Hakim qalmaqalında klub rəsmilərinin də adı keçir

XƏBƏR 11 Mart 2009 / 20:39 2441
-  A +

«Ötən ilin yayında Peşəkar Futbol Liqası yaranarkən Azərbaycanda futbolun inkişafında töhfəmizi vermək istəyirdik. Bunun da əsasını Premyer Liqa və Azərbaycan kuboku oyunlarının sağlam rəqabət şəklində aparılması təşkil edirdi». Qol.Az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev FİFA referiləri Babək Quliyevlə Anar Niyazovun hakimlikdən kənarlaşdırılması məsələsinə münasibət bildirərkən söyləyib. Qurumun rəsmi saytına müsahibəsində R.Musayev deyib ki, hələ mövsüm başlamazdan əvvəl hakimliklə bağlı bəzi dəyişikliklər ediblər: «AFFA prezidenti Rövnəq Abdullayevin təklifi ilə Premyer Liqa və kubok oyunlarını idarə edən əsas hakimlərin qonorarını 600 manata qaldırdıq. Bununla da hakimləri bir növ qərəzsiz idarəçiliyə çağırdıq. Çempionatın gedişində bəzi referilərin hakim adına yaraşmayan fəaliyyətlə bağlı bizə məlumatlar daxil olurdu. FİFA referiləri Babək Quliyevlə Anar Niyazov da bu məlumatlara görə hakimlikdən uzaqlaşdırılıblar».
R.Musayev bildirib ki, bu məsələdə söhbət adları çəkilən iki hakimdən başqa həm də 3-4 komandada çalışan bəzi insanlardan da gedir: «Hazırda araşdırmalarımız davam edir. Bir məsələ dəqiqdir. Anar Niyazov və Babək Quliyevin Azərbaycan hakimliyində yeri yoxdur. İndidən əminliklə deyə bilərəm ki, onlar yaxın 3 il ərzində hakimlik etməyəcəklər. Araşdırmalar isə başqa adlarla bağlı davam edir. Söhbət bayaq dediyim klub rəsmilərindən gedir. Əsas məqsədimiz Azərbaycan futbolunda çirkinliyə yol verməməkdir».
R.Musayev sonuncu hakim qalana qədər mübarizə aparacaqlarını deyib:«Lazım olsa, çempionatın qalan oyunlarının hamısına əcnəbi hakimlər gətirərik. Təki oyunlar obyektiv keçirilsin. Adicə statistikaya nəzər yetirsək gürərik ki, bu qış fasiləsində klublar heyətlərinə 21 legioner cəlb ediblər. Futbola böyük sərmayə yatırıblar. Onların əziyyətini yerə vurmaq olmaz».
 

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi