Cəmşid Məhərrəmov: «Biz «Neftçi»dən güclüyük və bunu meydanda sübut edəcəyik»

Cəmşid Məhərrəmov: «Biz «Neftçi»dən güclüyük və bunu meydanda sübut edəcəyik»
MÜSAHİBƏ 18 Fevral 2009 / 19:07 4498
-  A +

«Bakı»nın müdafiəçisi Cəmşid Məhərrəmovun Qol.Az-a müsahibəsi

- Əvvəlcə bir qədər Antalya toplanışı barədə danışaq.
- 3 həftə ərzində Antalyada çox yaxşı hazırlıq keçdik. Rəhbərlik bizim üçün hərtərəfli şərait yaratmışdı. Biz də əlimizdən gələni əsirgəmədik. Düzdür, Antalyada havaların pis keçməsi bir qədər işimizə mane oldu. Amma ümumi götürdükdə təlim-məşq prosesimiz çox uğurlu alındı.
- Lakin yoxlama oyunlarında komanda bir o qədər də uğurlu çıxış etmədi.
- Adından da göründüyü kimi həmin matçlar yoxlama xarakteri daşıyırdı. Yəni həmin oyunlarda nəticə bir o qədər də önəm daşımırdı. Əsas olan yeni futbolçuların komandaya uyğunlaşması idi. Təbii ki, futbolçu çıxdığı hər oyunda qələbə qazanmaq istəyir. Amma onu da deyim ki, rəqiblərimiz də heç də zəif komandalar deyildilər.
- Yeni oyunçulardan söz düşmüşkən, onlar haqda nə deyə bilərsən?
- Komandamıza qoşulan futbolçuların demək olar ki, hamısı yüksəksəviyyəlidir. Mahmud Qurbanov və Saşa Yunusoğlu eyni zamanda milli komandamızda da çıxış edirlər. Hər ikisi çox peşəkardırlar. Georgi Adamiya da artıq neçə ildir ki, ölkəmizdə çıxış etdiyindən onun səviyyəsi hamımıza məlumdur. Legionerlərimiz haqda da yalnız xoş söz demək olar. İnanıram ki, onların da köməkliyi sayəsində qarşımıza qoyduğumuz məqsədə çatacağıq.
- Artıq ikinci dövrənin ilk turu geridə qalıb. MOİK-lə oyun haqda nə deyə bilərsən?
- Rəqibin kimliyindən asılı olmayaraq, ilk oyun həmişə çətin keçir. MOİK autsayderlər qrupunda yer alsa da, meydana xal qazanmaq üçün çıxmışdı. Lakin bizim də itiriləsi xalımız olmadığından, gücümüzü meydanda qoyduq və nəticədə böyükhesablı qələbə qazandıq.
- Növbəti turda «Neftçi» ilə qarşılaşacaqsınız. Statistikaya diqqət yetirsək, görərik ki, «Bakı» tarixi ərzində hələ «Neftçi»ni mövsüm ərzində hər iki oyunda məğlub edə bilməyib. Necə düşünürsən, bu dəfə tilsimi qırmaq mümkün olacaq?
- Mən statistikaya diqqət yetirmirəm. Bircə onu bilirəm ki, bu mövsüm «Bakı» çempionluğa oynayır. Məqsədimizə çatmaq üçün isə hər oyunda qələbə qazanmalıyıq. O cümlədən də «Neftçi» ilə matçda. Düzdür, rəqib güclüdür. Bizim kimi, onlar da ikinci dövrəyə qələbə ilə başlayıblar və bu seriyanı davam etdirmək istəyəcəklər. Amma biz daha güclüyük və bunu da meydanda sübut edəcəyik.
- Ümumiyyətlə, çempionluq mübarizəsində əsas rəqib qismində hansı komandanı görürsən?
- Son çempion «İnter»in yaxşı, oturuşmuş heyəti var. Komandanın əsasını təcrübəli futbolçular təşkil edir. Düşünürəm ki, əsas rəqibimiz də elə «İnter» olacaq. Lakin «Xəzər-Lənkəran», «Qarabağ» və «Karvan»ı da hesabdan silmək olmaz. Lənkəranlılar heyətini tanınmış türkiyəli futbolçularla gücləndirməklə adından söz etdirdi. «Karvan»la «Qarabağ» da yaxşı futbol sərgiləyirlər. Hər iki komandanın əsasını yerli oyunçular təşkil edir ki, onlar da yaxşı oyunla seçilirlər.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı