kimi peşəkar futbolçuların çıxış etdiyi liqadır. Buranı poliqona döndərmək olmaz. Heç kimə ixtiyar verilməyib ki, I Divizionu poliqon meydançasına çevirib kimlərinsə haqqını tapdalasın. Zəhmət çəkin, hazır, yetişmiş hakimlərə təyinat verin. Klubların şikayətini isə bu qulağınızdan alıb o qulağınızdan verməyin. Əgər ilk iki turda iki ciddi narazılıq varsa, bu, artıq kifayət qədər ciddi siqnal sayılır.

Sonda sözüm I Divizion klublarınadır. Bu dəfə deyəsən, “dəllək”ləriniz naşıdır. Odur ki, çox-çox ehtiyatlı olun.

Anar XANLAROV, Qol.Az saytı üçün

 

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər