Hamlet İsaxanlı: «Ramiz Mirzəyev dedi ki, AFFA-da kimin kefi nə istəyir, onu da edir»

Hamlet İsaxanlı: «Ramiz Mirzəyev dedi ki, AFFA-da kimin kefi nə istəyir, onu da edir»
MÜSAHİBƏ 6 Fevral 2009 / 17:59 6323
-  A +

AFFA-nın İcraiyyə komitəsinin sabiq üzvü, “Xəzər-Universiteti” klubunun yaradıcısı Hamlet İsaxanlı uzun müddətli fasilədən sonra Azərbaycan futbolunun durumuyla bağlı Qol.Az-a müsahibə verib

- Hamlet müəllim futbol üçün darıxmırsınız ki?
- Açığı, dəhşətli dərəcədə darıxmamışam. Bəlkə də başqa maraqlı işim olmasaydı, darıxardım. Amma bilirsiniz ki, mən yaradıcı insanam, bundan başqa, böyük bir universitetə rəhbərlik edirəm, tez-tez istər şəxsi, istərsə də rəsmi işlərlə bağlı xarici səfərlərdə oluram. Bu mənada, darıxmağa vaxt olmur. Birdə ki, adətən, bekar adamlar daha çox darıxırlar. Amma təbii ki, içimdə bir nisgil var. Çox istəyirəm ki, bizim də güclü klublarımız, milli komandamız olsun və gedib onların oyunlarını izləyim.
- Stadionlara gedirsiniz?
- Yox. Ümumiyyətlə, əvvəllər də stadionlarda az olurdum. Sovet dövründə “Neftçi”nin bəzi oyunlarına gedirdim. Bundan başqa Moskvada oxuduğum dövrdə “Qalatasaray” bu şəhərə “Spartak” və “Dinamo” ilə oyunlara gələrkən də gedib canlı izləyirdim. Bir də AFFA İcraiyyə Komitəsinin üzvü olanda çox gedirdim ki, bu da artıq işimlə bağlı idi. İndi futbolları yalnız televiziya vasitəsi ilə izləyirəm, o da beynəlxalq oyunları.
- Öz çempionatımızda hansı komandaya azarkeşlik edirsiniz?
- Ciddi şəkildə fərq qoymuram. Əsas odur ki, ölkə daxilində uğur qazanan komandamız bunu beynəlxalq arenada da davam etdirə bilsin. Təbii, istənilən şəxsin daxilində hansısa komandaya qarşı simpatiyası var. Düzdür, hələ bizim futbol o səviyyəyə çatmayıb ki, Türkiyədəki kimi azarkeşlər “Qalatasaray”lı, “Fənər”li və yaxud “Beşiktaş”lı olsun. Amma açığı, heç bizim futbola bu cür bölünməni də arzulamıram.
- Sizcə, Azərbaycan futbolunda sizin dövrlə müqayisədə nə dəyişib?
- İlk növbədə klubların maddi imkanları xeyli yaxşılaşıb. Əvvəllər elə komandalar vardı ki, maliyyə durumu sıfıra bərabər idi. Ortabab komandaların büdcəsi 40-100 min dollar arası dəyişirdi. İmkanlı klublarda isə bu göstərici 200-300 min dollar təşkil edirdi. İndi isə bizim klubların milyonları, hətta on milyonları var. Klublar arasında güclü rəqabət yaranıb. Futbola diqqət eyni zamanda dövlətin siyasətinin də bir hissəsinə çevrilib. Bəlkə də dövlət tərəfindən futbola maraq olmasaydı, heç imkanlı şirkətlər də bu sahəyə bu qədər yatırım qoymazdılar. Digər bir dəyişiklik isə əcnəbi futbolçu və məşqçilərin ölkəyə axınının çoxalmasıdır. Bu da bir tərəfdən pis deyil. Mənə elə gəlir ki, indi azarkeşlər də əvvəlki illərlə müqayisədə stadiona daha çox gedirlər. Amma peşəkarləq baxımından məsələyə yanaşsaq hələ də ciddi irəliləyiş görmürəm. Oynanılan oyunun keyfiyyətində də yaxşılığa doğru dəyişiklik yoxdur.
- “İnter” “Xəzər-Universiteti”nin davamçısı sayılır. Bu mənada, “İnter” rəhbərliyinin apardığı hazırkı siyasəti bəyənirsiniz?
- Konkret nəyi nəzərdə tutursunuz?
- Məsələn, komandanın rəhbərliyindən tutmuş adi işçisinə kimi, demək olar 80 faizi qeyri-azərbaycanlılardan təşkil olunub. Əksəriyyətin fikrincə, oynanılan futbol da daha çox Ukrayna futboluna oxşayır və praqmatik sistemə hesablanıb.
- Bayaq mən dedim ki, xaricdən məşqçi və futbolçuların gətirilməsinə müsbət yanaşıram. Amma bunun həddindən artıq olmasının əlehinəyəm. İmkan daha çox yerli futbolçulara yaradılmalıdır və uşaq futboluna diqqət artırılmalıdır. Hazırda bizim imkanlı klublarımızın gücü 2-3 uşaq komandası saxlamağa imkan verir. Xaricdən gələn futbolçu Azərbaycan futbolunda az iz qoyacaq. Çünki legioner, adından da göründüyü kimi, legionerdir. Bir gün orda oynayır, bir gün burda. Sabah kim bir manat artıq pul versə, çıxıb ora gedəcək. Futbol elə şeydir ki, burada bayraq, dövlət atributları önəmli rol oynayır. Türkiyədə hamı dövlət himnini əzbər bilir, onu bir ağızdan oxuyur. Bu isə milli ruhun əsas tərkib hissəsidir. Əcnəbi futbolçuda bu hiss yoxdur, axı. Mən əcnəbi futbolçuların milliləşdirilərək əsas milli komandaya cəlb olunmasının da qəti əlehinəyəm.
- Belə başa düşdük ki, legioner limitinin tam ləğvinin tərəfdarı deyilsiniz?
- Bəli. Milli komandanın formalaşması baxımından limit mütləq olmalıdır ki, yerli futbolçular özlərini göstərib bura cəlb olunsunlar. Mən hər klubun heyətində 4-5 yerli futbolçunun oynamasının tərəfdarıyım.
- “İnter”in hazırkı rəhbərliyi ilə münasibətləriniz necədir?
- Deyərdim ki, heç bir münasibətim yoxdur. O vaxt klubu indiki rəhbərliyə təhvil verərkən söhbətimiz olmuşdu və onların da diqqətinə çatdırmışdım ki, “Xəzər-Universiteti”ni həvəskar komandadan necə gətirib ölkənin 4-cü ın güclü komandası etdik. Sadəcə həmin vaxt vəziyyət elə idi ki, futbola böyük maliyyə axını vardı və bu da bizim imkanımız xaricində idi. Çünki universitetin özünün xeyli qayğısı vardı. Düzdür, həmin vaxt mənə demişdilər ki, istəsəniz, sizə də klubumuzda iş təklif edə bilərik. Lakin sonradan bir xəbər çıxmadı. Görünür, mənə ehtiyacları olmayıb.
- Deyilənə görə, o vaxt AFFA rəhbərliyi tərəfindən sizə qarşı haqsızlıq olub...
- Mən bunu ciddi qəbul etmirdim. Bilirsiniz ki, Fuad Musayevin vaxtında futbolumuzda böyük qalmaqal yaranmışdı. Hətta çempionat dayandırılmışdı. Həmin vaxt mən bu münaqişənin yatırılması üçün İcraiyyə Komitəsinin üzvü kimi çox aktiv fəaliyyət göstərdim. Sonradan isə Ramiz Mirzəyevin dövrü başlandı. O dövrlərdən başlayaraq, İcraiyyə Komitəsinin fəaliyyətində geriləmə müşahidə olunmağa başladı. İş çox zəif qurulurdu. İcraiyyə Komitəsinin üzvləri arasında çəkişmələr başlamışdı. Mən də elə insanam ki, formallığı xoşlamıram. Yəni ildə 1-2 dəfə gedib iclasda iştirak etmək düzgün deyildi. Gərək çalışdığın sahədə xeyir verəsən. Çox istəyirdim ki, aradakı bu intiriqanı götürüm. Lakin bir dəfə AFFA-nın baş katibi (Fuad Əsədov - red) televiziyada çıxış edərək deyir ki bəs, İcraiyyə Komitəsinin heyətini dəyişmək lazımdır. Bu isə mənə pis təsir elədi və AFFA prezidenti Ramiz Mirzəyevə məktub yazdım. Sonradan Mirzəyev özü mənə zəng etdi, hətta mənimlə görüşmək üçün universitetə də gəldi. O vaxt ona demişdim ki, bu nə söhbətdir. Cavab verdi ki, AFFA-da kimin kefi nə istəyir, onu da edir. Mənim o ifadə ilə heç bir bağlılığım yoxdur. Həmin hadisədən sonra İcraiyyə Komitəsinin 1-2 iclasına getdim və bir dəfə mənə hansısa qəzetdən zəng vurdular ki, bəs Hamlet müəllim, artıq İcraiyyə Komitəsinin heyəti dəyişdirilib və siz yeni heyətdə yoxsunuz. Mən də dedim ki, eybi yox. Onsuz da mən özüm məktub yazaraq bundan imtina etmişdim.
- Sizcə, bütün bunların arxasında kim dura bilərdi?
- Vallah, bunu araşdırmadım, çünki heç marağımda da deyildi.
- Sizin haqqınızda deyirdilər ki, futbol adamı deyilsiniz.
- Bilmirəm, futbol adamı deyəndə nəyi nəzərdə tuturdular. Futbol adamı o şəxsdir ki, həqiqətən futbola xeyir verir. Mənim fikrim belə idi ki İcraiyyə Komitəsində iş adamı da fəaliyyət göstərə bilər, digər sahənin də adamı. Çünki İcraiyyə Komitəsinin üzvü futbol oynamır. Onun vəzifəsi düzgün idarəçilik və futbolun gələcəyinə hesablanmış strateji planlar hazırlamaqdır.
- Sizcə, AFFA prezidenti olduğu dövrdə Ramiz Mirzəyevin ən böyük səhvi nədə oldu?
- Ramiz müəllim gəldiyi ilk günlərdə çox yaxşı işləyirdi, səmərəli planlar vardı. Amma dediyim kimi onun federasiya rəhbərliyi dövründə İcraiyyə Komitəsində yaranmış intriqa, hərc-mərclik ciddi problemlərin yaranmasına gətirib çıxardı. Bildiyiniz kimi, rəhmətlik Mirzəyevlə veteran futbolçumuz İsgəndər Cavadovun münasibətləri yaxşı deyildi. Hətta bir dəfə iclasların birində bir-birinə qarşı qarşılıqlə təhqirlərə də yol vermişdilər. Bir dəfə İcraiyyə Komitəsinin növbəti iclasına gəlirdim və gördüm ki, Cavadov dayanıb aşağıda, yuxarı çıxmayıb. Soruşdum niyə burdasan, dedi ki, məni içəri buraxmırlar. Bu məsələ ilə bağlı Ramiz müəllimlə görüşdük. Mirzəyevə dedim ki, belə münasibət düzgün deyil. Ola bilsin ki, Cavadov sizi təhqir edib, amma onun iclasa buraxılmaması çıxış yolu deyil. Qoyun, gəlsin iclasda iştirak etsin, səhvi varsa, sizdən üzr istəsin. Həmin vaxt Mirzəyev mənə qayıtdı ki “Həmişə sənin sözünə qulaq asmışam, amma bu dəfə mümkün deyil”. Yəni deməyim odur ki Ramiz müəllimin dövründə İcraiyyə Komitəsinin fəaliyyətində qüsurlar çox idi.
- “İnter”in sabiq baş direktoru Alı Alıyev saytımıza verdiyi müsahibəsində bildirmişdi ki AFFA-nın o vaxtkı  rəhbərliyinin fəaliyyəti əsl mafioz qurumun fəaliyyətini xatırladırdı. Bu fikrə münasibətiniz?
- Mən hesab etmirəm ki, bu fəaliyyət mafioz qurumun fəaliyyəti səviyyəsindəydi. Amma nöqsanlar var idi. Bir sözlə koorperativ idarəetmə yoxuydu. Koorperativ idarəetmə isə bir nəfərin yox, 4-5 nəfərin birgə fəaliyyətidir.
- Foqtsun milli komandamıza baş məşqçi təyin olunmasına münasibətinizi də bilmək maraqlı olardı. Siz necə düşünürsünüz, almaniyalı ciddi uğura nail ola biləcək?
- Çox təcrübəli futbol adamıdır. Bəlkə də nəsə edə bildi. Amma ciddi uğur qazanacağına inanmıram. Foqtsdan əvvəl də bizim millidə bir təcrübəli şəxs çalışmışdı. Karlos Alberto Torresi nəzərdə tuturam. Bilirsiniz, millinin baş məşqçisi elə vəzifədir ki, gərək burada çalışan insan tam gücünü, enerjisini ortaya qoysun. Mənə elə gəlir ki, Foqts Azərbaycan millisinin baş məşqçisi kimi bütün enerjisini ortaya qoymur.
- Ömrünüzdən futbola sərf etdiyiniz 7 ilə görə heyfslənmirsiniz ki?
- Qətiyyən yox. Onsuz da mənim həyatımda futbolun həmişə öz yeri olub. Əvvəllər özüm də futbol oynamışam, elə indi də hərdən oynayıram. Futbolla şahmat ən çox sevdiyim idman növləri olub. Söhbətimizin əvvəlində qeyd etdiyimiz ki, çox istərdim, klublarımız və millimiz beynalxalq oyunlarda yüksək səviyyəyə çatsınlar və biz də gedib onların oyunlarına baxaq, həzz alaq, sevinək, arada kədərlənsək də olar. Çünki bu da futbolun bir gözəlliyidir. 
Anar XANLAROV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın