Amiran Muciri: “Inter”i məğlub etsək, çempionluq şansımız daha da artacaq”

Amiran Muciri: “Inter”i məğlub etsək, çempionluq şansımız daha da artacaq”
MÜSAHİBƏ 23 Fevral 2009 / 15:19 4660
-  A +

“Bakı”nın yarımmüdafiəçisi Amiran Mucirinin Qol.Az-a müsahibəsi

- Əvvəlcə “Neftçi”ya qarşı keçirdiyiniz son oyun haqda danışardın.
- Bu oyuna yalnız qələbə qazanmaq üçün çıxmışdıq. Çünki qarşımıza çempionluğu məqsəd qoymuşuq. Məqsədimizə çatmaq üçün də hər oyunda qələbə qazanmalıyıq. Oyun çox maraqlı alındı. Bizim kimi “Neftçi”də qələbəyə oynadığından meydanda gərgin mübarizə getdi. Lakin düşünürəm ki, biz rəqibə nisbətən daha güclü idik. Buna görə də layiqli qələbə qazandıq. Yəqin heç kim mənimlə mübahisə etməz ki, həmin gün biz “Neftçi”dən yaxşı oynadıq. Qələbə bizim haqqımız idi.  
- Özün necə, qol vuracağını gözləyirdin?
- Mən hər oyuna qələbə qazanmaq üçün çıxıram. Təbii ki, qol vurduğuma görə də çox şadam. Lakin mənim və ya bir başqasının fərqlənməyinin bir o qədər də önəmi yoxdur. Əsas komandanın qələbə qazanmasıdır.
- Rəqib haqda nə deyə bilərsən?
- “Neftçi” çox güclü komandadır. Heyətində kimlərin oynamasından, hazırkı durumundan asılı olmayaraq, “Neftçi” elə “Neftçi”di. Bu komandaya çox böyük hörmətim var. “Neftçi”nin Azərbaycan futbolu üçün nə demək olduğunu da çox gözəl anlayıram. Düzdür, hazırda “Neftçi” elə də uğurlu çıxış etmir. Komandada eniş var. Lakin istənilən halda, “Neftçi”ya qarşı oynamaq hər zaman çətindir.
- “Bakı”nın mövsümlərarası fasilədə heyətinə qatdığı yeni oyunçular barədə nə düşünürsən?
- Mahmud haqda danışmağa dəyməz. Onun səviyyəsi hamıya məlumdur. Azərbaycan futbolu üçün çox işlər görüb. Adamiya və Saşa Yunisoğlu da güclü futbolçulardır. Həmyerlim artıq uzun müddətdir ki, Azərbaycanda çıxış etdiyindən onun gücü azarkeşlərə bəllidir. Yeni hücumçularımız - Batista və Hasan Suari də çox yaxşı futbolçulardır. Onların da komandaya böyük xeyir verəcəyinə əminəm. Antalyada keçirdiyimiz təlim-məşq toplanışında yaxşı təsir bağışladılar. Komandaya da uyğunlaşa biliblər.
- Qarşıdakı təqvim çox sıxdır. “Bakı”nı ardıcıl çətin oyunlar gözləyir. Səncə, komanda bu sıxlığa tab gətirə biləcək?
- İnanmıram ki, nəsə problem olsun. Çünki komandamızın heyəti çox genişdir. Hardasa 2 eynisəviyyəli heyətimiz var. Yəni arzuolunmaz halla qarşılaşacağımız halda - futbolçulardan kimsə zədələnəcəyi və ya cəzalı dururma düşəcəyi təqdirdə, yeni gələnlər onları layiqincə əvəzləyəcək. Buna görə də inanmıram ki, hansısa problemlə qarşılaşaq.
- “Xəzər-Lənkəran”la ilk oyunu səfərdə keçirəcəksiniz. Səncə, səfərdən sərfəli nəticə ilə dönmək mümkün olacaq?
- Futboldu, hər bir şey mümkündü. Amma biz həmin oyunda da uğurlu nəticə üçün oynayacağıq. Səfərdən yaxşı nəticə ilə donməliyik. Çünki məqsədimiz həm çempionat, həm də kubokda uğurlu çıxış etməkdir.
- Çempionatın növbəti turunda “İnter”lə qarşılaşacaqsınız. Necə düşünürsən, bu oyun çempionluğun taleyi baxımından həlledici ola bilər?
- Həqiqətən də, çox çətin oyun olacaq. Çünki “İnter” də güclü komandadır və bizim kimi çempionluğa oynayırlar. Hazırda da turnir cədvəlində liderdilər. Həmin matça da yaxşı hazırlaşacağıq. Qələbə qazanmağa çalışacağıq. Deməzdim ki, bu oyun çempionluğun taleyini həll etsin. Amma fikrimcə, qələbə qazana bilsək, çempionluq şansımız daha da artacaq. Həm zirvəyə yüksələcəyik, həm də qızıl medallara doğru mühüm addım atmış olacağıq.
- “Neftçi” ilə oyunda fərqlənməklə qollarının sayını 10-a çatdırdın. Hazırda bombardirlər yarışında Svetkovla birgə şərikli lidersən. Necə düşünürsən, bombardir olmağı bacaracaqsan?
- Hər bir futbolçu kimi mən də bombardir olmağı istərdim. Bunu üçün də sona qədər mübarizə aparacağam. Amma əsas mənim yox, komandamın birinci olmasıdır. Amma “Bakı” çempion, mən də bombardir olsam, həqiqətən də möhtəşəm olardı.
- Artıq 35 yaşın var. Yaşının çoxluğuna baxmayaraq, gözəl oyun sərgiləyirsən. Hətta bombardirlik uğrunda da mübarizə aparırsan. Bu yaşda bu cür oynamaq asan deyil. Bunu necə bacarırsan?
- Futbol oynamaq üçün özümdə güc hiss edirəm. Yaxşı komandada forma geyirəm, yaxşı məşqçilərn rəhbərliyi altında çalışıram. Hələ bir müddət də karyeramı davam etdirməyi düşünürəm.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı