Foqts Qurbanovla «Aeroport»da, Şeferlə restoranda görüşdü

Foqts Qurbanovla «Aeroport»da, Şeferlə restoranda görüşdü
ÖLKƏ FUTBOLU 17 Dekabr 2010 / 11:19 2184
-  A +

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov bugünlərdə millimizin çalışdırıcısı Berti Foqtsla görüşü haqda açıqlama verib. O, «Aeroport» otelində keçirilmiş görüşdə yığmanın yığmanın qısamüddətli toplanışlarından danışıb, ümumi fikir mübadiləsi apardıqlarını deyib. «Özü də bildirdi ki, bütün bunları etməkdə məqsədi Azərbaycan futbolunu inkişaf etdirməkdi. Kobud dildə desəm, bizdən dəstək istədi. Əlbəttə, futbolçuların həftəarası komandadan ayrı düşməsi mənə sərf etmir. Bunu özünə də dedim. Amma nə etməli? Yığmanın inkişafı naminə dözməliyik. Millinin toplanışı ilə bağlı futbolçular yanvarın 27-də klubdan ayrılacaq. Biz isə həmin ərəfədə təlim-məşq toplanışında olacağıq. Yəqin ki, yoxlama oyunlarının ikisində iştirak edə bilməyəcəyik» - deyə Q.Qurbanov bildirib.
Foqts Qurbanovla yanaşı «Bakı»nın baş məşqçisi Vinfrid Şeferlə də görüşüb. Şefer görüşün Bakıdakı restoranlardan birində baş tutduğunu söyləyib. «Bu dəfə şəhərin mərkəzindəki restoranlardan birində oturub xeyli söhbət etdik. Həm yığma, həm Azərbaycan futbolu, həm Almaniyadakı durum, həm də ailəmizdən danışdıq. Şübhəsiz, əsas mövzu milli ilə bağlı idi. Özünə də dedim ki, mənim üçün qısamüddətli toplanışların heç bir fərqi yoxdur. Onsuz da yığma ilə «Bakı»dakı fiziki hazırlıqların ağırlığı, demək olar, eynidi. Bu yöndə futbolçularımın əziyyət çəkəcəyinə inanmıram. Bertinin məqsədi yığmanı ailə kimi formalaşdırmaq, futbolçuların hazırlığını artırmaqdı. Bu işdə hamımız ona yardımçı olmalıyıq. Yaxşı olardı ki, bütün klub məşqçiləri Foqtsla əl-ələ verib Azərbaycan futbolunun inkişafı naminə çalışsın» - deyə o bildirib («Futbol+»).
Qeyd edək ki, hələlik Foqtsun Premyer Liqada mübarizə aparan digər klub məşqçiləri ilə görüşü keçirilməyib.

Daha çox


Son xəbərlər