"Vladislav Qədirov istefaya göndərilməyəcək"

XƏBƏR 26 Noyabr 2008 / 18:29 3636
-  A +

"Təəssüf ki, komandam "Muğan" MOİK-lə doğma divarlar arasında keçirilən oyunda xal itirdi. Qalib də gələ bilərdik, ancaq qol vəziyyətlərinin çoxundan faydalana bilmədik. Epizodlardan birində isə vurduğumuz top qapı dirəyinə tuş gəldi". Qol.Az-a verdiyi açıqlamada "Muğan"ın icraçı direktoru Füzuli Əliyev belə deyib. Premyer-liqada komandasının autsayderlər qrupunda olmasına baxmayaraq, klub rəsmisi baş məşqçi Vladislav Qədirovla yolların ayrılmayacağını bildirib: "Bilirsiniz ki, əvvəlcədən Premyer-liqada çıxış etməyəcəkdik. Ancaq sonradan vəziyyət dəyişdiyindən çempionatın başlamasına 15 gün qalmış komandanı məcburən yığmalı olduq. Təsəvvür edin ki, bazarda hamı əvvəlcədən almanı seçib aparıb qalanını biz almışıq. Yəni, bu məsələdə baş məşqçinin günahı yoxdur və onu istefaya göndərməyi düşünmürük. Bir müddət əvvəl Vladislav Qədirovun sıx münasibətdə olduğu İqor Ponomaryovla sadəcə, dostcasına danışmışdıq".

Bəzi futbolçulardan narazı olduqlarını deyən icraçı direktor qış fasiləsində islahatlar aparılacağını diqqətə çatdırıb. "Əvvəlcə komandada 26 futbolçu vardı və bunlardan 7-sini klubdan kənarlaşdırdıq. Fasilədə göndərilənlərin sayı çoxalacaq" - deyə F.Əliyev vurğulayıb. Onun sözlərinə görə, əvəzində yeni oyunçular gətiriləcək və gələnlər siyahısında yerli futbolçularla yanaşı, legionerlər də olacaq: "Bir sözlə, ikinci dövrədə fərqli komanda görəcəksiniz".

Klubun stadionunda ot örtüyünün pis vəziyyətdə olduğunu etiraf edən F.Əliyev fasilədə bu problemin aradan qaldırılacağına söz verib.

Qeyd edək ki, XII turdan sonra "Muğan"la MOİK 5 xallaəturnir cədvəlində 12-13-cü yerləri bölüşdürür.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı