Saşa Yunisoğlu: “Qoy “Xəzər-Lənkəran” özü təhlil etsin ki, harada səhvə yol verdi”

Saşa Yunisoğlu: “Qoy “Xəzər-Lənkəran” özü təhlil etsin ki, harada səhvə yol verdi”
MÜSAHİBƏ 11 Mart 2009 / 21:30 4980
-  A +

Bu gün son dəqiqələrdə “Xəzər-Lənkəran”ın qapısına vurduğu qolla “Bakı”nın yarımfinala çıxmasını təmin edən Saşa Yunisoğlu Qol.Az-a müsahibə verib.

- İlk olaraq, “Xəzər-Lənkəran”la oyun haqda fikirlərini bilmək istərdik.
- Maraqlı oyun oldu. İlk oyunda qalib gəldiyimizdən bugünkü qarşılaşmaya arxayın çıxmışdıq. Buna görə də qapımızdan 2 qol buraxdıq. Amma istəkli oynayaraq sona qədər vuruşduq və şadam ki, sonda növbəti mərhələyə keçə bildik.
- “Bakı”nı sənin son dəqiqələrdə vurduğun qol yarımfinala çıxardı. Həmin anda hesabı bərabərləşdirəcəyini gözləyirdin?
- Təbii ki, bunu hər an gözləmək lazımdır. Əks halda künc zərbəsi zamanı irəli niyə gedirsən? Ondansa getmə də, qal arxada. Gedirsənsə, demək qol vurmaq istəyirsən.
- Etiraf edək ki, çıxışda Kramarenkonun səhvi qol vurmağına kömək etdi.
- Bilirsən, həmin anda məni maraqlandırmırdı Kramarenko səhvə yol verdi yoxsa “Xəzər-Lənkəran”ın müdafiəçiləri. Əsas o idi ki, top qarşıma düşdü və mən də öz üzərimə düşəni edərək bu hədiyyəni qola çevirdim.
- Səmimi cavab ver, Svetkov ikinci qolu vuranda bir anlıq fikirləşmədin ki, artıq növbəti mərhələ əldən çıxdı?
- Düzdür, Adamiya bu haqda fikirləşməyə imkan vermədi (gülür). Svetkovun qolundan dərhal sonra fərqi azaldaraq mübarizəni yenidən qızışdırdı.
- Səncə “Xəzər-Lənkəran” harada səhvə yol verdi ki, 2:0-lıq üstünlüyü əldən verdi?
- Bunu mən niyə fikirləşməliyəm? Qoy “Xəzər-Lənkəran” özü təhlil etsin ki, harada səhvə yol verdi. Mən yalnız “Bakı”nın futbolçusu kimi öz oyunumuz haqqında danışa bilərəm. Hesabda geri düşsək də, əzmkarlıq hesabına 2 qol vurub növbəti mərhələyə adladıq.
- Növbəti mərhələdə sabah oynanılacaq “Neftçi”-“Qarabağ” cütünün qalibi ilə qarşılaşacaqsınız. Səncə yarımfinalda kimin sizə rəqib olmaq şansı daha çoxdur?
- Təbii ki, ilk matçda qələbə qazandığından “Qarabağ”ı sabahkı qarşılaşmada favorit görürəm. Amma “Neftçi”yə azarkeşlik edəcəyəm. Bizimlə kimin görüşməsinə gəlincə, bu, elə də əhəmiyyət daşımır. Hər iki komandaya böyük hörmətimiz var və kiminlə düşsək, oynayacağıq. “Bakı”nın əsas hədəfi həm çempionluq, həm də ölkə kubokunu qazanmaqdır.
- “Bakı”ya gəldikdən sonra daha çox ehtiyatda qalmağın nəylə bağlıdır?
- Zədəylə. Milli komandanın düşərgəsində aldığım zədə klubda əsas heyətdə oynamağıma mane olurdu. Hazırda hər şey yaxşıdır və özümü əsas heyətdə oynamağa hazır sayıram. “Bakı”ya ehtiyatda oturmağa gəlməmişəm ki. Bununla belə əsas heyətdə oynayıb-oynamayacağım baş məşqçidən asılıdır. Amma o şans verməsə, belə etiraz etmək fikrim yoxdur. Əksinə, Haciyevskinin qərarına hörmətlə yanaşacağam.
- Sonda maraqlıdır, vurduğun qolu kimə həsr edirsən?
- Məni sevən və dəstək olan hər kəsə. Ən çox da atama, anama, sevdiyim qıza və kiçik bacıma.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"