Sadıq Sadıqov: “Biz gücümüzü sözümüzlə yox, oyunumuzla göstəririk”

Sadıq Sadıqov: “Biz gücümüzü sözümüzlə yox, oyunumuzla göstəririk”
MÜSAHİBƏ 16 Sentyabr 2010 / 14:48 4273
-  A +

«Neftçi» Peşəkar Futbol Klubunun prezidenti Sadıq Sadıqov Qol.Az saytının oxucularının suallarını cavablandırıb

Sadiq İbrahimli: Sadıq müəllimi salamlayıram. Mən «Neftçi»sevər kimi artıq komandamızın həm çempion olacağına, həm də avrokuboklarda «Qarabağ»dan da yaxşı nəticə göstərəcəyinə ümid edirəm. Bu haqda siz nə düşünürsünüz?
Sadıq Sadıqov: Məqsədimiz odur ki, Azərbaycan Premyer Liqasında öz sözümüzü deyək və ən azı Avropada mübarizə aparaq. Bildiyimiz kimi, “Qarabağ” komandası Azərbaycanda yeganə klubdur ki, bu mövsüm Avropada 3 mərhələ adladı. Bu, Azərbaycan futbolu üçün tarixi bir uğurdur. Biz də çalışacağıq ki, bu nəticəni təzələyək, heç olmasa, “Neftçi”nin də bu uğuru təkrarlamasını istəyirik.
Elnur Şərifli: Salam, Qol.Az! Mən gözümü açandan “Neftçi”ni tanıyıb, ona azarkeşlik etmişəm. Təxminən 5-6 ildir ki, “Neftçi”nin orijinal formasını axtarıram. Bakıda, bəlkə də, getmədiyim idman mağazası qalmayıb. Futbolçuların özləri ilə belə danışmışam, ancaq bu formanı tapa bilməmişəm. Nə zaman “Neftçi”nin forması satılan “fanşop” açılacaq? Çünki bu formanı üzərində daşıyanda insan qürur hissi keçirir.

Sadıq Sadıqov: Bildiyiniz kimi, mən 7-8 aydır ki, “Neftçi”də prezident kimi fəaliyyət göstərirəm. Bu sual şəxsən mənə də çox verilib. Hazırda “Neftçi”nin bir çox azarkeşi var ki, onlar orijinal forma axtarır, ancaq tapa bilmirlər. Məlumdur ki, çempionat daha yeni başlayıb və oyunçularla bağlı bəzi problemlərimiz var idi ki, artıq onları da qaydasına salmışıq. Bu barədə isə bizim planımız var ki, azarkeşlər üçün “Neftçi”nin özünə aid olan idman ləvazimatları satılan bir mağaza açılsın.
Elnur Şərifli: “Neftçi” kimi şanlı, köklü, Azərbaycanın flaqmanı olan bir klubun özünə məxsus bir stadionunun olmaması bizi çox üzür. Daha yeni yaranan klubların belə 15-20 min nəfərlik stadionı var. Nə zaman “Neftçi” özünə məxsus olan bir stadion inşa edəcək və şəhərin hansı bölgəsində olacaq? Zənnimcə, metronun “Neftçilər” stansiyasının yaxınlığında olması daha yaxşı olardı. Ora «Neftçi»nin bölgəsi kimi tanınar. Necə ki, Türkiyədə Kadıköy «Fənərbaxça»nın, Məcidiyeköy «Qalatasaray»ın bölgələri kimi də ad çıxarıb.
Sadıq Sadıqov: «Neftçi»nin ev oyunlarını keçirdiyi Bakıxanov qəsəbəsindəki stadionun birdəfəlik bizim klubun sərəncamına verilməsi nəzərdə tutulub. Hazırda həmin stadionda bir sıra tikinti işlərinə başlamaq haqda göstəriş verilib. Bir il ərzində ora baza kimi tam formalaşacaq. Məhz «fanşop»un da burada açılması nəzərdə tutulub. Əvvəllər də orada idman ləvazimatları satılan mağaza mövcud olub, lakin indi isə həmin ərazidə əsaslı təmir işləri görməyi planlaşdırırıq ki, bir ildən sonra istifadəyə verilsin.
Pərviz Muradov: Salam, Sadıq bəy. Əvvəlcə «Neftçi»də yaratdığınız uğurlu yenidənqurma işlərinə görə sizə çox sağ ol deyirəm. Sualım isə ondan ibarətdir ki, Mpenzanın transferi sırf reklam və yaxud azarkeşləri stadiona toplamaq məqsədi güdür?
Sadıq Sadıqov: Mpenza doğrudan da, dünyada sayılıb seçilən oyunçulardan biridir. Bilirsiniz ki, “Neftçi”də hücumçu problemi vardı. Bu problemi aradan qaldırmaq üçün hücumçu axtarışına çıxmışdıq və onunla əlaqə saxladıq. İşlər elə alındı ki, razılıq əldə edildi. Mpenzanı transfer edərkən reklam və ya başqa bir məqsəd güdülməmişdi. Mpenzanın transferində məqsəd yalnız bu olub ki, o qarşıdakı iki il ərzində “Neftçi”yə öz töhfəsini versin. Biz azarkeşlərimizi transferlərlə yox, daha çox meydandakı oyunumuzla sevindirməli və onların rəğbətini qazanmalıyıq. Allaha şükür olsun ki, bu gün bizim hücumçularla bağlı heç bir problemimiz yoxdur. Komandada olan dörd hücumçunun hər biri meydanda öz sözünü deyə biləcək futbolçulardır. Pərviz Muradov: Bu mövsüm qarşıya qoyulan məqsəd nədən ibarətdir?
Sadıq Sadıqov: Təbii ki, əsas məqsədimiz ölkə çempionluğunu qazanmaqdır. İnşallah, buna da nail olarıq.
Kənan Əhmədov: Əgər “Neftçi” bu mövsüm çempion olarsa, hansı dəyişikliklər gözlənilir? Və əgər “flaqman” Çempionlar liqasında mübarizə aparsa, hansısa ulduz futbolçunu “Neftçi”nin heyətində görə bilərik?
Sadıq Sadıqov: Bir daha deyirəm, məqsədimiz odur ki, mövsümü çempion kimi başa vuraq. Hazırda orta sahədə cüzi çatışmazlıqlar mövcuddur. Avropada mübarizə aparmağa haqq qazansaq, 2, yaxud 3 ulduz futbolçu transfer ediləcək. Çalışacağıq ki, heyətə qatacağımız oyunçularla bu problemləri aradan qaldıraq və Avropada ölkəmizi layiqincə təmsil edək.
İlqar: Salam, Qol.Az və Sadıq müəllim! Mənim Sadıq müəllimə sualım yoxdur, ona çox minnətdaram ki, 8 ay ərzində belə bir kollektiv formalaşdırdı. Axır ki, 4-5 il öncəki “Neftçi”ni görürük. Həmişə belə qalın, Sadıq müəllim, halaldır sizə.
Sadıq Sadıqov: Xoş sözləri görə sox sağ olun.
Kamil: Cənab Sadıqov, “Neftçi”nin bu il də Avropada iştirak etməməsi çoxsaylı “Neftçi” azarkeşləri kimi məni də çox üzdü. Çox sadıq ki, klub artıq öz sözünü deməyə başlayır. Sualım belədir ki, Mpenzanın əvəzinə daha gənc bir hücumçu almaq daha yaxşı olmazdımı? Məsələn, Bahadır kimi. Axı Mpenzanın 32 yaşı var. Düzdür o, əvvəllər daha effektli olub. Bəlkə də zamana ehtiyacı var.
Sadıq Sadıqov: Hazırda Avropada, daha dəqiq İtaliya, Almaniya və İspaniyada elə oyunçular var ki, onlar çox tanınmış klublarda oynayır və uğur qazanırlar. Belə təcrübəli futbolçular komandaya öz töhvələrini verirlər. Mpenzanın 32 yaşının olması onun peşəkarlığının göstəricisidir. Mən düşünürəm ki, “Neftçi”də olan gənc futbolçular, əsasən də hücumçular Mpenzadan çox şey öyrənməli və təcrübə toplamalıdırlar. Əminəm ki, Mpenza da meydanda öz sözünü deyəcək və bununla yanaşı təcrübəsi ilə də ətrafındakı gənclərə örnək olacaq. Biz onun transferini həm də bu məqsədlə gerçəkləşdirmişik. Komandamızdakı gənc futbolçulara gəldikdə isə, onların öz sözünü deməsi üçün bir qədər zamana ehtiyacları var. İnanıram ki, yaxın gələcəkdə onlar da “Neftçi”nin uğurlarında pay sahibi olacaqlar. 
Əli Əsgərli: Salam. Sadıq Sadıqova əvvəlcə minnətdarlığımı bildirirəm. O, “Neftçi”nin təkcə prezidenti deyil, döyünən ürəyidir. Bizə çoxdan belə bir prezident lazım idi. Sualım budur ki, Rəşad Abdullayev bu gözəl oyununa rəğmən niyə milli komandaya dəvət edilmir? Berti Foqts milliyə Axtyamovu, Çertoqanovu, Levini, Fabionu çağırır, amma Rəşad qıraqda qalır. Xahiş edirəm ki, bu barədə Foqtsla danışasınız. Bizim milli komandamıza belə oyunçular lazımdır.
Sadıq Sadıqov: «Neftçi»nin “Simurq”la oyununu Berti Foqts da izləyirdi. Bu zaman futbolçularla əlaqədar söhbətimiz oldu. Rəşad Abdullayev Azərbaycanda ən sayılan futbolçulardan biridir. Millidə oynamamasına görə bir çox azərbaycanlı kimi, mən də təəssüf hissi keçirirəm. Nəinki Rəşad, komandamızda elə oyunçularımız var ki, millidə oynamağa layiqdirlər. Məsələn, Mirhüseyn Seyidov. Çox gənc olmasına baxmayaraq, o, öz oyunu ilə azarkeşləri sevindirir və mütəxəssislərin diqqətini cəlb edir. Fərid Quliyevi də misal göstərmək olar. Əvvəllər Ruslan Əmircanov, Cavid Hüseynov da millidə oynayırdı, lakin hazırda onlar yığmaya çağırılmır. Cavidin 21 yaşadək olan futbolçulardan ibarət millimizin oyununda necə baxımlı bir futbol nümayiş etdirdiyini hamımız gördük.  Bu barədə Berti Foqtsla da danışdım. Ola bilsin ki, onlar gələcəkdə milliyə dəvət alacaqlar. Bu zamana qədər daha da çalışmaq və oyun səviyyəsini yüksəltmək lazımdır. O zaman baş məşqçi özü məcbur olacaq ki, onlardan milli komandada yararlansın.
Fazil Dadaşov: Sadıq müəllim, salam. Sevinirəm ki, “Neftçi”yə sizin kimi bir insan sahib çıxdı və bunun üçün təşəkkürümü çatdırıram. “Neftçi”nin yeni infrastrukturun qurulmasına nə vaxt start veriləcək? Şəhərin münasib yerində 1-2 ilə beynəlxalq standartlara cavab verən, təxminən 20-25 min nəfərlik azarkeş tutumuna malik olan stadion inşa etmək planınıza daxildirmi? Və “flaqman”ın azarkeşləri “Neftçi” TV kanalının açılmasına ümid edə bilərlərmi?
Sadıq Sadıqov: Stadionla bağlı suala mən artıq yuxarıda cavab verdim. Telekanala gəlincə, indi bu haqda danışmaq tezdir. Komanda birinci növbədə gərək öz oyunu ilə elə bir şərait yaratsın ki, kanalın açılması da məqbul olsun. İnanıram ki, “Neftçi” Avropada uğurlu çıxış etsə, televiziya kanalının da açılışını gerçəkləşdirə bilərik.
Fərid Eynullayev: “Neftçi” bu mövsüm ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirsə, məncə, daha məqsədyönlü olar. Çünki «İsmət Qayıbov»da oyuna maraq az olur və stadiona gələn olmur.
Sadıq Sadıqov: Xeyr, mən elə deməzdim. Məsələn, keçən mövsüm İsmət Qayıbov adına stadionda «Bakı» və «Xəzər Lənkəran»la keçirdiyimiz oyunlarda tribunalar tam dolmuşdu və insanlar qarşılaşmaya ayaq üstə baxırdı. Tamaşaçı baxımından azarkeşlərimizin sayının onminlərlə olduğunu nəzər alaraq deyə bilərəm ki, biz «İsmət Qayıbov»da onları qəbul edə  bilmərik. Məhz buna görə də oyunlarımızı Tofiq Bəhramov adına stadionda keçiririk ki, azarkeşlərimizi oyunlara daha çox cəlb edə bilək.
Rövşən Rəhimli: Sadıq müəllim, əvvəla sizi salamlayır və işinizi cansağlığı ilə davam etdirməyinizi arzulayıram. Mən lənkəranlı olsam da, “Neftçi”yə azarkeşlik edirəm. Sualım budur ki, Bahadır Nəsimov kimi oyunçunun “Neftçi”də icarə əsasında oynadığını bilirik. Onunla birdəfəlik müqavilə bağlamaq mümkündürmü?
Sadıq Sadıqov: Bizim “Rubin” klubu ilə münasibətlərimiz var. Mənim Kurban Berdiyevlə şəxsi münasibətim mövcuddur. Bilirsiniz ki, o, həm komandanın baş məşqçisi, həm də vitse-prezidentidir. Sualınıza gəlincə, bu məsələ gündəmdədir. Hazırda bizdə icarə əsasında oynayan bir neçə oyunçu var. İl ərzində onların klubları ilə danışıqlar aparırıq ki, bir il sonra “Neftçi”nin futbolçusu olsunlar. Buna görə planlı şəkildə işlər davam etdirilir. Yaxın günlərdə irəliləyişlər olacaq ki, bu barədə də ictimaiyyətə məlumat veriləcək.
Mürsəl Quliyev: Salam, Sadıq müəllim. İndidən deyim ki, mənim sualım yoxdur. Yazmaqda məqsədim odur ki, sizə təşəkkürümü bildirim. Klubun inkişafı, “Neftçi”nin keçmiş adının özünə qayıtması istiqamətində gördüyünüz işlər göz qabağındadır. Hətta mən deyərdim ki, sizin işiniz əksər klublarımızın rəhbərərinə nümunə olmalıdır. Sizin gəlişinizdən sonra “Neftçi” “flaqman” adını özünə qaytarıb. Keçmiş jurnalist kimi sizin rəhbərliyinizlə media ilə əlaqələrin müsbət səviyyədə qurulmasını, klubun rəsmi saytının fəaliyyətə başlamasını və operativ işini qeyd edərdim. Sizə uğurlar arzulayıram.
Sadıq Sadıqov: Təşəkkür edirəm.
İbrahim: Salam, Sadıq müəllim. Mən “Neftçi”yə 25 ildir ki, azarkeşlik edirəm və ilk öncə sevimli klubumuza ürəkdən göstərdiyiniz qayğıya görə sizə minnətdarlığımı bildirirəm. Neçə ildir ki, “Neftçi”nin orijinal formasını tapa bilmirəm. “Neftçi” kimi böyük bir klubun öz atributlarını satışa çıxarmaması arzuolunmazdır. Bu böyük çatışmazlığı aradan qaldırmaq üçün bir planınız varmı?
Sadıq Sadıqov: Mən suallardan da görürəm ki, bu, azarkeşləri ən çox maraqlandıran məsələlərdən biridir. Ona görə də yaxın vaxtlarda metronun «Neftçilər» stansiyasının yaxınlığında klubumuzun «fan-şop»unu yaradacağıq.
Fərid Baxşəliyev: Salam. Əvvəla etiraf etməliyəm ki, Sadıq müəllim “Neftçi”nin prezindenti seçiləndə bir qədər tərəddüdüm var idi. Bunun üçün gərək məni bağışlayasınız. Sualım belədir ki, “Neftçi” bu il çempion olarsa, Çempionlar liqasının qrup mərhələsinə düşə bilərmi? Komandanın gücü buna imkan verirmi?
Sadıq Sadıqov: Hər bir klub rəhbərinin arzusudur ki, komandası çempion olsun və Avropada ölkəsini layiqincə təmsil etsin. Bizim məqsədimiz də budur. Aldığımız oyunçular, yerli futbolçularımız bu məqsədləri həyata keçirməyə layiqdirlər. İnanıram ki, onlar öz sözlərini deyəcək və xalqımızı sevindirəcəklər.
Amil Əliyev: Salam, Sadıq müəllim! Mən sizinlə və «Neftçi» ilə fəxr edirəm. “Neftçi”də orta sahədə çatışmazlıq var. Bu problem nə vaxt aradan qaldırılacaq?
Sadıq Sadıqov: Bəli, bizdə orta sahədə problem var. Çempionlar Liqasında və ya Avroliqada uğurlu çıxış etmək üçün bu mövqeyə hökmən səviyyəli bir-iki yarımmüdafiəçi transfer olunmalıdır. Məhz buna görə də biz qış transfer mövsümündə həmin mövqeyə iki supertransfer həyata keçirməyi planlaşdırırıq.
Əlizami Hüseynov: Sadıq müəllim, “Neftçi”yə daha səviyyəli məşqçi gətirmək planınız varmı?
Sadıq Sadıqov: Hazırkı məşqçimizə nə olub ki?!
Aysel Fətullayeva: Sizi salamlayıram və bu imkanı verdiyiniz üçün minnətdarlığımızı bildirirəm. Mətbuat vasitəsi ilə sizin “Neftçi” fan-klubu ilə görüşdüyünüzü bilirik. Əvvəlki prezidentlər də fanklubla görüşürdü, ancaq onlar unudurdular ki, “Neftçi”nin azarkeşi təkcə fan-klubdan ibarət deyil. Bu komandanın onminlərlə, yüzminlərlə azarkeşi var. Bizləri unutmadığınız üçün təşəkkürümü bildirirəm. Hər matç ərəfəsində siz azarkeşlərinizi stadiona dəvət edirsiniz. Lakin bu kifayət edirmi? Təbii ki,yox. Bunun üçün «Neftçi»də təşkilatı işlər çox zəif gedir. Daha yaxşı olardı ki,azarkeşləri stadionlara cəlb etmək üçün şəhərin müxtəlif yerlərinə afişalar vurulsun, TV və radiolarda elanlar getsin (bunların olduğunu bilirik, lakin çox azdı) və azarkeşləri meydanlara çağıraraq onlara hədiyyələr verilsin (məsələn, top, forma, bayraq, atribut və s).Bu mümkündürmü?
Sadıq Sadıqov: Bu yaxınlarda fan-klubla görüş oldu, onlar da “Neftçi”ni bu mövsüm dəstəkləyəcəklərinə söz verdilər. Təşkilati işlər üçün də fəaliyyətimiz davam etdirilir. Az bir müddətdə bunlar hamısı öz həllini tapacaq. Futbolçularla birgə uşaq şəhərciyini də ziyarət etdik. Orada tədbirimiz keçirildi. Bu tədbirlərin sayını daha da artıracağıq. Gələcəkdə isə biz məktəblərə, institutlara da gedərək futbolçularla gənclərin və tələbələrin görüşünü təşkil edəcəyik.
Nicat Ağayev: Salam, Sadiq bəy. Sevinirəm ki, artıq “Neftçi” əvvəlki oyunlarını bərpa edir. Artıq bərbad oyunlardan bezmişdim. Hər azarkeş istər ki, sizin kimi kluba ürəkdən can yandıran bir insan rəhbərlik etsin. Sualım isə belədir: nəyə görə “Neftçi” qələbə qazanan kimi bəzi dairələrdə AFFA-nın “Neftçi”yə köməklik etməsi barədə fikirlər səslənir? Bu kimi halların qarşısını almaq mümkün deyil? İkincisi, mən bilirəm ki, siz “Neftçi”də gənc oyunçulara çox qayğı göstərirsiniz. Məni narahadan edən odur ki, Araz Abdullayev niyə əsas heyətdə çıxış etmir? O, «Neftçi»nin və Azərbaycanı ən texnikalı futbolçusudur. Araz oynamadıqca formadan düşəcək.
Sadıq Sadıqov: AFFA-nın bizə köməkliyi haqqında dolaşan şayiələrlə bağlı onu deyə bilərəm ki, komandamızın oyunu göz qabağındadır. Artıq dörd tur geridə qalıb (söhbət «Neftçi» və «Muğan» arasında keçirilmiş beşinci turun oyunundan əvvəl olub - red.) və bu turlada nümayiş etdirilən baxımlı oyuna nəzər yetirdikdə AFFA-nın “Neftçi”yə kömək etməsini iddia etmək gülünc görünür. Biz gücümüzü sözlə yox, oyunla göstəririk.
Araz Abdullayevə gəlincə, 4 aydır ki, onun İngiltərənin “Everton” klkbuna getmək söhbəti gündəmdədir. 2-3 gün qabaq da onlarla söhbətimiz oldu. İngilislər öz xeyirləri üçün şərtlər təqdim etdi, ancaq biz yalnız həm özümüzün, həm də futbolçunun maraqlarına cavab verən bir müqaviləni qəbul edə bilərik. “Everton” nümayəndəsi ilə danışıqda onlara bildirdik ki, bu ayın sonuna kimi məsələ dəqiqləşməsə, başqa klublarla danışığa başlanacaq. Hazırda deyə bilərəm ki, bu məsələ 90 faiz həll edilib. Ayın sonuna kimi razılıq əldə etməsək, başqa klublarla da danışıqlar alına bilər. Araza Rusiya, Almaniya klublarından da təkliflər var. Biz eyni zamanda Arazı qorumağa da çalışırıq. Bu mənada düşünürəm ki, Arazın zədələnməməsi üçün onu qorumaq lazımdır. Biz istəyirik ki, Araz hansısa bir səviyyəli klubda çıxış etməklə, oyununu daha da artıraraq milliyə də öz töhfəsini verə bilsin.
Tural: Sadıq müəllim, sizi salamlayıram.
Bir müddət öncə, daha doğrusu, keçən mövsümdə «Neftçi»nin jurnalı işıq üzü görmüşdü və bu, bizi çox sevindirmişdi.Lakin jurnalın ayda bir dəfə çıxması və  tez bir zamanda qapadılması azarkeşləri çox üzmüşdü.Yenidən belə bir təşəbbüs həyata keçəcəkmi? Avropada, məsələn, Türkiyədə «Fənərbaxça» azarkeşlərə 1 illik və ya daha çox müddətdə stadionlara daxil olmaq üçün bilet əvəzinə xüsusi kartlar satır. Bu üsulu «Neftçi»yə də tətbiq etmək mümkündürmü?
Sadıq Sadıqov: Jurnalımızın fəaliyyətinin davam etməməsinin səbəbi o idi ki, keyfiyyət baxımından istədiklərimizi edə bilmədik, ona görə də qərar verdik ki, dayandıraq. Komandamızda hər şey yenidən formalaşdırılıb. Müntəzəm olaraq dəyişikliklər edirik. Buna uyğun olaraq, azarkeşlərə növbəti günlərdə təqdim ediləcək jurnalda oxucular daha keyfiyyətli bir jurnal görə biləcəklər. Jurnalda «Neftçi»nin son dörd oyununun diski və posteri də yer alacaq. Qeyd edək ki, yeni jurnalımızın birinci nömrəsi ayın 17-də işıq üzü görəcək.
Xüsusi kartlarla bağlı suala gəlincə, belə bir yenilik etmək planımızda var. “Neftçi”nin bütün ev oyunlarına baxmaq üçün azarkeşlərə abonent olmaq imkanı vermək istəyirik. Bunun üçün artıq işlər başlanıb. Hazırda azarkeşlər bazamıza gələrək bu kartları əldə edə bilərlər.
Nazim: Salam, Sadıq müəllim. Sualım belədir ki, “Neftçi - 70” kitabı nə zaman satışa çıxacaq? Xahiş edirik ki, bu kitab «Neftçi»nin ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunun girişində satılsın.
Sadıq Sadıqov: Düzdür, bu kitab mənim rəhbərliyim dövründə buraxılmayıb. Ancaq bu kitab satış məqsədi ilə nəşr edilməmişdi. Xüsusi olaraq paylanıb. Əgər hansısa bir azarkeşimizə bu kitab çox maraqlıdırsa, bazamıza gələrək onu əldə edə bilər.
Samir Əlizadə: Salam. Əgər “Neftçi” bu mövsüm çempion olsa “Birlik kuboku” yarışlarına qatılacaqmı?
Sadıq Sadıqov: Açığı, sonuncu “Birlik kuboku”nun təşkilatçılığının səviyyəsi məni qane etmədi. Bütün klublar artıq ora əsas heyətlə yollanmırlar. “Neftçi”nin də Kiyev “Dinamo”su və “Spartak”ın ikinci-üçüncü heyəti üzərində qələbə qazanaraq sevinməsi heç də təqdirə layiq hal deyil. Bu mənada, bu yarışın səviyyəsini qaneedici hesab etmirəm. Düşünürəm ki, “Neftçi”nin səviyyəsi “Birlik kuboku”nun səviyyəsindən qat-qat üstündür. Ona görə də, mən komandanı ora göndərməyi lazım bilmirəm.
Nicat Hüseynov: Hər vaxtınız xeyir, Sadıq müəllim. İlk öncə sizə öz minnətdarlığımı bildirirəm. Çünki siz komandanın prezident vəzifəsinə gəldikdən sonra "Neftçi" keçmiş günlərini geri qaytarmağa başlayıb. Bu da sizin müvəffəqiyyətlə klubu idarə etməyinizdən asılıdır.
«Neftçi»nin indiki himni, bildiyimizə görə, Ədalət Şükürovun ifasında səslənir. Amma 2009-cu ildə də yeni bir himn yazılmışdı. Lakin o himn azarkeşlər tərəfindən bəyənilməmişdi. Belə bir plan varmı ki, yeni himn bəstələnsin? Əgər belə bir fikriniz yoxdursa da sizdən çox xahiş edərdik ki, rəqib klubları tir-tir əsdirəcək bir himn yazdırasınız. Təşəkkür edirəm.
Sadıq Sadıqov: Azarkeşin istəyini başa düşürəm və təşəbbüsünü alqışla qarşılayıram. Bu haqda mən heç fikirləşməmişdim. Lakin düşünürəm ki, rəqibləri riqqətə gətirəcək bir himnin olması çox vacibdir. Digər klublarımızın da belə himnləri var. Bəs “Neftçi”nin niyə olmasın!? Təbii ki, komandanın gözəl himnisinin olması sevindirici bir şeydir. Çox sağ olun ki, belə bir təşəbbüs irəli sürdünüz. Bu məsələ ilə yaxından maraqlanacağıq.
Anar Məhəddinli: Mən «Neftçi»nin fanatiyam! Lakin son 2-3 ildi ki, stadiona getmirəm! Çox səviyyəsiz transferlər, səviyyəsiz baş məşqçilərin təyinatları mənim bu komandaya istək və həvəsimi azaltmışdı. Komadnanın atributlarını (öz hesabma) xarici vətəndaşlara paylamaqdan az xərcə düşməmişəm. Sadıq müəllim, sizə öz minnətdarlığımı bildirirəm ki, sizin gəlişinizdən sonra komandamız özünə gəlir. Transfer məsələləri peşakarcasına görülür. Komandamızı yenidən T.Bəhramov adına stadiona qaytardinız. Yoxsa fikirləşirdim ki, «Neftçi» o qədər özəlləşib ki, kiminsə şəxsi idman zalında ev oyunlarını keçirdəcək! Sualım belədir ki, komandamızın original komplektini haradan əldə edə bilərəm? Xarici ölkələrdə tez-tez olduğumdan istərdim böyük şərəflə həmin formada oralarda gəzim!
Sadıq Sadıqov: Görürəm ki, azarkeşləri ən çox maraqlandıran məsələ “fanşop” və stadion məsələləridir. Əmin ola bilərsiniz ki, bu məsələlər tezliklə həllini tapacaq.
Elmar Qasımov: Salam, Sadıq müəllim. “Neftçi” komandasının keçmiş SSRİ ölkələrinin komandaları arasında neçənci yerdə görürsünüz? “Neftçi”də yenidən nə zaman Anatoli Banişevski kimi əfsanələr olacaq?
Sadıq Sadıqov: Bəli, Banişevski «Neftçi»nin və Azərbaycan futbolunun bir əfsanəsi olub. Amma indi yetişdirdiyimiz gənclər arasında çox istedadlı futbolçular var və mən onların gələcəyinə böyük ümid bəsləyirəm. Mənə elə gəlir ki, hazırda “Neftçi”nin heyətində çıxış edən bəzi gənc futbolçular SSRİi vaxtında oynayan futbolçulardan daha səviyyəlidir. Yəni, hər dövrün öz istedadlı futbolçuları olur. Biz də artıq  Banişevski kimi istedadlı futbolçular yetişdirmək üçün çalışırıq.
Birinci sualınıza gəlincə, təbii ki, bir klub prezidenti kimi mən “Neftçi”ni hamıdan və bütün komandalardan yüksəkdə görürəm. 

Sərxan Xudaverdiyev: Salam, Sadıq bəy. “İnter”lə qarşılaşmada VİP lojada sizi Ruslan Abışovla oyunu seyr edərkən gördük. Deyilənə görə, siz komandada Rail Məlikov və Ruslan Abışova xüsusi simpatiya bəsləyirsiniz. Bu nə dərəcədə doğrudur?
Sadıq Sadıqov: Xeyr, elə deyil. Komandamızdakı bütün yerli futbolçular mənim üçün eyni dərəcədə əzizdir. Ruslanla birgə oyunu izləməyimiz isə elə alındı ki, o nisbətən kənarda əyləşmişdi və sonradan matçı birgə analiz etmək üçün onu yanıma çağırdım. Rəşad Abdullayev də orada idi. Lakin yanımda boş yer olmadığı üçün o bizimlə əyləşə bilmədi. Ümumilikdə isə mən komandanın bütün futbolçularını özümə qardaş hesab edirəm. Səmimi deyirəm, başqa cür ola da bilməz.
Rüstəm Nurəhmədov: Salam, Qol.Az və Sadıq bəy. “Neftçi” bizim markamız olub və indi də belə olmasını istəyirik. Artıq bu il komandamız əvvəlki qüdrətini qaytarmaqda davam edir. “Neftçi”nin son oyunlarda uğurlu çıxış etməsi bunun bir göstəricisidir. Bununla bağlı nə deyə bilərsiniz?

Sadıq Sadıqov: Əlbətdə ki, 8 ay öncə də komandanı götürəndə məqsədimiz olub ki, komandaya öz keçmiş adını qaytaraq və layiq olduğu böyük uğurları gətirək. Avropada ölkəmizi layiqli təmsil etməklə, həqiqətən də “Neftçi”nin marka olduğunu sübuta yetirəcəyik.
Nurlan Onur: Azərbaycanda ən böyük rəqiblərinizdən biri “Xəzər Lənkəran”dır. “Neftçi”ni rəqbilərindən fərqləndirən ən üstün cəhəti hansıdır?
Sadıq Sadıqov: Bizimlə birgə 12  komanda mübarizə aparır. Hər biri bizim üçün çətin rəqibdir və birini dirgərindən ayırmaq düzgün olmaz. “Xəzər” bizim üçün fərli bir rəqib deyil. Bütün qarşılaşmalara eyni formada hazırlaşırıq. Bütün klublara hörmətlə yanaşırıq.
Eyvaz Heydərli: Salam. Bu tura qədər icarə əsasında oynayan futbolçular uğurla çıxış ediblər. Düzdür, indidən nəsə dəqiq bir şey demək çətindir ki, Nəsimov sonralar necə çıxış edəcək, ancaq o komandada qalacaqmı?
Sadıq Sadıqov: Bu barədə artıq danışıqlıqlar gedir və sonda qəti qərar veriləcək. Biz də Nəsimovu “Neftçi”də saxlamağı planlaşdırırıq.
Oxucu: Salam. Mənim Arif Əsədovla bağlı heç bir narazılığım yoxdur, ancaq düçünmürsünüz ki, “Neftçi”yə əsl adını qaytarmaq üçün komandaya Qurban Qurbanovu gətirmək lazımdır?
Sadıq Sadıqov: Qurban Qurabonov Azərbaycanda ən hörmətli məşqçilərdən biridir. Hazırda “Qarabağ” kimi bir klubda işləyir. Düşünürəm ki, “Qarabağ”ın da Qurban Qurbanova ehtiyacı var. Qaldı ki Arif Əsədova, deyə bilərəm ki, hamımız bilirik ki, futbolçu olaraq gözəl bir oyunçu olub. Təkcə təcrübəsini nəzəra aldıqda, kimlərlə işlədiyinə baxsaq, görərik ki, Azərbaycanın ən öndəgələn məşqçilərdən biridir. Artıq 5 ildir ki komandada fəaliyyət göstərir. “Neftçi”nin hazırkı inkişafı onun uğurlu işi ilə birmənalı bağlıdır.
Rahib: Salam. Sadıq bəy, nəyə görə Azərbaycanda klublar infrastruktur yaratmaq əvəzinə yüksək maaş və transerlər barədə düşünür? Bunlar klublarımıza nə verir?

Sadıq Sadıqov: Razıyam, Azərbaycan klublarında böyük transferlər olur. Ancaq səviyyəli transferlər də futbolun inkişafı üçündür. Ulduz oyunçuların gənc oyunçulara da qatqısı çox olacaq. Infrostrukturla bağlı deyə bilərəm ki, “Xəzər”, “Bakı” , “Qəbələ” artıq bu mənada işlər görür. Amma bu o demək deyil ki, legioner gətirmək olmaz. Təbii ki, legionerlər də olmalıdır, ancaq yüksək səviyyəli. Lakin bəzən elə transferlər edilir ki, yerli oyunçularımız onlardan dəfələrlə istedadlıdırlar. Bu zaman heç bir tərəqqidən söhbət gedə bilməz. Səviyyəsiz oyunçular ətrafdakı öz yerli oyunçularımıza da pis mənada təsir göstərir.
Oxucu: Zaur Tağızadənin komandaya qayıtması ilə bağlı məsələ nə yerdədir?
Sadıq Sadıqov: Zaur Tağızadə “Neftçi”nin ən sevimli oyunçularından biri olub. Hazırda komandanın avtobusunun üzərində də onun komanda ilə birgə şəkli var. Bugün komandada bir mütəxəssis kimi ona böyük ehtiyac duyulur. Zaurla görüşlərimiz olub və qeyd edim ki, onun Azərbaycandan kənarda da müəyyən işləri var. Buna görə, o da bizdən möhlət istəyib. Onun “Neftçi”də “qızıl oğlan” ləqəbini daşıdığını bütün Azərbaycan bilir. Zaurla “Neftçi”də prezident də daxil olmaqla heç kimin münasibətində problem yoxdur. İşlərini qaydaya salan kimi razılıq əldə edəcəyimizi düşünürəm.

QEYD: Oxucular tərəfindən Sadıq Sadıqova ünvanlanmış sualların bir çoxunun dərc edilməməsinin və “Neftçi”nin prezidentinə ünvanlanmamasının səbəbi bunların digər suallarla eynilik təşkil etməsidir. Bu səbəbdən, dəyərli oxucularımızın bizi anlayışla qarşılayacaqlarına umid edirik.
 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın