Avropa kubokunun son sahibi də qrupda qaldı

XƏBƏR 17 Dekabr 2010 / 10:30 1646
-  A +

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. Dekabrın 16-da keçirilmiş VI turun ikinci oyun günündə 1/16 final mərhələsinə son 3 vəsiqə sahibini tapıb. Rusiyanın “Zenit” klubu növbəti mərhələyə vəsiqəni hələ ötən tur təmin etsə də, qələbədən doymayıb. Bu dəfə Yunanıstan “Aris”ini darmadağın edən “Zenit” Avropa kuboklarında qrup mərhələsini maksimum xalla başa vuran yeganə klub olub. 6 oyundan 18 xal yığan baş məşqçi Luçano Spalettinin komandası G qrupundan ikinci vəsiqənin sahibinin müəyyənləşməsində də az rol oynamayıb. Məhz AEK-in məğlubiyyətindən yararlanan “Anderlext” “Hayduk” üzərində qələbə sayəsində adını növbəti mərhələyə yazdırıb. Buna Belçika və Yunanıstan komandalarının öz aralarındakı oyunlarında birincinin üstünlüyü səbəb olub.

Fransa “Lill”i Belçika “Gent”ini yenərək, 1/16 finala çıxıb. Qrup mərhələsinin ən böyük sensasiyası isə Avropa Liqasının ötən ilki qalibi “Atletiko”nun növbəti mərhələyə yüksələ bilməməsi olub. İspaniya komandası son turda Almaniyada “Bayer”lə heç-heçə edib. Əvəzində Yunanıstan “Aris”i Norveç “Rusenborq”unu məğlub edərək, mərhələ adlayıb.

Beləliklə, Çempionlar Liqasının qrup mərhələsindən 3-cü yeri tutan 8 klubla birgə Avropa Liqasının 1/16 finalına yüksələn bütün komandalar müəyyənləşib: “Braqa”, “Portu”, “Sportinq”, “Benfika” (hamısı Portuqaliya), “Rubin”, MOİK, “Spartak”, “Zenit” (hamısı Rusiya), “Ayaks”, “Tvente”, PSV (hamısı Hollandiya), “Vilyarreal”, “Sevilya” (hər ikisi İspaniya), “Metallist”, “Dinamo” Kiyev (hər ikisi Ukrayna), “Lill”, PSJ (hər ikisi Fransa), “Liverpul”, “Mançester Siti” (hər ikisi İngiltərə), “Bayer”, “Ştutqart” (hər ikisi Almaniya), PAOK, “Aris” (hər ikisi Yunanıstan), “Bazel”, “Yanq Boyz” (hər ikisi İsveçrə), BATE (Belarus), “Sparta” (Praqa, Çexiya), “Napoli” (İtaliya), “Beşiktaş” (Türkiyə), “Reyncers” (Şotlandiya), “Lex” (Polşa), “Anderlext” (Belçika).

Çempionlar Liqası və Avropa Liqasının püşkü dekabrın 17-də atılacaq.

Daha çox


Son xəbərlər