Tahir Gözəl: «Dünyadakı maliyyə böhranı «Qarabağ»a da təsir edib»

Tahir Gözəl: «Dünyadakı maliyyə böhranı «Qarabağ»a da təsir edib»
MÜSAHİBƏ 25 Noyabr 2008 / 14:34 5163
-  A +

«Qarabağ» klubunun vitse-prezidenti Tahir Gözəlin Qol.Az saytına müsahibəsi

- Mövsümün əvvəlində «Qarabağ»ın çempionluq uğrunda mübarizə aparacağını demişdiniz. Birinci dövrə başa çatmaq üzrədir, komanda isə 7-ci yeri tutur. Bu nəticə sizi qane edirmi? Ümumiyyətlə, «Qarabağ»ın birinci dövrədəki çıxışını necə qiymətləndirirsiniz?
- Sabiq baş məşqçimiz Rasim Kara ilə müəyyənləşdirmişdik ki, hədəfləri böyük olan klub yaradaq. Azarkeşlər də tələb edir ki, nəhayət, «Qarabağ» da çempionatı adına layiq yerdə bitirməlidir. Amma sonradan iş elə gətirdi ki, baş məşqçimiz bizdən ayrıldı. Buna baxmayaraq, məqsədlərimiz dəyişməz qalır. Ötən mövsüm ilk 4 oyunda məğlub olmağımız bizi çox geri saldı. Amma sonradan özümüzü toparlaya bildik. İkinci dövrədə «Qarabağ» ən yaxşı komandalardan biri olduğunu sübut etdi. Həmin vaxt fikirləşirdik ki, Kara gənclərdən təşkil olunmuş yaxşı kollektiv yaradıb. 3-4 güclü transfer də həyata keçirdikdən sonra rəqiblərimizin qarşımızda dura bilməyəcəyini düşünürdük. Buna görə də mövsümün əvvəlində çempionluq uğrunda mübarizə aparacağımızı demişdim. Bu sözlərimə görə peşman deyiləm. «Qarabağ» həmişə iddialı klub olub. Bu gün də iddia edirəm ki, biz qızıl medallar uğrunda oynayırıq.
- Rasim Kara mövsümün startına bir həftə qalmış istefa verərək, ağdamlı azarkeşləri şoka saldı. Onun bu addımını necə qarşıladınız?
- Onun gedişi mənim üçün də gözlənilməz oldu. Çünki Rasim bəylə müqavilədən başqa, bir centlmen razılaşmamız da var idi. Baş məşqçinin istəklərini imkan daxilində həyata keçirməyə çalışırdıq. Əlbəttə ki, büdcəmizin imkan verdiyi qədər. Ən bahalı futbolçu almaq hələ o demək deyil ki, komanda 100 faiz nəticə göstərəcək. «Fənərbaxça» Quizanı transfer etsə də, hələ də ondan istədiyini ala bilmir. Bir sözlə, Karanın gedişi mənim üçün də acı sürpriz oldu.
- Kara o zaman gedişini belə əsaslandırdı ki, rəhbərlik verdiyi vədlərin üstündə durmur. Neçə vaxtdır baza yaradılmır və bu səbəbdən də mən postumu tərk etdim…
- Başa düşə bilmirəm, o, niyə belə deyib. Açıq danışmağa üstünlük verirəm. Heç vaxt yerinə yetirə bilmədiyimiz vədləri vermirik. «Qarabağ»ın arxasında kimlərin durduğunu hamı yaxşı bilir. Şirkətimizin Azərbaycan üçün gördüyü işlər hər kəsə bəllidir. Karanın, yoxsa mənim haqlı olduğumu zaman göstərəcək. «Qarabağ»ın gücləndirilməsi yolunda verdiyim sözün üstündə dururam.
- İndi isə keçək keçmiş məşqçinizin narazı qaldığı məsələyə. Bu yaxınlarda Ağdam klubunun yeni bazasının təməlqoyma mərasimi keçirildi. Orada işlərin nə vaxt tamamlanması planlaşdırılır?
- Hazırda dünyada böyük maliyyə böhranı var. Bu böhran bizim işlərimizi də yavaşıdıb. Artıq banklardan böyük miqdarda kredit almaq çətinləşib. Buna baxmayaraq, bazanın tikintisi ilə bağlı işləri davam etdirəcəyik. Ola bilər bir az yubanaq, amma mütləq olacaq.
- Kara mövsümün əvvəlində istefa verdikdən sonra «Qarabağ»ın adı bir çox məşqçilərlə yanaşı çəkilirdi. Ağasəlim Mircavadov və ya Şahin Diniyevin baş məşqçi postuna keçəcəyi gözlənilirdi. Amma siz gənc Qurban Qurbanova güvəndiz. Bu qərarda yanılmadınız ki?
- Futbolumuzun inkişafını istəyiriksə, Azərbaycanda kapital qoymaq lazımdır. Söhbət təkcə futbolçulardan getmir. Yerli məşqçilərə də etimad göstərmək gərəkir. Məşqçisiz qalanda Türkiyənin bir çox tanınmış mütəxəssisləri ilə danışdıq. Amma xaricdən Azərbaycana məşqçilər 2 səbəbə gəlirlər. Ya öz ölkələrində uğur qazana bilmirlər, ya da bura böyük pulların qarşılığında gəlirlər. Bizə belə şey lazım deyil. O vaxt Qurban Qurbanov da dedi ki, Tahir bəy, mənə bir az vaxt verin. Həmin vaxt transfer «pəncərəsi» bağlanmışdı. Bu səbəbdən Qurbanov komandada olan futbolçularla işləmək məcburiyyətində qaldı. Birinci dövrənin sonunda məşqçimizin istədiyi futbolçuları transfer edəcəyik. Qurban kimi məşqçi və insanla tanış olduğuma görə, şadam. Qurban Qurbanovun əsl məşqçi keyfiyyətlərini 2-ci dövrədə görəcəyik.
- Bir ara «Qarabağ»ın ev oyunlarını Ağdamın Quzanlı kəndindəki Olimpiya Kompleksində keçirəcəyi deyilirdi. Hətta bu məqsədlə klub rəsmiləri cəbhə bölgəsinə də səfər etmişdilər. Bu məsələ nə yerdə qaldı?
- Ən böyük arzularımdan biri rəqiblərimizi Ağdamda qəbul etməkdir. 10 min azarkeşin olduğu oyunun ab-havası tamam fərqlidir. Əlbəttə, ev oyunlaırmızı Qarabağda keçirsək, daha çox azarkeş toplayarıq. Quzanlı Olimpiya Kompleksində şərait pis deyil. Amma ot örtüyü ideal vəziyyətdən uzaqdır. İndi bu istiqamətdə müəyyən işlər görürük. Ola bilsin ki, 2-ci dövrədə bəzi iddialı klublarla orada qarşılaşaq.
- «Qarabağ» həmişə uşaq futboluna ciddi önəm verib. İkinci komandanız  əvəzediciəlrin yarışında birinci yeri tutur. Uşaq futbolu ilə bağlı başqa nə planlarınız var?
- «Qarabağ-2»nin uğurları da göstərir ki, bu istiqamətdə işimizi düz qurmuşuq. Futbol Akademiyası üçün Türkiyədən məşqçilər dəvət edəcəyik. Əvvəllər də bu istiqamətdə işləyirdik. Hətta Türkiyədən Sərpil Tüzünü də bura çağırmışdıq. Amma o zaman AFFA-dan istədiyimiz dəstəyi görmədik. Uşaq futbolu ilə bağlı işlər yaxşı getsə də, bu, məni 100 faiz qane etmir.
- Ağdam klubunun azarkeşlərinə nə sözünüz var?
- «Qarabağ»ın maddi vəziyyəti həmişə sabit olub. Söz verirəm ki, belə də davam edəcək. Biz çempionluq mübarizəmizi davam etdirəcəyik. Qoy azarkeşlər də sonadək bizi dəstəkləsinlər.  

Daha çox


Son xəbərlər