Qyoko Hacıyevski: "Milli komandada mühit ürəkaçan deyil, vəziyyət pisdir"

Qyoko Hacıyevski: "Milli komandada mühit ürəkaçan deyil, vəziyyət pisdir"
MÜSAHİBƏ 25 Noyabr 2008 / 19:00 5206
-  A +

"Bakı" klubunun baş məşqçisi Qyoko Hacıyevskinin Qol.Az-a müsahibəsi

- Komandanızın birinci dövrədəki çıxışını necə qiymətləndirirsiniz?

- İlk dövrənin başa çatmasına bir tur qalsa da, komandamın oyunundan razıyam. Ötən mövsümlə müqayisədə daha çox irəliləyiş hiss olunur. Bu fərqi getdikcə özünüz də görəcəksiniz. Ancaq təəssüf ki, "Karvan" və "Simurq"a məğlub olduq. Yevlax klubu ilə görüş günü bizim günümüz deyildi. Bilmirəm, komandaya nə olmuşdu. Heç vaxt belə pis oynamamamışdıq. "Simurq"la qarşılaşmada isə uduzmağa layiq deyildik. Qol vurmaq imkanlarımız oldu, çox fərqlənə bilmədik, arxa xətdə səhvlər isə bizə baha başa gəldi. Turnir cədvəlinin lideri "İnter"dən cəmi 2 xal geridəyik və bu, pis göstərici deyil.

- Deməli, bu fərqi aradan qaldırmaq problem olmayacaq?

- İkinci dövrədə "Bakı" indikindən üç dəfə güclü olacaq. Nəzərə almaq lazımdır ki, komanda 3-4 aydır yeni futbolçularla oynayır və uyğunlaşma prosesi gedir. Qış fasiləsində Antalyada məşq keçəcəyik. Heyətə 2-3 futbolçu cəlb olunacaq, çox sayda yoxlama matçı keçirib çatışmazlıqların aradan qaldırılması üçün bütün qüvvəmizlə çalışacağıq.

- Hansı futbolçular göndəriləcək?

- 2-3 futbolçu. İndi bunu açıqlamağın vaxtı deyil.

- Autsayderlər qrupunda qərarlaşan "Muğan"ı 100 faiz məğlub edəcəyinizi söyləmək olarmı?

- Futbolda əvvəlcədən nəticə haqda qəti fikir bildirmək olmaz. "Muğan"ın "Standard"la oyununu izləmişəm. İstənilən rəqibə hörmətlə yanaşırıq və arxayınlaşsaq, bunun acısını görərik. Çox yaxşı haldır ki, komandamızda zədəli və cəzalı futbolçu yoxdur. Bir sözlə, oyuna tam hazırıq.

- Əsasən, zəif komandaları üstələmisiniz, favoritlərlə oyunlarda isə xal itirmisiniz...

- Gəlin, başqa cür danışaq. Sizcə, "Olimpik" zəif komandadır? Hansı ki, 3:1 udmuşuq. Və ya "Qəbələ"ni 3:0, "Standard"ı 2:0 hesabı ilə məğlub etmişik ki, məgər bu klublar da zəif oynayır? "Neftçi"ni güclü olan vaxt udmuşuq. Qeyd edim ki, "Bakı" "İnter" və "Xəzər-Lənkəran"la oyunlarda daha üstün oyun nümayiş etdirib. Lənkəran klubu ilə görüşdə iki penaltimiz verilmədi. Əgər yalnız zəifləri udsaydıq, liderlər qrupunda olan komandalarla aramızdakı xal fərqi cüzi olmazdı. Biz həmişə təmiz futbol oynayırıq və bizim hakimlərin köməyinə ehtiyacımız yoxdur. Nələr baş verdiyini sizlər daha yaxşı bilirsiniz. İlk dövrənin son turunda qalib gələ bilsək, 39 mümkün xaldan 29-nu toplayacağıq ki, bu da az göstərici deyil. Çempionluğun taleyi ikinci dövrədə müəyyənləşəck. Məqsədimiz Premyer liqada uğur qazanıb Azərbaycanı Avropada layiqincə təmsil etməkdir.

- Ümumilikdə hakimlərin idarəçiliyindən narazılığınız varmı?

- Ötən illə müqayisədə referilərin idarəçiliyi yaxşıdır. Ehtiyat hakimlərə görə narahatam. Əgər televiziya və qəzetlər bu səhvlərlə bağlı təhlil aparırsa, mənim danışmağıma lüzum yoxdur.

- "İnter"in lider olmasını qanunauyğunluq hesab edirsinizmi?

- Bu klub ötən mövsümün çempionudur, yaxşı təşkil olunmuş komandadır. "İnter"ə qarşı pis fikir söyləmək istəmirəm. Siz məndən "Bakı"nı tərifləyib, digər komandaları tənqid etməyimi istəyirsiniz?

- Həmkarınız Xodukin Azərbaycanda ən güclü legionerlərin öz komandasında olduğunu deyib.

- Bir daha deyim ki, "İnter"in əleyhinə danışmaq fikrim yoxdur. "Bakı"da legionerlərin sayı qabardılsa da, bəzi klublarda bu, daha çoxdur. "İnter", "Xəzər-Lənkəran" və "Neftçi"də transferlər daha artıqdır. Başa düşmürəm ki, nə üçün "Bakı"nın üzvlərindən Elvin Əliyev və Cəmşid Məhərrəmov yığmaya çağırılmır? Bir səhvə görə futbolçunu millidən kənarlaşdırmaq düzgün olmaz. Özü də məşq zamanı su içdiyi üçün. Cəmşid Azərbaycanın ən yaxşı müdafiəçilərindəndir. Oyunlarda digər yerli futbolçulardan Bəxtiyar Soltanov, Ramazan Abbasov kimiləri də meydana buraxılır.

- Yığmanın baş məşqçisi Foqtsun fəaliyyəti haqda nə düşünürsünüz?

- Foqtsun işi ilə bağlı müsbət fikirdə deyiləm. Ona rəqib sayılıram və tənqid edib münasibətləri korlamaq istəmirəm. Qeyd edim ki, milli komandada mühit ürəkaçan deyil, bir sözlə, vəziyyət pisdir. Mən faktla danışıram.

Yığmanın baş məşqçisi olarkən dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimindən sonra neçə xal qazanacağıma vəd vermişdim?

- 12.

- Bəs, indi neçə xaldır?

- 1.

- Rusiya və Almaniyanı udacağıq?! Finlandiya və Uelslə oyunlar isə çox çətin olacaq. İndi qiyməti özünüz verin.

Əgər oyun, mühit yaxşıdırsa, bu halda bir az nəticə gözləmək olar. Mənim rəhbərliyim dövründə yığmada Azərbaycanın ən güclü futbolçuları oynayırdı: Zaur Ramazanov, Mahmud Qurbanov, Cəmşid Məhərrəmov, Elvin Əliyev və sair.

Anar CƏFƏRSOY

 

 

 

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord