Azərbaycanın seçimi və ya Merçi, Messi!

ÖLKƏ FUTBOLU 5 Sentyabr 2011 / 13:50 4458
-  A +

Xəbər verdiyimiz kimi, avqustun 25-də UEFA Almaniyanın məşhur «Kicker» jurnalı ilə birgə Avropanın ən yaxşı futbolçusunu elan edib.

Qol.Az-ın məlumatına görə, «köhnə qitə»nin jurnalistləri arasında keçirilən sorğuya azərbaycanlı jurnalist Rasim Mövsümov da qatılıb və onun da birinci yerə layiq bildiyi «Barselona»nın futbolçusu Lionel Messi hamını qabaqlayaraq Avropanın ən yaxşısı olub.

Qeyd edək ki, R.Mövsümov 2000-ci ildən etibarən Avropanın ən yaxşı futbolçusunun müəyyənləşdirilməsi seçimində iştirak etmək hüququ olan yeganə azərbaycanlı jurnalistdir.

Bu günlərdə R.Mövsümov Monakoda təşkil olunan qitənin ən yaxşı futbolçusunu müəyyənləşdirilməsi prosesinin ikinci mərhələsində iştirak edib, ertəsi «Barselona»yla «Portu» arasında keçirilən Avropa superkuboku matçını izləyib.

R.Mövsümovun səfər təəssüratlarından bəhs edən «Merci, Messi» yazısını Qol.Az-ın oxucularına təqdim edirik.

 

«Merci, Messi»

Avropanın ən yaxşı futbolçusunu əvvəllər «France Football» müəyyənləşdirirdi. Amma ötən ildən Fransa nəşri FİFA ilə birləşərək təsis etdiyi «Qızıl top» mükafatını dünyanın ən yaxşı oyunçusuna verməyə başladı. Belə olan halda Almaniyanın məşhur «Kicker» jurnalı ESM (Avropa İdman Mediası) adından UEFA ilə birlikdə yeni «UEFA Best Player in Europe» mükafatını təsis edərək qitənin «ən yaxşısı»nı seçdilər.


Xatırladım ki, UEFA-nın üzvü olan ölkələrin hərəsindən bir KİV nümayəndəsinin qatıldığı sorğu maraqlı formatda keçirildi və iki mərhələdən ibarət oldu. İlkin mərhələdə daha çox səs toplayan Xavi, Lionel Messi və Kriştianu Ronaldo həlledici mərhələyə vəsiqə qazandılar. Monakoda təşkil olunan ikinci mərhələdə isə canlı səsvermə yolu ilə bu 3 futbolçudan birini seçmək lazım idi və ötən həftə baş tutan bu tədbirdə Azərbaycanı mən təmsil etdim.

PORTUQALİYALI ÖZ HƏMYERLİSİNƏ SƏS VERƏCƏYİNİ ETİRAF ETDİ

Hələ səsvermədən əvvəl UEFA-nın dəvətilə Monakoya gəlmiş KİV nümayəndələrindən kimə səs verəcəkləri ilə maraqlanırdım. Hamı bir ağızdan Messinin adını çəkərək başqa variantın olmadığını deyirdilər.
Rəyini soruşduqlarımdan yalnız Portuqaliya təmsilçisi Huqo Vaskonseloş həmyerlisi Kriştianu Ronaldoya səs verəcəyini etiraf etdi. Sözünün üstündə də durdu.

«TRABZONSPOR»A GÖRƏ SEVİNDİM

«UEFA Best Player in Europe» mükafatı üçün səsvermə avqustun 25-də «Grimaldi Forum» sarayında keçirildi. Yerli vaxtla 17:30-da başlayan Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından sonra. Yeri gəlmişkən, püşkatmadan əvvəlki gün «Fənərbağça»nın danışılmış oyunlarla bağlı qalmaqala görə ÇL-dən çıxarıldığı, qrup mərhələsində onu «Trabzonspor»un əvəz edəcəyini eşidəndə, açığı, çox sevindim. Fikrimcə, Qara dəniz klubu ötən mövsüm Türkiyədə çempionluğa və indi də ÇL-də qrup mərhələsinə birbaşa qatılmağa layiqdir.

XAVİNİN DƏ MÜKAFAT QAZANMASINI İSTƏYİRƏM

Avropanın ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirilən səsverməyə gəlincə, canlı səs vermək üçün KİV nümayəndələrinə köhnə mobil telefon aparatlarını xatırladan aparatlar paylanmışdı. Namizəd futbolçular 1, 2 və 3 nömrə ilə nömrələnmişdilər və seçdiyin bir futbolçunun nömrəsinə uyğun olaraq, telefonda həmin rəqəmi basmaq lazım idi.

Mən 2-ni seçdim. Bu, argentinalı Messinin nömrəsi idi. Təbii ki, hələ səsvermədən əvvəl seçimimi qətiləşdirmişdim. Amma açığı Xavinin seçilməsini istəyirdim. Onsuz Messinin necə oynadığını Argentina yığmasının timsalında görürük. Xavi mükafata layiqdir, amma hələ də fərdi nəsə qazanmayıb. Amma etiraf edək ki, 2010/11 mövsümü Messinin mövsümü oldu.

Səsvermə başa çatandan bir neçə dəqiqə sonra Avropanın 2010/11 mövsümündə ən yaxşı futbolçusunun adını UEFA prezidenti Mişel Platini səsləndirdi: Messi!

53 NƏFƏRİN QATILDIGI SORGUDA 54 SƏS?

Amma kimin nə qədər səs topladığı və kimin kimə səs verdiyi yalnız UEFA-nın rəsmi saytında açıqlandı. Nədənsə, əvvəlcə 53 deyil, 52 nəfərin səs verdiyi barədə məlumat yayıldı. Yeri gəlmişkən, səsvermədən sonra UEFA və ESM-in verdiyi axşam yeməyi zamanı isə təşkilatçılardan biri zarafatca 54 nəfərin səs verdiyini deyərək ora toplaşanları güldürdü.

Messinin də hesabında əvvəlcə 38 səs olduğu bildirilsə də, sonra bu rəqəm 39-a yüksəldi. Ümumiyyətlə, gözlənildiyinin əksinə olaraq, «Barselona»lı hücumçu böyük üstünlüklə qalib gəlmədi. Xavi 11 səs qazana bildi. Kriştianu Ronaldoya isə cəmi 3 nəfər səs verdi ki, onlardan biri qeyd etdiyim kimi portuqaliyalı jurnalist, digəri isə san marinolu… xanım idi. Onunla bağlı bir qədər sonra.

AZƏRBAYCAN VƏ BALTİKYANI XALQARIN DOSTLUGUNU NÜMAYİS ETDİRDİK

UEFA-nın tədbirinə bu təşkilata üzv olan 53 ölkənin hərəsindən bir KİV nümayəndəsi gəlmişdi və təbii ki, iştirakçılar arasında süni qruplaşmalar da formalaşmışdı. Məsələn, erməni jurnalist belarusludan heç ayrılmırdı. Mən və iki həmkarım isə Azərbaycan və Baltikyanı xaqların dostluğunu əyani nümayiş etdirdik. Latviyalı Arturs Vayders və litvalı Neriyus Kesminasla söhbətim daha yaxşı tuturdu. Birinci yerli idman saytının baş redaktoru, digəri isə televiziyada idman şərhçisidir. Hər ikisi çox xoş insanlardır. Azərbaycan futbolunda baş verənlərdən də xəbərdardırlar. Onlar da, deyəsən, elə məhz mənə görə, nə erməni, nə də belaruslu ilə kəlmə kəsdilər…

YALNIZ BİR XANIM, O DA SAN MARİNODAN

UEFA-nın dəvət etdiyi KİV nümayəndələri arasında yalnız bir gənc qadın var idi ki, o da cırtdan ölkə San Marinonu təmsil edirdi. Corcia Bertozzi adlı bu xanım «Nuovo Quotidiano di Rimini» nəşrinin redaktorudur. Təbii ki, San Marino demək İtaliya deməkdir və məhz bu səbəbdən Corcia ilə İtaliya futbolunun indiki vəziyyətini müzakirə etdik. Hazırda onun fikrincə, ən yaxşı italiyalı futbolçunun kim olduğunu soruşduqda, Alessandro Del Pyeronun adını çəkdi. Daha gənc futbolçulardan isə heç kimi fərqləndirə bilmədi.

Təbii ki, digər KİV nümayəndələri ilə də maraqlı söhbətlərim oldu. Məsələn, macar Attila Monçla həmyerlisi Balaş Dşudşakın «Anji»yə gözlənilməz keçidini, Almaniyada yaşasa da, Gürcüstanı təmsil edən David Kakabadze ilə onun vətənindəki siyasi vəziyyəti, ukraynalı Oleq Zadernovski ilə Ukrayna futbolunda baş verənləri müzakirə etdik. Təbii ki, «Fanatik»dən türk Mehmet Demircanla da tez-tez söhbətləşirdik.

1999-cu ildən əməkdaşlıq etdiyim «Sport Ekspress»də futbol şöbəsinə rəhbərlik edən Rusiya təmsilçisi Boris Boqdanov da məni gördüyünə çox sevindi.

«Kicker»dən Rayner Franzke və Manfred Münxrath, portuqaliyalı Huqo Vaskonseloş, isveçli Torbyörn Vestlin, island Skapti Hallqrimsson, lixtenşteynli Ernst Hasler də xoş təsir bağışladılar.

BAHO, BU Kİ, KOLLERDİR

Monako Aralıq dənizinin sahilində yerləşir. Knyazlığın çimərliyi də məşhurdur.  Lacivərd sahilə (rusca adı bizə daha yaxşı tanışdır - «Lazurnıy bereq») baş çəkərkən tanış bir simaya rast gəldim. Baho, bu ki, Yan Kollerdir. Boyu 2,02 metr olan məşhur çexiyalı hücumçu. «Sparta», «Lokeren», «Anderlext», Dortmund «Borussiya»sı, «Monako», «Nürnberq», «Krılya Sovetov» klublarının, həmçinin Çexiya yığmasının keçmiş futbolçusu.

Monakoda məskunlaşan Kollerlə bir-iki kəlmə kəsdik. Vaxtilə Rusiyada çıxış etdiyindən rusca da bilir. 2010-cu ildən Fransanın «Kann» klubunda oynayan 38 yaşlı futbolçu artıq bu yay karyerasını bitirdiyini, yaxın günlərdə vətəni Çexiyaya istirahətə gedəcəyini dedi. Maraqlandıqda yekəpər futbolçu Monakoda iki otaqlı adi mənzilin bir aylıq kirayəsinin təxminən 3 min avro olduğunu bildirdi.

ADİ AXŞAM YEMƏYİ 39 AVROYA

Qiymətlər, qiymətlər, qiymətlər. Monako kasıbların yeri deyil. Necə misal çəkim? Məsələn, orada olduğum ilk gün «Les Grandes Ondes» restoranında adi axşam yeməyim UEFA-ya 39 avroya başa gəldi…

«BARSA»NIN İLK HİSSƏDƏ DƏ QOL VURACAĞINI TƏXMİN ETMƏMİŞDİM

Messini Avropanın ən yaxşı futbolçusu seçdikdən sonra ertəsi gün Monakonun «Stade Louis II» arenasında Avropa Superkuboku uğrunda keçirilən «Barselona» - «Portu» oyununa baxdıq. Qarşılaşmaya dəvət olunanlar xüsusi kuponu dolduraraq matçın nəticəsi ilə bağlı proqnoz verirdilər. Mən birinci hissənin 0:0, ikinci hissənin isə «Barselona»nın xeyrinə 1:0 başa çatacağını yazdım, amma düz tapmadım.

Oyuna Avropa Liqasının qalibi «Portu» daha fəal başladı. Latviyalı həmkarım zarafatca «Barselona»lı futbolçuların oyundan bir gün əvvəl Messinin mükafat qazanmasını «yaxşıca» qeyd etdiklərini bildirdi. Amma tədricən üstünlüyü ələ alan Kataloniya təmsilçisi hər hissədə bir qol vuraraq 2:0 hesabı ilə qələbə qazandı.
Qarşılaşmada ilk qolu da məhz Messi vurdu.

MERCİ MESSI!

(FRANSIZCA - TƏŞƏKKÜR, MESSİ!)

Səni seçməyimizdə yanılmadığımızı sübut etdin. 
Oyun vaxtı çox isti idi. 18048 nəfərin yer aldığı və təxminən ağzına kimi dolu olan «Stade Louis II» stadionunda havasızlıqdan nəfəs belə almaq mümkün deyildi. Amma gecə güclü yağış yağdı…

YILMAZ VƏ FIRAT, SALAMLAR!

Superkubok matçının ertəsi günü Monakonu tərk etdik. Fransanın Nitsa şəhərindən İstanbula uçarkən təyyarədə yanımda oturan iki türklə söhbətimiz necə maraqlı alındısa 3 saata yaxın vaxtın necə gəlib keçdiyini hiss etmədik. Monako təəssüratlarımla bağlı yazacağım yazıda onların da adlarını qeyd edəcəyimə söz verdim. Yazı vasitəsilə Bursada «Ford» avtomobillərinin satışı ilə məşğul olan firmada çalışan Yılmaz Sal və Antalyada «Melik Hukuk Bürosu»nda çalışan gənc vəkil Fırat Melikə salamlarımı çatdırıram.

Rasim MÖVSÜMOV, Bakı-Monako-Bakı

 










Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı