Vaqif Sadıqov: «Biz niyə də «Avro-2016»da oynamayaq?!»

MÜSAHİBƏ 16 Dekabr 2010 / 12:09 3100
-  A +

Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqov Berti Foqtsun «bizim əsas hədəfimiz «Avro-2016»nın final mərhələsində oynamaqdır» fikrinə münasibət bildirib. Qol.Az-ın müxbirilə söhbətində Vaqif Sadıqov deyib ki, son illər Azərbaycanda futbolunda sürətlə inkişaf getdiyindən millimizin «Avro-2016»nın finallarında oynamasına real yanaşmaq lazımdır: «Azərbaycan futbolu ölkədə gedən sürətli inkişaf prosesilə ayaqlaşmağa başlayıb. Bu mənada, futbolumuzda da nəzərə çarpan inkişaf əvvəl-axır məntiqi sonluqla tamamlanmalıdır. Bir neçə il əvvəl bizim klublarımız Avropa kuboklarında bir mərhələ adlayanda bunu haradasa yetərli sayırdıq, indi ən azı üç, dördüncü mərhələdə mübarizəni dayandıranda narazı qalırıq. Bütün bunlar özü artıq inkişafdan xəbər verir. «Avro-2016»da oynamaqla bağlı deyilənlər, təkcə Berti Foqtsun deyil, bizim hamımızın başlıca hədəfimiz olmalıdır.  Buna nail olmaq üçün təkcə məşqçi, futbolçu deyil, biz hamımız birləşib komandamıza kömək etməliyik».
Vaqif Sadıqov Foqtsun bu fikrinə real baxmayanlarla razılaşmayıb: «Biz niyə də «Avro-2016»da oynamayaq?! Bu gün Azərbaycanda istedadlı gənclər formalaşır. Ölkəmizdə və futbolmuzda gedən inkişaf da bu məsələyə nikbinliklə baxmağa əsas verir. Mən belə məsələlərdə həmişə Türkiyəni yada salıram. Qardaş ölkə 15-20 il ərzində güclü sıçrayışa nail ola bildi. Hesab edirəm ki, artıq Azərbaycan futbolunun da Avropada öz sözünü deməsinin vaxtı çatıb».
Bu hədəfə çatmaq üçün qarşıda hələ xeyli vaxt olduğunu deyən Sadıqov gənc nəsil futbolçularla aparılan işlərin o vaxta qədər bəhrəsini verəcəyinə inandığını söyləyib: «Bügünkü istedadlı gənc futbolçularımız həmin dövrə qədər ən optimal formalarına çatacaqlar. Əsas odur ki, hədəfə çatmaq üçün səhvlərə yol verməyək».
Vaqif Sadıqov hesab edir ki, millinin uğurlarına nail olmaq üçün təlim-məşq toplanışlarının çox olması vacibdir: «Mən həmişə müasirliklə ayaqlaşmanın lehinə olmuşam. Hələ 1998-ci ildə, millinin baş məşqçisi olanda söyləmişdim ki, komandanın təlim-məşq toplanışlarının sayı çoxalmalıdır. Amma eyni zamanda vurğulayım ki, millinin hazırlıq prosesi qısamüddətli olmamalıdır. Təqvim hazırlananda milli üçün də «pəncərə» açılmalıdır. Eyni zamanda hazırlıq prosesi elə getməlidir ki, bu, klubların da işinə ziyan vurmasın. Hesab edirəm ki 3-4 günlük toplanışlar nə nə milliyə, nə də klublara xeyir verə bilər. Təlim-məş toplanışları tez-tez olmalı, ən azı 10 günü əhatə etməli, toplanışın sonu isə bir yoldaşlıq oyununun keçirilməsi ilə tamalanmalıdır. Mən millidə işləyəndə söyləmişdim ki, klub-yığma münasibətləri lazımi səviyyədə deyil. İndi də klublar baş məşqçi Foqtsa bir araya gəlib lazım olan təqvim planıyla bağlı birgə razılığa gəlməlidirlər» - deyə V.Sadıqov bildirib.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq