“Bakı”nın dərdi var, “Turan” tapmacası və ya Hacıyev nə etmək istəyirdi?

“Bakı”nın dərdi var, “Turan” tapmacası və ya Hacıyev nə etmək istəyirdi?
ÖLKƏ FUTBOLU 12 Sentyabr 2011 / 13:25 5795
-  A +

Ötən həftə Azərbaycan Premyer Liqasında V turun oyunları keçirildi. Lider “Xəzər Lənkəran” əzəli rəqibi “Neftçi”ni məğlub edərək zirvədəki yerini qorudu. “Qarabağ”ın xal itirdiyi turda, AZAL-ın Gəncə səfərindən əliboş dönməsi də diqqət çəkdi. Yaddaqalan hadisələrdən biri də “Bakı”nın cari mövsüm ilk qolunu vurması oldu.
İndi isə Qol.Az olaraq, turun ümumi dəyərləndirməsini bir qədər geniş şəkildə sizə təqdim edirik.


“Bakı” – “Rəvan” - 3:2

“Bakı” nəhayət ki, cari mövsümdə ilk qolunu vurdu və ilk qələbəsini qazandı (“İnter” üzərindəki texniki qələbəni nəzərə almırıq). Ancaq bu, hələ o demək deyil ki, biz Aleksandr Starkovu və onun komandasını tərifləməliyik. Bəli, “zolaqlılar” erkən qollarla ilk hissəni 3:0 öndə tamamladılar. Lakin “Rəvan” fasilədən sonra 10 nəfərə qalmasına baxmayaraq, “Bakı”ya futbol dərsi keçdi və hesab arasındakı fərqi minimuma endirməyi bacardı. Bəlkə də bir az vaxt qalsaydı, hesabı da bərabərləşdirəcəkdilər. Bu qarşılaşma göstərdi ki, “Bakı”nın problemləri heç də həll olunmayıb və onlar sadəcə, debütantın matçın startındakı ani çaşqınlığından istifadə edərək ilk hissədə 3 qol vurmağa müvəffəq oldular. İkinci hissədə isə “Rəvan” azlıqda qaldığı halda Starkova başa saldı ki, belə futbolla uzağa getmək olmaz.

“İnter” – “Simurq”  - 1:0

“İnter”in “Simurq”u minimal hesabla məğlub etməsi tam normaldı. Yəni burda qeyri-adi nəsə axtarmaq lazım deyil. Kaxaber Sxadadze 1 həftəlik Gürcüstan toplanışının nəticəsini bu oyunda görməli idi. “Simurq” prinsipcə pis komanda deyil. Ancaq hazırkı imkanlar daxilində onların gücü yalnız elitada qalmaq uğrunda mübarizəyə yetərli ola bilər.

 “Xəzər Lənkəran” – “Neftçi” - 1:0

Turun mərkəzi və prinsipial görüşündə qələbə qazanan “Xəzər Lənkəran” ardıcıl 7-ci matçda da “Neftçi”yə uduzmadı. Lənkərandakı oyun göstərdi ki, paytaxt klubu bu gedişlə çətin ki, çempion adını qorusun.Hər halda komandanın oyununu izləyərkən, buna əsas verəcək mənzərə gözə dəymir. Əvəzində “Xəzər Lənkəran” əsas qol silahı olan Branimir Subaşiç olmadan belə “Neftçi”ni üstələyə bildi və bununla da çempionluğa iddiasını növbəti dəfə ortaya qoydu. Böyükağa Hacıyev isə hazırkı klubunda ardıcıl olaraq ikinci məğlubiyyətini aldı. Bu arada Hacıyevin Lənkərandakı əvəzləmələri də anlaşılmadı. Məsələn, onun “Neftçi”nin ən aktiv futbolçularından olan Rəşad Abdullayevi meydançadan çıxarıb oyun praktikası olmayan Araz Abdullayevi oyuna qoşması heç bir məntiqlə uzlaşmadı. Eyni zamanda Ruslan Abışovun zəif oyunu da diqqətdən qaçmadı. Təsadüfi deyil ki, “Xəzər Lənkəran”ın hesabı açdığı epizodda topu məhz Ruslan öz qapısına vurdu. Nəzərə alaq ki, millinin Qazaxıstanla son matçında da Foqts onu son 4 dəqiqə qalmış meydançaya buraxdı.

 “Qəbələ” – “Turan”  - 2:1

“Turan”, deyəsən, keçən mövsüm olduğu kimi, bu mövsüm də futbol ictimaiyyəti və azarkeşlərlə tapmaca oynamaq niyyətindədir. Bir tərəfdən futbolçularının maaşlarını ödəmirlər, digər tərəfdən Tovuzda 3 böyük meydança tikirlər. Sual ola bilər, əgər pul yoxdursa, bu meydançalar hansı pulla tikilir? Yox, əgər pul varsa, o zaman futbolçular niyə maaşlarını ala bilmədiklərindən şikayətlənirlər? Tapmacanın ən maraqlı tərəfi isə bilirsiniz nədir? Oyundan bir gün öncəyə kimi “Turan”ın Qəbələyə gedəcəyi belə sual altında idi. Daha doğrusu, deyilənə görə, futbolçular maaşlarını almadıqları üçün oyuna da çıxmaq istəmirdilər. Ancaq bu cür vəziyyətdə “Turan” gedib Qəbələdə rəqibi ilə başabaş mübarizə apararaq, hətta hesabı açırsa, o zaman başqa bir sual ortaya çıxır: yoxsa “Turan” bu cür yolla AFFA-dan yardım qoparmaq istəyir? “Qəbələ”yə gəlincə, Adams yenə özünəməxsus açıqlaması ilə diqqət çəkib. O, bu dəfə də öz komandasından daha çox “Turan”ı tərifləyib.

“Sumqayıt Şəhər” – “Qarabağ” - 0:0

Bu oyunda “Qarabağ”ın xal itirməsi kimlər üçünsə gözlənilməz olsa da, Ağdam klubunun gec-tez itkilərə məruz qalacağı gözlənilən idi. Çünki heyət kasaddı, bundan başqa, futbolçular çox yüklənir, zədələr, cəzalar, millinin toplanışları, yol yorğunluqları bütün bunlar yekunda nəticəyə təsir göstərməli idi. Düzdür, “Qarabağ” Sumqayıtda qol vurmaq üçün 4-5 real imkan əldə etdi. Lakin yerli komandanın qapıçısı Andrey Popoviç ağdamlılar üçün keçilməz oldu. Yaranmış imkanlardan istifadə bir yana, az qala Qurban Qurbanovun komandası Sumqayıtdan məğlub ayrılacaqdı. Son dəqiqələrdə Emin Mustafayevin zərbəsindən sonra qapı tiri Ağdam klubunun dadına çatdı. Bu oyunda Əfran İsmayılovun da imkanlarından aşağı səviyyədə çıxış etməsini qeyd edə bilərik. Eyni zamanda Rəşad Sadiqovun yoxluğu da hiss olunurdu. İlqar Qurbanovun erkən zədələnərək meydançanı vaxtından əvvəl tərk etməsi də Qurbanov üçün əlavə problemlər yaratdı. Artıq növbəti tur “Xəzər Lənkəran”la oyunda “Qarabağ”ın qələbədən başqa yolu yoxdur. 

“Kəpəz” – AZAL - 3:1

“Kəpəz” bu qələbə ilə çoxlarını təccübləndirdi. Çünki ötən turda “Neftçi”ni məğlub edən AZAL-ın Gəncə səfərindən əliboş dönəcəyi gözlənilmirdi. Güman etmək olardı ki, Elxan Abdullayevin komandası ən azı 1 xal qazana biləcək. Lakin “Kəpəz” rəqibindən 3 xalı 3 qolla aldı. Bu qarşılaşma AZAL-ın qeyri-stabil komanda olduğunu bir daha sübut etdi. Bu cür qeyri-stabilliklə isə, avrokuboklara vəsiqə haqda düşünmək olmaz. Gəncə klubuna gəlincə, bu komanda ötən mövsümə də pis başlamadı. Sadəcə məhdud büdcə komandanın ilk “altılığ”a düşməsinə imkan vermədi. Bu il də Mehman Allahverdiyevin rəhbərlik etdiyi komanda mövsümə heç də pis başlamayıb və hazırda turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Düşünürük ki, bu komandaya bir qədər də maliyyə dəstəyi olarsa və futbolçularda əlavə stimul yaranarsa, o zaman “Kəpəz” medallar uğrunda mübarizəyə qoşula bilər.

Anar XANLAROV,
xüsusi olaraq Qol.Az saytı üçün

 

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər