Mais Mənsimov: “Xəzər Lənkəran” çoxdandır ki, bu səviyyədə oynamırdı»

Mais Mənsimov: “Xəzər Lənkəran” çoxdandır ki, bu səviyyədə oynamırdı»
ÖLKƏ FUTBOLU 12 Mart 2009 / 15:17 2669
-  A +

”Görünür, dünən bizim gün deyilmiş - qazandığımız oyunu əldən verdik. Amma bu, futboldur. Burada oyunun axarına uyğun hadisələrdə baş verə bilər, uyğun gəlməyən də. Amma ən əsası odur ki, uzun fasilədən sonra uşaqlar əsl futbol oynadılar. Elə oynadılar ki, hamımızda inam yarandı. Hesab edirəm ki, belə oyunla “Xəzər Lənkəran” ölkə çempionu titulunu qaytara və ən əsası, avrokuboklarda uğura ümid edə bilər». Qol.Az-ın məlumatına görə, bu sözləri «Bakı»yla dünən keçirilən kubok oyunundan sonra «Xəzər-Lənkəran» klubunun prezidenti Mais Mənsimov söyləyib.
«Baş məşqçi İqor Ponomaryov etimadı nə dərəcədə doğruldub» sualına cavab verən M.Mənsimov hər şeyin qaydasında olduğunu deyib: «Lənkəranda “Karvan”la heç-heçə və “Bakı” məğlubiyyəti hamımızın, o cümlədən də çoxsaylı azarkeşimizin kefini pozmuşdu. Amma hamımız başa düşməliyik ki, yeni məşqçiyə vaxt verilməlidir. Dünənki oyun Ponomaryovun istedadlı mütəxəssis olduğunu üzə çıxardı. O, rəhbərliyin tam dəstəyinə bel bağlaya bilər. Əsas odur ki, komandanın oyununda inkişaf davam etsin. “Xəzər Lənkəran” çoxdandır ki, bu səviyyədə oynamırdı. İndi oynayırsa, deməli, baş məşqçimiz ciddi iş görür».
Mais Mənsimov «XL»in avrokuboklara vəsiqə qazanmaq şansları barədə də danışıb: «Azarkeşlərimiz narahat olmasın. “Xəzər Lənkəran” çempionluq uğrunda mübarizəni sonadək davam etdirəcək və rəqiblərimiz büdrəyərsə, onları bağışlamayacağıq. Amma istənilən halda, Çempionlar Liqası olmasa belə, yeni Avropa Liqasına vəsiqə qazanacağıq. Buna əminəm - komandamız oynayırsa, uğur gələcək. Biz indidən daxili oyunları diqqətdən kənarda qoymayaraq yaya bağlı planlar qururuq. Məqsədimiz mərhələ adlamaqdır. “Xəzər Lənkəran”ın qitə səhnəsindəki uğursuz oyunlar seriyası qırılmalıdır. Məncə, Ponomaryovun sərəncamına daha bir-iki səviyyəli futbolçu versək, o komandanı məqsədə doğru apara biləcək».


 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord