Suat Usta: “Pulu fikirləşsəydim, “Neftçi”yə gəlməzdim”

Suat Usta: “Pulu fikirləşsəydim, “Neftçi”yə gəlməzdim”
MÜSAHİBƏ 5 Mart 2009 / 19:08 3629
-  A +

“Neftçi”nin müdafiəçisi Suat Ustanın Qol.Az-a müsahibəsi



- Hazırda komandanın düşərgəsində vəziyyət necədir?

- Vəziyyət yaxşıdır. Məşqlərimizi davam etdiririk, bütün gücümüzlə çalışırıq. Düzdür, son üç oyunda qələbə qazana bilməmişik. Amma əhval-ruhiyyəmiz yaxşıdır. Qarşıdakı matçda uğursuzluğa son qoymaq istəyirik.
- “Simurq”la matçda səni meydanda görə biləcəyik?
- Bir müddət zədəli idim. Artıq sağalmışam. Ötən matçda cəzalı olduğuma görə meydana çıxmadım. Amma “Simurq”la matçda forma geyəcəyimi düşünürəm. Təbii ki, baş məşqçimiz şasn verəcəyi halda.
- İkinci dövrənin ilk turunu 3 xalla başa vursanız da, son 3 görüşdə “Neftçi” qələbəyə həsrət qalıb. Səncə, bunun səbəbi nədir? Komandada hansısa problem var?
- Komandamızda heç bir problem yoxdur. Amma nədənsə oyunlarda qələbə qazana bilmirik. Bu da təbii ki, heç də yaxşı hal deyil. Çünki “Neftçi” köklü bir komandadır. Pis çıxış etməyimiz isə komandanın adına yaraşmır. “Neftçi”nin bu günə düşməsində hamımızın günahı var. Buna görə də hamımız əl-ələ verərək, komandanı pis vəziyyətdən çıxarmalıyıq. Meydanda pis oyun sərgiləməsək də, bu nəticədə öz əksini tapmır. Bu hal da azarkeşləri qane etmir. Çünki onlar komandadan qələbə, kubokda uğurlu çıxış gözləyirlər. Çempionluq bizim üçün artıq xəyaldır. Buna görə də bütün gücümüzü qoyaraq, kuboku qazanmalıyıq. Buna məcburuq. Komanda olaraq hədəfimiz də məhz ölkə kubokudur.
- Qış fasiləsində komandanın heyətinə bir çox yeni oyunçular qoşuldu ki, onlar arasında müdafiəçilər də var. Onlarla rəqabətdən çəkinmirsən ki?
- Mən rəqabətə hər zaman hazıram. 12 illlik karyeram var. Əgər mən rəqabətə hazır olmasaydım və ya rəqabətdən çəkinsəydim, bu müddət ərzində futbol oynamazdım. Güclü klublarda rəqabət həmişə olub. Həm də rəqabətin olması müsbət haldır. Rəqabət futbolçuların daha da inkişaf etməsinə kömək edir. Mən də hər zaman öz üzərimdə çalışıram. Lakin oynayıb-oynamayacağıma baş məşqçi qərar verir. Fikrimcə, mən öz oyunumu sərgiləsəm, əsl Suat Usta kimi çıxış etsəm, “Neftçi”də hər zaman yerim olacaq. Yaxşı və ya pis oynamağımı isə özüm deyil, sizlər, azarkeşlər və təbii ki, mütəxəssislər deyə bilər. Digər tərəfdən də düşünürəm ki, istənilən komandada elə futbolçular var ki, onların komandadakı yeri heç vaxt müzakirə olunmur. Mən “PSV”də də belə görmüşəm, “Qalatasaray”da da.
- Özün də dedin ki, “PSV”, “Qalatasaray” kimi güclü klublarda çıxış etmisən. O zaman ağlına gələrdi ki, nəvaxtsa karyeranı Azərbaycanda davam etdirəcəksən?
- Təbii ki, ən böyük hədəfim Azərbaycanda oynamaq deyildi. Amma hamımız futbolçuyuq və burada oynamaq olar, orada oynamaq olmaz kimi qanun da yoxdur. Son zamanlar futbol dünyanın hər yerində inkişaf edib və ölkələr arasında elə də böyük fərq yoxdur. Çempionlar Liqası və ya UEFA kuboku oyunlarına diqqət yetirsək görərik ki, artıq istənilən komanda digərini məğlub edə bilər. O ki qaldı, Azərbaycana gəlməyimə, düzdür, burada futbol bir o qədər də çox inkişaf etməyib. Amma əl-ələ verib çalışmalıyıq ki, Azərbaycan futbolunu inkişaf etdirək. Türkiyədə də çoxları məndən soruşur ki, “PSV” və “Qalatasaray” kimi klublarda oynadıqdan sonra Azərbaycana niyə getdin? Mənsə, onlara cavabımda bildirirəm ki, mən duyğularımla hərəkət edən biriyəm. Meydandakı oyunuma baxanda da buna şahid olmaq olar. Amma bu mənim özümdən asılı deyil. Çünki məğlubiyyəti qəbul edə bilmirəm. Yenilgi mənim mənliyimə təsir edir. Hansı ölkədə çıxış etməyimin elə də böyük önəmi yoxdur. Əsas odur ki, çıxış etdiyim klubun hədəfləri olsun. Bəzi jurnalistlər deyirlər ki, mən bura pul üçün gəlmişəm. Amma bu düzgün məlumat deyil. Pis çıxmasın, mən Türkiyədə burdakından iki dəfə çox pul alırdım. Əgər pulu fikirləşsəydim, mənə daha çox pul təklif edən klubların təklifini qəbul edərdim, “Neftçi”nin yox. Amma mən İlqar bəylə (“Neftçi”nin vitse-prezidenti İlqar Quluzadəni nəzərdə tutur) danışdım və onun təklifini qəbul etdim. O mənə klubun qarşısında duran hədəfləri anlatdı. Bütün bunlar da mənim ürəyimcə olduğuna görə, buranı seçdim. Mənim işçilərim də azərbaycanlıdırlar. Türkiyə milli komandasının heyətində bura gəldim. Yəni mənim üçün fərqi yoxdur, türkiyəli və ya azərbaycanlı. Hər ikisi mənimçün eynidir. Əgər soruşsanız ki, bura gəldiyimə görə, peşmanammı, sizə əminliklə yox cavabı verərdim. Mövsümün əvvəlinə qayıtsaydıq və öncədən bilsəydim ki, “Neftçi” bu mövsüm bu cür uğursuz çıxış edəcək, yenə də təklifi qəbul edərdim. Çünki komandada eniş olduğu kimi, yüksəliş də olacaq. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan futbolu yüksəklərə qalxacaq və bunda azacıq da olsa, pay sahibi olmaq mənim üçün qürürvericidir. Mən burda daimi deyiləm. Sabah və ya birisigün çıxıb gedəcəm. Amma mən gedəndən sonra kimsə “bir Suat Usta var idi. O gəldi burada futbol oynadı”deyərək məni xatırlasa, mən özümü çox xoşbəxt hiss edərəm.
- Sən və Ali Cansundan başqa, Ahmet Dursun, Fatih Sonkaya kimi Türkiyədə tanınmış futboçular da hazırda Azərbaycanda çıxış edirlər. Onlarla burada görüşmüsən?
- Bəli, onlarla görüşmüşəm. Fatihlə münasibətlərimiz əladır. Çünki biz Hollandiyada da biryerdə oynadıq. Mən “PSV”də çıxış edərkən, Fatih də “Roda”da oynayırdı. Türkiyəyə də eyni vaxtda qayıtdıq. Mən “Qalatasaray”a, o isə “Beşiktaş”a keçdi. Milli komanda da birgə çıxış etmişik. Təsadüfən indi Azərbaycana da demək olar ki, eyni vaxta gəldik.
- Keçmiş komanda yoldaşın Rəşad Sadıqov hazırda Türkiyə superliqasında çıxış edir. Rəşadın Türkiyədəki prespektivi barədə nə deyə bilərsən? Səncə, Rəşadın potensialı “4 böyük”dən birində oynamağa imkan verir?
- Rəşad səviyyəli futbolçudur. Düşünürəm ki, onun gücünü müzakirə etməyə dəyməz. Zəif futbolçu heç vaxt Superliqanın hər hansı klubunda əsas heyətdə meydana çıxmaz. Düşünürəm ki, Rəşad daha güclü klublarda da oynaya bilər. Amma “4 böyük”də çıxış etmək elə də asan deyil. Rəşadın oradakı gərginliyə dözüb-dözməyəcəyini dəqiq deyə bilmərəm.
- Bir müddət əvvəl sənin keçmiş komanda yoldaşın, hazırda isə “Qalatasaray”ın baş məqşçisi olan Bülənt Korkmaz Bakıya gəlmişdi. Hətta sizin oyunu da canlı izlədi. Büləntlə görüşə bildinmi?
- Əlbəttə, onunla da söhbətləşdik. Azərbaycan futbolu haqda da müzakirə apardıq. “Qalatasaray”a baş məşqçi təyin olunmasına görə çox sevindim. Fikrimcə, “Qalatasaray” onu bu posta gətirməklə adına yaraşan hərəkət etdi. Onun “Cim-bom”da uğur qazanacağına əminəm. İnanıram ki, futbolçu kimi qazandığı UEFA kubokunu bu dəfə də məşqçi kimi qazanaraq, daha bir tarix yazacaq.
- Sonda isə Türkiyə çempionatı barədə fikirlərini öyrənmək istərdim. Səncə, bu mövsüm superliqanın qalibi kim olacaq?
- Bu mövsüm superliqada çox gərgin mübarizə gedir. Amma mən çox istərdim ki, çempion “Trabzonspor” olsun. Özüm də əslən trabzonluyam və uşaqlıqdan bu komandaya azarkeşlik etmişəm. Ona görə də məhz “Trabzonspor”un çempion olmasını arzulayıram. Əgər onlar olmasa, o zaman qoy “Sivasspor” qızıl medallara sahib çıxsın.

 

Daha çox


Son xəbərlər
17.08.19  12:15

11 ildən sonra