Berti Foqts: “Hazırlığın gedişindən razıyam”

Berti Foqts: “Hazırlığın gedişindən razıyam”
ÖLKƏ FUTBOLU 18 Mart 2009 / 16:54 2666
-  A +

“Hazırlığın gedişindən razıyam. Uşaqlar əllərindən gələni edirlər ki, öz bacarıqlarını tam ortaya qoysunlar. Düşərgədə heç bir zədəli futbolçu yoxdur və psixioloji cəhətdən də hər şey qaydasındadır. İnanıram ki, həftəsonu ölkə çempionatının növbəti turundan sonra da futbolçularım millinin düşərgəsinə sağlam qayıdacaqlar”. Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya ilə martın 28-də Moskvada keçiriləcək dünya çempionatının seçmə qrup oyunlarına hazırlaşan Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts bu gün məşqdən öncə jurnalistlərlə görüşündə deyib. Almaniyalı oyun öncəsi proqnoz verməyib: “Mən deyə bilmərəm ki, biz Moskvaya qələbə və yaxud heç-heçə dalınca gedirik. İlk növbədə çalışacağıq ki, gözəl oyun ortaya qoyaq. Rəqibin heyətində konkret olaraq kimisə fərqləndirmək istəmirəm. Arşavin və Pavlyuçenko da digərləri kimi adi futbolçudur. İnanıram ki, mənim futbolçularım müdafiədə diqqətli oynamaqla rəqibin bütün futbolçularının qarşısını ala biləcəklər”. Almaniyalı mütəxəssis Moskvadakı soyuq hava şəraitinin də onlar üçün problem yaratmayacağını düşünür: “Hava şəraitinin bizim üçün problem yaradacağıni düşünmürəm. Мəgər, bizim futbolçular burada zalda oynayırlar? Onlar da rəqibləri kimi açıq havada oynayırlar da”. Sonda Foqts Kamran Ağayevin durumu haqqında da danışaraq Rusiyaya qarşı kimin çərçivəni qoruyacağını müəyyənləşdirmədiyini deyib: “Hazırda Kamranın müalicəsi davam edir. Həkimlərin verəcəyi son qərarı gözləyirəm. Əgər onun oynamayacağı dəqiqləşsə, o zaman fikirləşəcəm ki, qapıya Raufu qoyum, yoxsa, Fərhadı”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı