Mehmet Ak: "Qarabağ"ın uğurunun sirri onun adındadır"

Mehmet Ak: "Qarabağ"ın uğurunun sirri onun adındadır"
MÜSAHİBƏ 14 Mart 2009 / 16:18 6587
-  A +

Bu gündən etibarən saytımızda «Qol.Az-ın qonaq otağı» adlı yeni rubrika fəaliyyətə başlayıb. Qol.Az-ın ilk qonağı Ağdamın «Qarabağ» klubunun türkiyəli məşqçisi Mehmet Ak canlı tekst-yayımda oxucuların suallarını cavablandırıb.


SONKAN KONAK: Hörmətli, hocam! Komandanızın uğurunun sirri nədədir?

MEHMET AK: «Qarabağ»ın ilk növbədə ən böyük uğuru onun adındadır. Biz bu komandanın matçlara hazırlarkən fikirləşdiyimiz bir şey var. «Qarabağ»ın adının özəlliyini futbolçular aşılamaq. Əslində bizim uğurlarımızın ən böyük sirri budur. Onun xaricində komanda daxilində uyğuladığımız bir neçə sistem var, dünya futbolundakı yenilikləri «Qarabağ»da uyğulama çalışırıq. Bu mənada, ciddi işlər gördüyümüzü düşünürəm. Amma bunlar hələ yetərli deyil. Azərbaycana ilk gəldiyimdə mətbuat konfransında demişdim ki, iki il içində Azərbaycan səviyyəsindən kənara çıxacağıq. Dörd il içində də Avropa standartlarına çatacağıq. İndi biz işin əvvəlindəyik. Önümüzdəki zamanda daha böyük işlər üçün işlərimiz davam edir.


SƏİD ƏHMƏDOV: «Qarabağ» işğal altındakı Ağdam rayonunu təmsil edir. Türkiyədə yaşadığınız zaman Ağdam və ümumiyyətlə, Qarabağ haqqında məlumatınız vardı?


MEHMET AK: Mənim dünya tarixi ilə bağlı məlumatım çox olub. Azərbaycana gələnə qədər Qarabağ məsələsindən, Azərbaycan xalqının başına gətirilənlərdən xəbərim vardı. Türkiyədə də ermənilərin bu işğalını hər zaman pisləyiblər. Bərdəyə gedəndə Müşfiq Hüseynovla cəbhə xəttinə də getdik. Oralardan Ağdamı seyr etdik. Həqiqətən də insan dəhşətə gəlir. İnsan çox həyacanlanır. İnsanların orda buraxdığı mirası görəndə adam üzülməyə bilmir. Mənim ən böyük arzularımdan biri «Qarabağ»la Qarabağda Avropa kuboku matçını oynamaqdır.


ANAR, SUMQAYIT ŞƏHƏRİ
1.
Mehmet bəy, Azərbaycanda türk klublarına, milli komandasına və futbolçularına böyük sevgi var. Amma təəssüf ki, Türkiyədə Azərbaycan klublarına, milli komandasına və futbolçularına eyni sevgi yoxdur. Hətta bizə yuxarıdan aşağı baxırlar. Sizcə, bunun səbəbi nədir?
2. Əgər subaysınızsa, azəri qızı ilə evlənərsiniz? Ümumiyyətlə, türk qızları daha gözəldir, yoxsa azəri qızları?


MEHMET AK:
1. Belə bir şey yoxdur. Biz hər zaman yaxşı münasibətlərdə olmuşuq. Hətta Türkiyə Futbol Federasiyasının qərarıyla ikinci dəstədə oynayan azərbaycanlı futbolçular yabancı statusda oynamırlar. Bülənt Qorxmazın Bakıya səfəri, Fatih Terimin də ölkənizə gözlənilən səfəri bu münasibətlərin göstəricisidir. Mən özüm də Türkiyədə olarkən iki ölkə futbolunun yaxınlaşması istiqamətində danışıqlar aparmışam. Amma futbol sahəsində münasibətlərin daha da sıx olması üçün federasiyalar və daha yuxarı səviyyəli şəxslər arasında münasibətlər qurulmalıdır. 

2.  Azəri qızları da gözəldir, türk qızları da. Azeri qızıyla evlənmə məsələsinə gəlincə, mənim Türkiyədə evlənməyi düşündüyüm nişanlım var. O da zatən məni saytdan izləyir. Yeri gəlmişkən, ona burdan salamlarımı göndərirəm.


EMRE NƏRGİZ: Mən Emre Nərgiz, Ankara univetstetinin bədən tərbiyəsi fakultəsinin məzunuyam. Hazırda Kocaelide bədən tərbiyəsi müəllimi kimi fəaliyyət göstərirəm. Sizinlə daha əvvəl Ankara universitetinin komandasında birgə çalışdıq. Keçmiş günləri çox gözəl xatırlayıram, çox gözəl komandamız var idi, sizin rəhbərliyiniz altında bir çox uğura imza atdıq. Birlikdə Ankara çempionluğunu qazandıq. Bu çempionluq üçün çox çalışmışdıq. Həmin vaxt buna nail olmaq üçün sizin çəkdiyiniz zəhməti danmaq olmaz. O zaman bizə həmişə nəzəriyyədən bəhs edirdiniz. Bu isə bizə qəribə gəlirdi. “Topu verin oynayaq, nəzəriyyə nəyə lazım deyirdik” sizə. Amma zaman irəlilədikcə, biliklərimiz artdıqca nəzəriyyənin nə qədər önəmli olduğunu indi anlayıram. Qolumuza taxdığınız saata oxşar cihazı hələ də unutmamışam. Qaçarkən iki dəqiqədən bir saata baxıb, ürək döyüntülərimizi ölçürdük. Bu bizə bir qədər gülməli gəlirdi. Ömrümüzdə birinci dəfəydi ki, bu cür məşq edirdik. Amma zəhmətimizin qarşılığını da almışdıq. Çempionluq bizim olmuşdu. Ondan da önəmlisi bir çox dost qazanmışdıq. Komandamızın düşərgəsində dostluq ab-havası hökm sürürdü. Qələbəmizdə bu amil də böyük rol oynamışdı. Öyrənmək istərdim ki, bundan sonrakı hədəfləriniz nədir? Qarşıda Avropada və ya Türkiyədə nəhəng bir klub çalışdırmaq istəyirsiniz?


MEHMET AK: Keçmişi gözəl bir xatiriylə andıq. Universitetdə oxuyarkən universitet komandadasının məşqçiliyini etdim. Xaricdəki yarışlarda iştirak etdik. Ankara və Türkiyə keçirilən universitetlər arasında turnirdə çempion olmuşduq. O zaman mənim çalışma sistemimə uyğun olaraq, oyunçuların səviyyələrinə, fiziki durumlarına görə məşq keçirdik. Ona görə o saatları taxırdıq. İndi bu mesaj mənə o zaman doğru bir iş gördüyümün göstəricisi oldu.
Hədəflərə gəlincə, insan xəyalları ilə yaşayır. Mənim hər zaman ünlü bir yazarın «insanın hədəfsiz qalması ölməsindən daha yaxşıdır» fikri yadımdadır. Həmişə məqsədim doğru bildiyimi etmək olub. Öz adıma önümüzdəki üç ildə İngiltərədə altı ay və ya bir il futbol təhsili almağı düşünürəm. Bununla bağlı İngiltərərədəki dostlarımla əlaqə saxlayıram. 


MALİK QARAYEV: Sizi salamlayıram, Mehmet bəy!
İki sualım var, amma səmimi cavab verin. Türkiyədə çox pul qazanırdınız, yoxsa Azərbaycanda? Türkiyənin ünlü futbolçuları arasında yaxın dostluq etdiyiniz kimlərdir və onların görünməyən tərəfi haqqında nə deyə bilərsiniz?
Sizə və «Qarabağ»ımıza uğurlar! 

MEHMET AK:
1. Mənim hədəfim heç vaxt pul olmayıb. Amma hər insanın bir dəyəri var. Peşəkarlıq mənasında insanlar öz dəyərlərini ortaya qoymaq üçün komandalarla anlaşırlar. Harda daha çox pul qazandım sualına gəlincə, Azərbaycanda da, Türkiyədə də eyni miqdarda pul qazandım. Mən bura pul dalınca və ya çox pul qazanmaq məqsədilə gəlməmişəm. Mənim üçnü pul har zaman ikinci planda olub. Bugünə qədər qazandığım pulun böyük bir hissəsini təhsilim üçün xərcləmişəm.
2. Sərgən Yalçınla yaxşı münasibətim var, «Şəkərspor»da bərabər çalışmışdıq. Əhmət Yıldırımla yaxşı münasibətlərim var. «Qalatasaray»lı futbolçular, ümumən türkiyədəki futbolçuların çoxuyla münasibətlərim var. Sərgənlə bağlı onu deyim ki, o deyildiyi kimi, intizamsız, gecə həyatına maraq göstərən birisi deyil. Sadəcə, olaraq, onu anlamaq və dəyər vermək lazım idi. Çoxları onun oynadığı komandada problem yaratması barədə fikirlər səsləndirirdi. Amma mən problemin ondan qaynaqlanmadığını, bəzilərinin gündəmə gəlmək üçün ona problem yaratdığını düşünürəm. 


NİKMAN:
1.
Mehmet Ak Azərbaycan klublarını nə zaman Çempionlar liqasının qrup mərhələsində görür. Amma konkret.
2. ÇL-də ilk çıxış edəcək klub hansı olacaq?
3. Nə zaman baş məşqçi işləyəcəksiniz?
4. Azərbaycanda legionerlərlə bağlı limit necə olmalıdır?
5. Türkiyə və Azərbaycan futbolu arasında nə kimi fərqlər var?
 


MEHMET AK:

1. Beş il sonra.
2. İnşallah, düşünürəm ki, bunlar «Qarabağ» və «Xəzər Lənkəran» ola bilər.
3. Bunun zamanı var. Hazırda ən böyük hədəfim «Qarabağ»a faydalı olmaqdır.
4. Əgər Azərbaycan futbolunun inkişafını istəyirsinizsə, legionerlərlə bağlı limit tətbiq etmək lazımdır. 10 faydasız legionerdənsə, beş səviyyəli legioner alıb onlarıoynatmaq daha yaxşıdır. Məncə, Azərbaycan legioner limiti «5» olmalıdır.
5. Maliyyə, şərait, uşaq futbolu, stadionlarla bağlı fərqliliklər var. Bu problemlərin də aradan qalxması üçün zamana ehtiyac var. Azərbaycanda ən önəmli problem klubların bazalarının olmamasıdır.  


OXUCU: Salam, Mehmet bey! Bu suallara cavab verməyinizi xahiş edirəm.
1. Sizcə, Azərbaycanın lider komandaları - «Bakı», «İnter», «Qarabağ», «Xəzər-Lənkəran» Turkiyə superliqasinda neçənci yerə tuta bilərlər?
2. Siz «Fənərbaxça» və «Qalatasaray» klublarında çalışmısınız. Türkiyə və azərbaycanlı gənc futbolçularda səviyyə fərqli çoxdurmu. Söhbət istedaddan gedir. Aydındır ki, onlar daha yaxşı futbol təhsili alıb. Bəs istedad?

MEHMET AK:
1.
Əgər adlarını çəkdiyiniz klubları bu dəqiqə aparıb orada oynatsan, ilk onluğa düşə bilməzlər. Amma türk klublarındakı şərait Azərbaycan komandalarında olsa onlar ilk onluğa düşə bilərlər.
2. Mən qətiyyətlə deyirəm ki, iki ölkənin futbolçularının istedad sarıdan fərqliləkləri yoxdur. Aşağı yaş qruplarının təhlilini çox apardım. İstedadsız futbolçu deyə anlayış yoxdur. Hər futbolçunun istedadı var. Məsələn, kiminsə zərbəsi güclüdür, kimisinin başla oyunu güclüdür, kimisini taktik biliyi güclüdür, kimisinin fiziki göstəricələri güclüdür. Amma bununla yanaşı çatışmazlıqları da var. Önəmli olan bu çatışmazlıqları kəşf edib onlara yaxşı təhsil verməkdir. Məsələn, bizim komandada oynayan Rauf Əliyevi göstərim. Mən ötən il komandaya gələndə onun fiziki hazırlıqdan başqa digər bütün cəhətləri üst səviyyədəydi. Maksim, Vaqif də də eynən. Amma indi onların fiziki baxımdan problemləri yoxdur. Onların  zəif yerlərini bilib ona uyğun məşq keçmək lazımdır.
İngiltərədə bir alt yapı oyunçu ildə 700 saat məşq edirsə, bu rəqəm Azərbaycan və Türkiyədə daha az olduğundan İngiltərə səviyyəsinə çatmağıza çox var.


SƏMƏD SƏFƏROV: Mehmet bey, Ağdamın Quzanlı kəndindəki stadion hazır olandan sonra bütün ev oyunlarını orada keçirəcəksiniz?
MEHMET AK: Mən bunun üçün dua edirəm. Amma bu məsələ rəhbərliyin səlahiyyəti daxilindədir.


ÖZGÜR KILIC: Sayın hocam, Azərbaycanda başqa bir komandada çalışmağı düşünürsünüz? Uğurlarınızın davamını arzulayıram.


MEHMET AK: Azərbaycanda məni «Qarabağ»ın sayəsində tanıyırlar. «Qarabağ»dan başqa klubda işləmək barədə fikirləşməmişəm. Mən mənəvi cəhətdən «Qarabağ»a bağlıyam. Amma peşəkarlıqda hər şey var. Uyğun şərtlər daxilində Azərbaycanda başqa bir klubda çalışa bilərəm.


KƏRİM ƏHMƏDOV: «Qarabağ»ın Azərbaycan kubokunun 1/4 mərhələsində «Neftçi»yə qarşı mübarizəsini futbol adlandırmaq olarmı?


MEHMET AK: O günün şərtlərində futbolçularımız meydanda ən yaxşı mübarizəni göstərdilər. «Qarabağ» - «Neftçi» oyunu psixoloji bir savaşdır. Və bu savaşdan da «Qarabağ» komandası qalib ayrıldı.


İMRAN MİKAYILOV: Salam! Əvvəlcə belə sual vermək imkanı yaratdığına görə Qol.Az-a təşəkkür edirəm. Mehmet bəy, sizce Azərbaycan futbolunda ən çox diqqət ediləcək uşaq futboluna nəzarət necə olmalıdır və uşaq futboluna necə proqramm qurulmalıdır?
İkinci sual. Biz komandalarımıza dəstəe vermək üçün stadiona gəlirik (Mən Şirvandan Bakıya gəlirəm). Amma klassik, estetik oyun görə bilmirik. Buna görə də artıq növbəti oyuna getmək marağımız olmur. Bu mənada, siz nə tövsiyə edərdiniz?
Təşəkkürlər.


MEHMET AK:
1. Uşaq futbolunun ən böyük problemi təhsillə bağlıdır. Hansı yaş qrupuna hansı təhsilin verilməsi çox önəmlidir. İngiltərə, Almaniya, İspaniya kimi ölkələrdə altı yaşdan futbol təhsili başlayır. Azərbaycan üçün altı yaşı bir kənara buraxmışıq. Azərbaycanda ən azı 9 yaşından uşaqlar üçün futbol təhsili başlamalı və 18 yaşlarına qədər davam etməlidir. Və bunun üçün xüsusi bir proqram hazırlanmalıdır. Ümumiyyətlə, uşaqların  futbol təhsiliylə bağlı məsələsində tələskən qərar verilməməli, hər yaşın öz ehtiyacına uyğun işər görülməlidir. 13 yaşında aldığınız bir oyunçu artıq 18 yaşında çox yaxşı bir təhsil sayəsində milli komandada və çempionluğa layiq komandada oynamalıdır. Amma futbolun inkişaf etmiş ölkələrində milli komandada 15-16 yaşlı futbolçular da cəlb olunur. Məsələn, Fatih Terim Emre Belezoğlunu 16 yaşında milli komandada oynadıb.

2.  Məncə, azarkeş komandasının pis oyununda da, yaxşı oyununda da yanında olmalıdır. Biz də azarkeşlərimizə çox gözəl oyun nümayiş etdirmək istəyirik. Amma bunun üçün Azərbaycan yetərli imkanların olmadığını hər kəs bilir. Məncə, bıkmadan, usanmadan matçlara gəldməlisiniz. Futbol sizin sayənizdə inkişaf edəcək.


ERKAN TİNMAZ: Türkiyə milli komandasının İspaniya matçlarındakı şansını necə görürsünüz?

MEHMET AK: Məncə, səfərdə udazacaq, amma Türkiyədə qələbə qazanacaq. Dünya çempionatının final mərhələsinə qatılacaq. Ordakı uğuru isə final mərhələsindəki oyunçuların durumundan asılı olacaq. Türkiyəil futbolçuların əksəriyyəti gərgin liq matçlarında oynadığı üçün tez-teh zədələrlə üzə qalırlar ki, bu da Fatih Terim üçün ən böyük problemlərdən biridir.


İBRAHİM:
1.
Siz həm «Qalatasaray»da,həm də «Fənərbaxça»da çalişmısınız. Bəs, özunuz «Fənərli»siniz,yoxsa «Qalatasaray»lı?
2. Türkiyə futboluna yaxından bələd olan birisi kimi necə düşünürsünüz, Rəşad Sadıqovun gücü dörd böyük komandadan birində oynamağa imkan verir.

MEHMET AK:
1.
Özüm Trabzan şəhərindənəm. Amma Türkiyədə heç bir komandanın azarkeşi deyiləm. Avropa kuboklarında hamısının uğur qazanmasını diləyirəm.
2. Rəşad «Kocaelispor»da çox yaxşı hazırlıq dönəmi keçirir, Türkiyə liqinə alışır. Dörd böyük komandada olmasa belə, məncə, önəmüzdəki mövsümdə Rəşad ilk səkkizi oynayan komandayla anlaşa bilər. Rəşadın uğurlu oyunu türk menecerlərinin Azərbaycan futbolçularına baxışını yaxşı mənada dəyişdirib. Məncə, İngiltərə, İspaniya, Almaniyada oynamaq istəyirlərsə, öncə Türkiyədə çıxış etməlidirlər.


ASİF ƏSGƏROV:
Mehmet hoca, inşallah, sədalarının daha böyük klublardan gəlməsini diləyərək aşağıdakı suallarıma cavab verməni istəyirəm.
1. Kubokda məğlub etdiyiniz «Neftçi» komandasında mövsüm ortası bir məşqçi  digərini əvəz edən kimi komandanın oyun üslubu dəyişdi. Bunun səbəbi nədədir? Bir də vurğulayıram ki, futbolçular dəyişməyib.

2. «Qalatasaray»ın «Hamburq» səddini keçəcəyinə yəqin ki, inanmayan azdır. Amma indiki gücdə «Qalatasaray» hara kimi irəliləyə bilər?
Öncədən təşəkkürümü bildirirəm.


MEHMET AK:
1.
Bu, hər zaman olan bir şeydir. Çünki oyunçular yeni gələn məşqçiyə özünü göstərə bilmək üçün yüksək oyun nümayiş etdirmək məburiyyəitindədirlər. Və önəmli bir fakt, bəlkə də buna kimsə diqqət yetirməyib, futbolçu xətanın özündə deyil, məşqçidə olduğunu göstərmək üçün yüksək performans göstərə bilər.
2. «Qalatasaray»da elə bir ruh var ki, Avropada hər zaman başabaş mübarizə sərgiləyə bilir. Məncə, «Hamburq» səddini, bundan sonrakı mərhələni də keçəcək. Ümumiyyətlə, mənim fikrimcə, «Qalatasaray» «Mançester Siti» ilə final oynayacaq.


ARİF YILMAZ: Əvvəla salam. Мən Türkiyədən Arif Yilmaz. Futbolla məşqul oluram. Sizi də “Etimesgut Sekerspor”dan tanıyıram,türk futbolçularına sıx məşqlər (sıkı antremanlar) tətbiq etdiyinizdən xəbərdaram. Türk futboluna göstərdiyiniz xidmətə görə sizə təşəkkür edirəm və sizi Azərbaycan milli komandasında görmək istəyirəm. Məni maraqlandıran məsələ isə odur ki, Azərbaycanda da bu sıx məşqlərinizi tətbiq edirsiniz? Tətbiq edirsinizsə, iki ölkə futbolçuları arasında fərq nədir? Bir də məqşlər, ümumiyyətlə, futbolun nəzəriyyəsi haqda məlumat ala biləcəyimiz bir internet saytı varmı?


MEHMET AK: İnsan orqanizmi hər yerdə eynidir. Sadəcə, futbolçuları bir-birindən ayılan peşəkar yaşamdır.
www.zirvefutbol.com saytında futbol nəzəriyyəsiylə bağlı məlumatlar ala bilərsiniz.


ERHAN AK: Mehmet hocam, «Qarabağ»da qalacaqsınız? «Şəkərspor»da yoxluğunuzu hiss edir və geri dönmənizi istəyirik.


MEHMET AK: Hazırda «Qarabağ»dayam və mövsümün sonuyla bağlı heç nə fikirləşməmişəm. Azərbaycandan və Türkiyədən mənimlə çalışmaq istəyən klublar var. Mövsümün sonunu gözləyək.


VUSAL: Mehmet bey, siqaret çəkirsiniz? Umimiyyətlə, siqaret futbolcu üçün nə qədər ziyanlıdır? Mən bilirəm ki, azərbaycanlı futbolçuların əksəriyyəti siqarət çəkir! Komandanızda kiminse siqaret çəkdiyini bilsəniz nə edərsiniz?


MEHMET AK: Siqarət çəkmirəm, spirtli  içki də içmirəm. Təbii ki, siqarət futbolçular üçün zərərlidir. Siqarət çəkən futbolçulara deyç biləpəm ki, heç olmasa matç günlərində  siqarət çəkməsinlər. 
Əgər bizim komandada kimsə siqarət çəksəydi, onu da eyni sözləri deyərdim və xəbərdarlıq edərdim.


KAMİL ZƏNGİLANLI: «Qarabağ» rəhbərliyi hər mövsüm söz verir ki, yaxşı və güclü komanda yaradacaq. Amma Avropada həmişə özündən aşağı səviyyəli klublara belə uduzur.

MEHMET AK: O vaxtın şərtlərində «Qarabağ»ın gücü eləydi. Amma indi «Qarabağ» Avropa kubokunda iştirak etsə, sonaqədər layiqli mübarizə aparacaq.


QONÇA TAŞTOKA: Həyatınızda sizi ən həyacanlandıran matç hansı olub və niyə?

MEHMET AK: Əgər söhbət Azərbaycandan gedirsə, ötən ilki «Qarabağ» - «Olimpik» və bu mövsümkü «Xəzər Lənkəran» - «Qarabağ» oyunu unutmayacağım matçlar oldu.


RUSLAN QULİYEV: Azərbaycan milli komandasının Rusiya ilə oyunla bağlı nə fikrləşirsiniz?

MEHMET AK: Mən çox istərdim ki, Azərbaycan bu oyunlarda qələbə qazansın. Amma fikrimcə, hər iki oyunda Rusiya qələbə qazanacaq.


RÖVŞƏN ABBASOV: 
 Türkiyənin iki ən güclü komandasında məşqçi işləmisiniz. "Qalatasaray» və "Fənərbaxça»dan sonra Azərbaycana gəlib «Qarabağ»da çalışmaq çətin deyil ki?

MEHMET AK: Həyatın insanları harada çıxaracığı bəlli olmaz. Azərbaycandan sonra da gedib başqa yerdə çalışmaq mümkündür. Əsas harda çalışmağın yox, görldüyün işdir.



KOLARİM: Azərbaycanın premyer-liqasını Türkiyənin neçənci divizionuna bənzətmək olar?
MEHMET AK: Birinci liqasına.



ANAR AZERI

1. «Qarabağ»da hansı futbolçu Türkiyədə oynaya bilər?
2. Vaqif Cavadov Azərbaycanda ən istedadlı futbolçu sayılır. Onu nə zaman Avropada gorəcəyik?
3. «Qarabağ»da yerli futbolçular çoxdu. Sizcə, yerli futbolçularla Azerbaycanda uğur qazanmaq olar?


MEHMET AK:

1. Maksim Medvedyev, Sadat Saini, Vaqif Cavadov.

2. Bu, onun özündən asılıdır.

3. Bizim elə bir komandamız var ki,  legionerlərlə yerliləri fərq qoymuruq. Bizdəki legionerlər bayaq dediyim beş səviyyəli legionerdir. «Qarabağ»da Atim Şakiri kimi futbolçu var. Azərbaycan futbolu ondan faydalanmalıdır. Eləcə də Aslan Kərimov, Azər Məmmədov, Aftandil Hacıyev, Ayxan Abbasov, Zaur Həşimov, Zaur Ramazanovdan da. Yerli futbolçuların çox olmasına baxmayaraq, onları onsuz da milli komandaya çağırmırlar. Cəmi iki futbolçumuz millidə oynayır. 

MEHMET AKDAN SON SÖZ

Öncə Qol.Az-a bu proyektə başlaması münasibətilə təbrik edirəm. Bu, Azərbaycan futbolu üçün bir yenilikdir. «Qarabağ» komandasının bir üzvü olaraq burda bulunduğuma görə mutluyum. Bütün azarkeşlərə səslənirəm, bizi meydanda yalnız buraxmasınlar. «Qarabağ»ın uğurları hələ qabaqdadır. Başda klub rəhbərliyi olmaqla, 24 futbolçumuz, baş məşqçimiz Qurban Qurbanov, məşqçilər Müşfiq Hüseynov, Elçin Xudadatov, Nizami Sadıqov, inzibatçılar, İlqar Əmirov, mətbuat katibi, bir sözlə, bütün personal «Qarabağ»ın uğuru üçün çalışırıq. İnşallah, bu mövsüm «Qarabağ»ı Avropa kuboklarında təmsil edəcəyik .
Dəyərli vaxtını ayırıb bizi canlı izləyən, bizə sual göndərən bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Burda olduğumuz sürədə Azərbaycan futboluna hər zaman yardım etməyə, fayda verməyə hazırıq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın