“Xəzər Lənkəran” Anar Salmanovdan AFFA və PFL-ə şikayət edəcək

“Xəzər Lənkəran” Anar Salmanovdan AFFA və PFL-ə şikayət edəcək
XƏBƏR 19 Sentyabr 2010 / 13:00 2051
-  A +

“Xəzər Lənkəran” Unibank Premyer Liqasının 6-cı turu çərçivəsində “Muğan”la oyunlarını idarə edən Anar Salmanovdan narazı qalıb. Qol.Az-ın məlumatına görə, lənkəranlılar klubun rəsmi saytı vasitəsilə narazılıqlarını ifadə edərək, etirazını dilə gətirib. Bəyanatda sözügedən qarşılaşmanın baş hakimindən AFFA və PFL-ə şikayət olunacağı da iddia olunur. Həmin bəyanatı olduğu kimi diqqətinizə çatdırırıq:
“Xəzər Lənkəran” növbəti dəfə qərəzli hakimliyə məruz qaldı. Bu gün Unibank Premyer Liqasının 6-cı turu çərçivəsində komandamız “Muğan” klubu ilə qarşılaşdı. Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma daha çox hakim Anar Salmanovun özbaşınalığı ilə yadda qaldı. Adı çəkilən hakim sarı kartları komandamızın oyunçularına sanki küçədə duran cavan uşaqlar reklam prospektlərini camaata paylayan kimi “paylayırdı”. Belə ki, “Xəzər Lənkəran”ın 6 aparıcı oyunçusu bu hakimin “sayəsində” sarı karta “layiqli” oldular. Qeyd edək ki, “Muğan” yaxşı oyun göstərdi, bunun nəticəsidir ki, bizim hücumçularımızın rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaratmağa çox az imkanları olub. Olanda da... Olanda da Anar Salmanov oyunu dərhal öz fiti ilə dayandırıb futbolçularımızı cəzalandırırdı. Məsələn oyunun ikinci hissəsində “Xəzər Lənkəran”ın hücumçusu Dieqo Ruiz rəqibin cərimə meydançasına daxil olaraq “Muğan”ın müdafiəçisi onu yıxdı. Salmanov isə “Muğan”ın qapısına 11 metrlik zərbəni təyin etmək əvəzinə Ruizi sarı kartla “simulyasiyaya” görə “mükafatlandırdı”. Bir az keçmədən yenə də rəqibin cərimə meydançasında hücumçumuz Emeka Opara digər futbolçumuza Uinston Parksa başla gözəl ötürmə etdi və Parksa qalırdi ki sadəcə “Muğan”ın qapısına yaxın məsafədən bir zərbə endirsin. Belə də olardı, Anar Salmanovun fiti olmasaydı. Bu epizodda Salmanov iddia etdi ki, Opara əllə oynayıb. Sözsüz ki, heç kimdə artıq şübhə yox idi ki, bu hakim öz qərarlarında qərəzli idi. Klubumuz bu ədalətsizliklə barışmaq niyyətində deyil və hakimin oyun zamanı qərəzliyini sübut edən materialları hazırlayıb PFL və AFFA-ya təqdim edəcək".
Qeyd edək ki, “Muğan” – “Xəzər Lənkəran” matçı 0:0 hesablı heç-heçə ilə nəticələnib.


Son xəbərlər