Məntiqsiz “istefa” çağırışı və “Bakı”nın növbəti “penalti şou”su

Məntiqsiz “istefa” çağırışı və “Bakı”nın növbəti “penalti şou”su
XƏBƏR 19 Sentyabr 2011 / 15:17 6407
-  A +

Ötən həftə Azərbaycan Premyer Liqasında VI turun oyunları keçirildi.  “Xəzər Lənkəran”ın liderliyini möhkəmlətdiyi turda, “Qarabağ” ard-arda üçüncü matçını da qələbəsiz başa vurdu. “Neftçi” isə iki oyunluq məğlubiyyətdən sonra evdə “Qəbələ”yə şans vermədi. “Kəpəz”in Zaqatalada 4 top buraxması isə əsl sürpriz oldu. Yeri gəlmişkan, həmin oyun böyük qalmaqala yadda qalıb. İndi isə turun qısa dəyərləndirməsini  sizə təqdim edirik.

“Qarabağ” - “Xəzər Lənkəran”

“Qarabağ” ardıcıl olaraq, üçüncü turu da qələbəsiz başa vurdu. Qələbə bir yana, Ağdam təmsilçisi üç turdu qol da vura bilmir. Sanki komanda “qara zolağ”a düşüb. İnsaf naminə qeyd etmək lazımdır ki, Qurban Qurbanovun komandası kifayət qədər qol imkanı əldə edir, lakin bundan yararlana bilmir. “Xəzər Lənkəran”la oyunda ən azı 3-4 epizodda ağdamlılar qol vurmaq üçün real şans qazansalar da, son nöqtəni qoyan tapılmadı. Lənkəran klubu isə oyun ərzində əldə etdiyi yeganə təhlükəli epizodunu qola çevirməyi bacardı. Əslində ona təhlükəli epizod da demək olmazdı. Sadəcə, Adrian Pitin doqquzluğa ünvanladığı zərbə dəqiq oldu. Bununla da Mirça Rednikin komandası zirvədəki yerini bir qədər də möhkəmləndirdi. “Qarabağ”a gəlincə, qarşıdakı turlarda bu klubun işi çətin olacaq. Onsuz da kasad olan heyətə dəyən daha bir zərbə Rauf Əliyevin ən azı 1 aylıq sırafan çıxması olub. Belə ki, o Elnur Allahverdiyevlə toqquşmada ciddi zədə alıb.  Bu arada “Xəzər Lənkəran”la qarşılaşmada bir qrup azarkeşin Qurbanovu istefaya səsələməsi də çox məntiqsiz görünür. Deyəsən, 38 yaşlı mütəxəssisin üç il ard arda “Qarabağ”ın, Azərbaycanın adını Avropada layiqincə təmsil etməsi yaddan çıxıb.

“Simurq” - “Kəpəz”

İlk baxışdan bu oyunun nəticəsi çoxları üçün gözlənilməz sayıla bilər. Ancaq gəlin bir anlıq “Simurq”un heyətinə nəzər salaq, o zaman görəcəyik ki, artıq Sergey Yuran ilk turlardan güvəndiyi futbolçuları meydançaya buraxmır. Əgər ilk turda Zaqatala klubunun heyətində 8 yerli, 3 əcnəbi futbolçu meydançaya çıxmışdısa, bu dəfə rəqəmlər tam əksinədir. Hazırda komandanın heyətində Robertas Poşkus, Andrey Rubins kimi futbolçular yer alıb. Bu mənada, zaqatalalıların iddialı klublara başağrısı olacağını proqnozlaşdırmaq olar. Bu oyunda yadda qalan əsas hadisələrdən biri də görüşün baş hakimi Elçin Məmmədovun “Kəpəz”dən 2, “Simurq”dan isə 1 futbolçunu meydançadan qovması və eyni zamanda azarkeşlər arasında yaşanan böyük gərginlik olub. Zaqatala polisinin gəncəli azarkeşə qarşı insanlıq çərçivəsini aşacaq davranışı isə əsəbləri daha da tarıma çəkib.

AZAL - “İnter”

Bu oyunun heç-heçə başa çatması o anlama gəldi ki, komandaların heç biri çempionluğuq uğurunda mübarizə aparmaq iqtidarında deyil. AZAL növbəti dəfə qeyri-stabil komanda olduğunu sübut etdi. “İnter” isə son dəqiqələrdə məğlubiyyətdən yaxa qurtarmaqla, “Sumqayıt Şəhər”lə oyunda qazanılan qələbənin təsadüfi olduğunu göstərmiş oldu.

“Turan” - “Bakı”

“Turan” deyəsən, bu cür gedişlə “silah”ı erkən yerə qoyacaq. Söhbət idman mübarizəsindən getmir. İş ondadır ki, futbolçular hələ də maaşlarını ala bilmirlər. “Bakı” ilə oyuna çıxmamışdan əvvəl də onlar verilən vədə inanıb meydançaya ayaq basıblar. Nəzərə alsaq ki, komanda paytaxt təmsilçisinə uduzub və hər kəsin qanı qaradır, o zaman çətin ki, rəhbərlik növbəti oyuna kimi də oyunçuların pulunu versin. Bir sözlə, Tovuz klubunun növbəti tur matçına çıxıb-çıxmayacağı məlum deyil. “Bakı”ya gəlincə, onlar rəqibin düşərgəsindəki ruh düşkünlüyündən istifadə edə bildilər. Lakin “Bakı”nın həqiqətən də “qara zolaq”dan çıxıb-çıxmadığı növbəti tur “Neftçi” ilə oyunda məlum olacaq. Ancaq bir reallıq da var ki, "zolaqlılar" "Turan"la oyunda növbəti dəfə təyin olunan penaltidən yararlana bilmədilər. Bu dəfə isə paytaxt klubunun heyətində Juninyo şansını boşa verdi. Xatırladaq ki, bu, "Bakı"nın cari mövsümdə qazandığı 4-cü on bir metrlik cəribə zərbəsi idi ki, futbolçular yenə bu sindromu qıra bilmədilər.

“Rəvan” - “Sumqayıt Şəhər”

Debütantların duelində qalib müəyyən olunmadı. Ancaq qazanılan bu xalı sumqayıtlıların aktivinə yazmaq lazımdır. Çünki onlar səfərdə oynayıblar. Həm də unutmayaq ki, “Rəvan” indiyə qədər keçirdiyi oyunlarda iddialılara qarşı başa-baş mübarizə aparmış, azlıqda qalmasına baxmayaraq, “Bakı”ya 2 qol vurmuş, “Xəzər Lənkəran”dan xal almışdı. Bəhmən Həsənovun komandası Sumqyaıt təmsilçisi ilə oyunda 3 xala yaxın olub. Lakin təyin olunan onbirmetrlik cərimə zərbəsinin dəqiq yerinə yetrilməməsi onları 1 xalla kifayətlənməyə məcbur edib. Böyük ehtimalla bu xal itkisi baş məşqçi Bəhmən Həsənovun da kreslosunu laxladacaq.

“Neftçi”  - “Qəbələ”

Açığı, bu oyunun da nəticəsini gözlənilməz saymaq olar. İlk 5 turda məğlubiyyət üzü görməyən “Qəbələ”nin heç də yaxşı günlərini yaşamayan və son iki turda qapısından 4 top buraxaraq meydanı xalsız tərk edən “Neftçi” önündə aciz qalacağını çoxları proqnozlaşdırmırdı. Ancaq Mahir Şükürov və Mendes kimi aparıcı futbolçuların yoxluğu öz təsirini göstərdi. Belə demək mümkünsə, “Qəbələ” bu oyunu çox aşağı səviyyədə keçirdi. Luis Hilario sol, Azər İsayev isə sağ cinahda rəqiblərinə ciddi müqavimət göstərə bilmədilər. Abdul Kader Kamara isə mərkəzdə Flavinyoya uduzdu. Təsadüfi deyil ki, məhz Kamaranın Flavinyonu yıxmasından sonra görüşün baş hakimi Anar Salmanov qonaqların qapısına cərimə zərbəsi təyin etdi və Rəşad Abdullayev gözəl zərbə ilə hesabı açdı. Bundan başqa, ötən tur Lənkərandakından fərqli olaraq, bu dəfə Böyükağa Hacıyevin əvəzləməsi özünü doğrultdu və meydançaya daxil olan Araz Abdullayev hesabı 2:0-a çatdırdı. Bu arada oyundan sonra “Qəbələ” tərəfi görüşün baş hakimindən narazı qaldı. Etiraf edək ki, Salmanov bəzən epizodlarda yeri gəldi-gəlmədi fitini səsləndirir, hər xırda toxunuşu qayda pozuntusu kimi qeydə alaraq, oyunun tempini “öldürürdü”. Bununla belə, FİFA referisi nəticəyə təsir edəcək hansısa ciddi səhvə yol vermədi və yaxşı olar ki, Adams günahı ilk olaraq futbolçularında axtarsın.

Xüsusi olaraq Qol.Az saytı üçün

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər