Bernhard Lippert: "Rəqibimizin oyununda fövqəladə üstünlük görməmişəm" (MÜSAHİBƏ)

Bernhard Lippert: "Rəqibimizin oyununda fövqəladə üstünlük görməmişəm" (MÜSAHİBƏ)
ÖLKƏ FUTBOLU 19 Mart 2009 / 10:59 2681
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Bernhard Lippertin müsahibəsi


- Əvvəlcə, rəhbərlik etdiyiniz komandanın Almaniyanın Frankfurt şəhərində keçirilmiş təlim-məşq toplanışı barədə məlumat verməyinizi istərdik. Toplanış nə dərəcədə səmərəli oldu?
- Hesab edirəm ki, Frankfurtdakı hazırlıq prosesi qarşıdakı oyunlarda komandamızın işinə çox yarayacaq. Futbolçuların fiziki hazırlığının yüksəldilməsi baxımından bu toplanışın böyük əhəmiyyəti oldu. İndi tam əminliklə deyə bilərik ki, U-17-nin fiziki hazırlığı yüksək səviyyədədir. Bundan əlavə, Avropa çempionatının seçmə mərhələsinin elit raundundakı rəqiblərimizin oyun üslubunu nəzərə alaraq, komandamızın müdafiə olunmaq sxemində bəzi yeniliklər tətbiq etmək fikrindəyik.
- Almaniyadakı təlim-məşq toplanışı elit raund oyunları ərəfəsinə təsadüf edirdi və söylədiklərinizə əsasən, U-17-nin müdafiə xəttində müəyyən yeniliklər tətbiq etmək fikrindəsiniz. Sizcə, qısa zaman kəsiyində bu yenilikləri tətbiq etmək bir qədər risqli addım deyilmi?
- Deməzdim ki, biz buna az vaxt ərzində hazırlaşmışıq. Frankfurtdakı hazırlıq prosesindən əvvəl Sumqayıtda da təlim-məşq toplanışı keçirmişdik və həmin toplanış zamanı da yuxarıda qeyd olunan məsələlər üzərində işləmişdik.
- Son təlim-məşq toplanışı dövründə U-17 neçə yoxlama oyunu keçirdi?
- İki yoxlama oyununda komandanın güclü və zəif cəhətlərini müəyyənləşdirməyə çalışdıq. İlk oyunumuzu «Ayntraxt» klubunun nəzdindəki 19 yaşadək futbolçulardan ibarət komanda ilə keçirdik və 2:0 hesabı ilə qalib gəldik. İkinci yoxlama oyunundakı rəqibimizin heyətində «Ayntraxt»ın nəzdindəki 17 və 19 yaşadək futbolçulardan ibarət komandaların oyunçuları yer almışdı. Həmin qarşılaşmada 0:2 hesabı ilə məğlub olduq. İkinci oyuna komandamızı ağır fiziki yükləmələrdən sonra çıxarmışdıq. Məqsəd yığmanın üzvlərinin yorğun olduğu təqdirdə necə oyun nümayiş etdirə bilməsini görmək idi. Düşünürəm ki, hər iki oyun komandamız üçün əhəmiyyətli oldu.
- Avropa çempionatının seçmə mərhələsinin elit raundunda millimizin rəqibi olan komandaların oyunlarını izləmisiniz. Rəqiblərimizi necə dəyərləndirərdiniz?
- Sözsüz ki, Hollandiya və Xorvatiya kimi rəqiblərlə oyunda biz favorit sayıla bilmərik. Rəqiblərimiz barədə ayrı-ayrılıqda danışmağa gəlincə, hollandiyalı futbolçuların taktiki və texniki hazırlığı barədə uzun-uzadı danışmaq yersiz vaxt itkisi olardı. Hollandiyada vahid taktiki sxem var və buna görə də bu komandanın bütün futbolçuları 4-3-3 sxemi ilə oynadıqları zaman bir-birlərini gözüyumulu başa düşürlər. Bütün müsbət cəhətlərinə rəğmən, hesab edirəm ki, hollandiyalı futbolçuların üzərində böyük psixoloji gərginlik olacaq. Çünki hamı bu qrupun favoriti kimi onları görür. Hollandiya millisi ilə oyunda qapımızın toxunulmazlığını nə qədər çox saxlaya bilsək, bu komandanın işini bir o qədər çətinə salaraq istədiyimiz nəticəni əldə edə bilərik.
Xorvatiya millisinin oyununda hər hansı fövqəladə, diqqəti xüsusi cəlb edən üstünlüyün olduğunu görməmişəm. Amma bu komandada oyun intizamı var və bütün futbolçular nəyi necə etməli olduqlarını yaxşı bilirlər.
- Meydan sahibi olmaları lüksemburqlu futbolçuların işinə nə dərəcədə yaraya bilər?
- Belə turnirlərdə meydan sahibi anlayışı şərti xarakter daşıyır. Bununla belə, ilk oyunda Lüksemburq Xorvatiya komandasına qalib gələrsə, özünəinam hissləri güclənə bilər. Ümumiyyətlə, qrupumuzdakı bütün komandalar üçün ilk oyundan çox şey asılıdır.
- Sərəncamınızda görmək istədiyiniz, lakin hazırda millinin düşərgəsində olmayan futbolçu varmı?
- Bəli. Məhəmməd Qurbanovu komandanın heyətində görmək istəyirdik. Lakin apardığımız çoxsaylı danışıqlara baxmayaraq, Rusiyanın «Rostov» klubu onu millinin düşərgəsinə buraxmadı.


Mənbə: affa.az

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın