Rail Məlikov: “Neftçi”dən gedənlərin yeri görünür”

Rail Məlikov: “Neftçi”dən gedənlərin yeri görünür”
MÜSAHİBƏ 16 Fevral 2009 / 12:55 4520
-  A +

“Neftçi”nin və milli komandanın aparıcı futbolçularından olan Rail Məlikov Qol.Az-a müsahibəsində ikinci dövrənin ilk turu və komandasının gələcək perspektivi haqqında danışıb

- «Standard»la oyunla bağlı nə fikirdəsən?
- İkinci dövrənin ilk turu olduğundan hələ tam olaraq uyğunlaşma yox idi. Yeni heyət formalaşır, ilk dəfə idi ki, çempionat oyunundan bir yerdə meydana çıxırdıq. Şəxsən öz barəmdə deyə bilərəm ki, bu cəhətdən müəyyən çətinlik hiss etdim. Millinin düşərgəsindən gəldiyimdən bu, özünü daha qabarıq göstərdi. Amma inanıram ki, turlar keçdikcə hamı bir-birinə daha yaxşı uyğunlaşacaq.
- Qələbəni çox çətinliklə, özü də son dəqiqələrdə vurulan qol hesabına qazandınız.
- Xeyr, mən bu fikirlə razılaşmıram. Hesabda öndə olduğumuz zaman iki real qol şansını boşa verməsəydik, daha rahat qələbə qazana bilərdik. Bir də qolun 90-cı dəqiqədə vurulması o demək deyil ki, yaxşı oynamamışıq. Futbol 90 dəqiqə oynanılır, 70 dəqiqə yox. Buna görə də qolun əvvəldə, yaxud axırda vurulması elə də önəmli deyil. Əsas üç xaldır ki, onu da qazandıq.
- Amma razılaş ki, hesab 1:1 olarkən rəqibin 100 faizlik qol epizodu oldu. Əgər onu düzgün dəyərləndirsəydilər, işiniz çox çətin olacaqdı. Bu fikirlə razısan?
- Sualınıza cavab tapmaq üçün ilk növbədə “Standard”ın həmin epizodu qola çevirməsi lazım idi. Yalnız bundan sonra bizim necə oynayacağımız məlum olacaqdı. Mənə elə gəlir ki, istənilən halda toparlanıb məğlubiyyətdən xilas ola biləcəkdik.
- Bu qarşılaşmada “Neftçi”dən gedən futbolçuların yeri göründü?
- Bunu mənim deməyim artıqdır. Hər şey göz qabağındaydı. Neçə il eyni komandada oynamışdıq. Bu mənada, yerlərinin görünməməsi mümkün deyildi.
- İlk dövrə ilə müqayisədə Gede nəyisə dəyişə bilib?
- Hər halda nəsə dəyişib ki, komanda ikinci dövrəyə qələbə ilə başladı.
- Yeni legionerlər haqqında nə deyə bilərsən?
- Mən bu haqda heç nə demək istəmirəm. Əgər rəhbərlik və baş məşqçi məsləhət bilib onları komandaya dəvət ediblərsə, deməli, güclü futbolçulardır.
- Növbəti turda daha güclü “Bakı” ilə qarşılaşacaqsınız. Uğurlu startın davamı gələcək?
- Bilirsiniz ki, bizim əsas hədəfimiz kuboku qazanmaqdır. Amma çempionat oyunlarına da məsuliyyətlə yanaşırıq. “Bakı” çox güclü komandadır. Özü də üç il o klubun şərəfini qorumuşam. Çətin oyun olacaq. Deyə bilmərəm ki, yüz faiz qələbə qazanacağıq. Amma sona qədər mübarizə aparacağıq.
- Qeyd etdin ki, əsas hədəf kubokdur. O zaman belə çıxır ki, “Bakı”ya qarşı tam qüvvə ilə oynamayıb əsas gücü kubok matçına saxlayacaqsınız.
- Xeyr, mən belə düşünmürəm. Çünki çempionatda da bacardıqca yüksək pillələrə qalxmaq istəyirik. Kubok uğrunda mübarizə aparırıqsa bu, o demək deyil ki, çempionat oyunlarına uduzmaq üçün çıxacağıq.
- Premyer-liqada qarşınıza maksimum nəticə nə qoyulub?
- Konkret nəticə qoyulmayıb. Amma biz əlimizdən gələni edəcəyik ki, heç olmasa, ilk “4-lüy”ə düşək. Çünki hazırda turnir cədvəlində tutduğu yer “Neftçi”nin adına layiq deyil.
- Bəs, hazırkı heyət kuboku qazanmağa imkan verir? Hər halda “Standard”la oyundan sonra yeni heyət haqda müəyyən fikir formalaşdırmaq olar.
- Bir oyuna əsasən konkret fikir söyləmək çətindir. Amma mən güman edirəm ki, kuboku qazanmağa gücümüz çatar. Həyatda mümkünsüz heç nə yoxdur. Sadəcə, məqsədə çatmaq üçün əziyyət çəkmək lazımdır.

Daha çox


Son xəbərlər