Biz necə danışaq və ya Suat Usta nümunəsi

Biz necə danışaq və ya Suat Usta nümunəsi
ÖLKƏ FUTBOLU 11 Mart 2009 / 13:50 3143
-  A +

Azərbaycan futbolçularının və bəzi məşqçilərinin danışıqlarında qüsurlar olması, jurnalistlə ünsiyyət zamanı öz fikrini ifadə etməkdə çətinlik çəkməsi barədə mətbuatda dəfələrlə yazılar gedib. Şübhəsiz ki, futbolçunun birinci vəzifəsi öz işiylə peşəkar səviyyədə məşğul olmaqdır və ondan ilk növbədə tələb edilən öz adına layiq oyun göstərməkdir. Amma istənilən halda, kamera qarşısında özünü itirməsi, daha doğrusu, məhz öz peşəsinə dair suallar qarşısında donub qalması yaşıl meydanda sözünü demiş peşəkar futbolçu üçün mənfi hal sayıla bilər.
Azərbaycanın məşhur futbolçularından birinin ANS-in canlı yayımında bütün suallara qısaca olaraq «hə» və «yox» cavabları verməsini tamaşaçılar hələ də istehzayla xatırlayırlar. Ümumiyyətlə, bu gün eyni sözləri təkcə Azərbaycan futbolçusuna yox, eləcə də bir çox məşqçiyə və klub rəhbərinə də aid etmək olar.
Bəs, bu məsələdə Azərbaycanda oynayan və çalışan xarici futbol adamları arasında vəziyyət necədir? Futbol azarkeşləri bilməsə də, jurnalistlər təsdiq edərlər ki, legioner futbolçular və əcnəbi mütəxəssislərlə həmsöhbət olmaq media nümayəndələrinə daha maraqlı gəlir. Xüsusilə, «İnter»in prezidenti Georgi Nikolov, «Bakı»nın vitse-prezidenti Tunc Avşar, «Qarabağ»ın məşqçisi Mehmet Ak natiqliq bacarığı ilə seçilir, futbolla bağlı fikirlərini peşəkar səviyyədə çatdıra bilirlər. İki gün əvvəl telekanallardan birinin qonağı olan «Neftçi»nin türkiyəli futbolçusu Suat Usta isə özünün danışıq qabiliyyətilə Azərbaycanın bir çox futbolçusuna nümunə göstərdi. Yəqin siz də razılaşarsınız ki, Suatın həyat tərzi elə Azərbaycan futbolçusunun həyat tərzi kimidir. Yəni o da hər gün məşqlər edir, futbol oynayır, kitab, qəzet oxumağa yetərincə vaxt tapa bilmir. Amma fərq ondadır ki, Suatın söz bazası var, bizimkilərin böyük əksəriyyətinin isə yoxdur. Bir az da sadə desək, Azərbaycan futbolçusundan 10-15 dəqiqiyə kəlbətinlə çıxarılan sözü, Suat bir sualın cavabında ifadə etmək məharətini göstərdi. Bəs, Suatın, eləcə də Suatın timsalında Azərbaycanda oynayan legionerlərin əksəriyyətinin danışıq qabiliyyətinə görə bizim futbolçulardan irəli getməsinin və mətbuata açıq olmasının səbəbi nədir? Heç şübhəsiz, səbəblərdən biri Suatın yaxşı futbol təhsili alması, əsl peşəkarların arasında yetişməsi və Avropa mədəniyyətini qavramasıdır.
28 yaşlı Suat Usta və yaxud da başqa bir legioner futbolçu nəinki özüylə bağlı sualları məmnuniyyətlə cavablandırdığı, hətta oyunları peşəkar səviyyədə şərh etdiyi halda - hələ cavanları demirik - artıq peşəkar karyerasını başa vurmaqda olan və ya 5-6 il sonra başa vuracaq futbolçularımızın böyük əksəriyyəti, eləcə də adını futbol mütəxəssisi qoyanların çoxusu hələ də necə və hansı formada danışmağın, oyunları hansı səviyyədə təhlil etməyin yolunu öyrənə bilməyiblər.
Əlbəttə, nə qədər acı olsa da, bu bir həqiqətdir. Və bu, bizim futbol adamlarının əksəriyyətinin əsl peşəkarlıq səviyyəsini şübhə altına alan bir məqamdır.
Deməli, Suatın və Suatın timsalında Azərbaycanda oynayan neçə-neçə legionerdən, əcnəbi futbol adamlarından nümunə götürmək heç də pis olmazdı.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı