Nazim Süleymanov: “Eksperiment edə-edə itiririk”

Nazim Süleymanov: “Eksperiment edə-edə itiririk”
MÜSAHİBƏ 2 Fevral 2009 / 14:52 5138
-  A +

Azərbaycan milli komandasının sabiq kapitanı Nazim Süleymanov Qol.Az-a verdiyi müsahibəsində futbolumuzun hazırkı durumu haqqında fikirlərini bildirib.

- Premyer Liqanın ilk dövrəsini necə dəyərləndirərdiniz?
- Pis təsir bağışlamadı, amma istərdik ki, daha da səviyyəli çempionatımız olsun. Səviyyəli deyəndə mən meydançalarımızın yaxşı vəziyyətdə olmasını, futbolçuların gücünü, azarkeşlərin stadionlara gəlməsini, hakimlərin düzgün idarəçiliyini, baş məşqçilərin yüksək süviyyəsini nəzərdə tuturam. Yəni bunlar hamısı bir-biri ilə vəhdət təşkil etməlidir. Bunlar olsa, bizim çempionatımızın səviyysi yksələr.
- Ötən çempionatlarla müqayisədə inkişaf varmı, yoxsa yenə də yerimizdə sayırıq?
- Düzü, mən çox istərdim ki, bizim hər bir klubumuzun şəxsi stadionu, bazası, gözəl meydançası və infrastrukturu olsun.
- Sizcə, hazırkı çempionatımız Rusiyanın birinci divizionunun səviyyəsinə yaxınlaşır?
- Düzdür, mən özüm Rusiya çempionatında oynamışam. Amma son vaxtlar orada birinci divizionun oyunlarını izləmirəm. Ona görə konkret söz deməkdə çətinlik çəkirəm.
- Gəlin, futbolu yox, klubların şəraitini müqayisə edək. Məsələn, Rusiyanın uzaq regionunu təmsil edən və  ikinci divizionda mübarizə aparan Kamışının “Tekstilşik” klubunun çox gözəl bazası və 8500 yerlik müasir stadionu var.
- Elə götürək Soçinin “Jemçujina” klubunu. Onu necə gözəl bazası, stadionu var idi. Bəli, məhz bu işdən başlamaq lazımdır. Bu mənada, görürəm ki, son vaxtlar AFFA-da da əməli fəaliyyətə keçiblər. Lisenziyalaşdırma artıq klubların qarşısına vacib şərt kimi qoyulub.
- Sizcə, futbolumuzun ən bəlalı yeri nədir?
- Azərbaycan futbolunun ən bəlalı yeri meydançadır.
- Amma bizdə futbola peşəkar münasibət də yoxdur.
- Bilirsiniz, ola bilər 10 nəfərdən 5-i peşəkardır, 5-i yox. Amma biz deyirik ki, elə hamı qeyri-peşəkardır. Bu da düzgün deyil axı.
- Həmin o qeyri-peşəkar 5 nəfər peşəkarlara da mane olur...
- Əgər evdə böyük varsa, deməli, təlim-tərbiyyə də var. Bu, yoxdursa hərc-mərclik baş alıb gedəcək. Yəni futbolu da bir ailə kimi götürmək lazımdır. Böyük varsa, hər şeyi yoluna qoyacaq.
- Gələk legionerlə bağlı limit məsələsinə. Sizcə, onun tam ləğvi futbolumuzun inkişafına nə dərəcədə mane olur?
- Biz eksperiment edirik. Bir dəfə üç, bir dəfə beş edirik, sonra deyirik ki, yox, ümumiyyətlə, limiti tamam ləğv edək. Belə olmaz axı. Nəhayət, vahid bir sistem olmalıdır ki, biz də hansı yolla getdiyimizi bilməliyik. Eksperiment edə-edə hər il itiririk. Limit mütləq qoyulmalıdır.
- Siz nə təklif edirsiniz?
- Məncə beş legioner, olsa daha yaxşıdır. Bir şərtlə ki, səviyyəli legionerlər olsun. Qoy altı nəfər də yerli futbolçu çıxış etsin.
- Sabiq klubunuz “Xəzər-Lənkəran”da baş verənlərə də münasibətinizi öyrənmək istərdik.
- Bilirsiniz, hazırda o komanda məni heç maraqlandırmır. İndi mənim bütün diqqətim “Bakı”dakı fəaliyyətimə yönəlib. Bir də axı nədən danışacam?
- Sizcə keçmiş komanda yoldaşınız İqor Ponomaryov nəyəsə nail ola biləcək?
- Bu, onların şəxsi işləridir və mənə heç bir aidiyyatı yoxdur.
- Siz uzun müddət millinin kapitanı olmusunuz, Rusiya çempionu titulunu qazanmısınız, Arif Əsədov dünya və Avropa çempionu adını daşıyir, Vəli Qasımov da Azərbaycan futbolunda özünə görə iz qoyub. Amma buna baxmayaraq, elita klublarının əsas komandalarında sizə iş tapılmır.
- İş tapılmır deyəndə, razıyam bir az çətindir. Mən hazırda “Bakı”nın əvəzedicilərindən ibarət komandasına rəhbərlik edirəm. Arif Əsədov analoji funksiyanı “Neftçi”də yerinə yetirir. Vəli Qasımovun adını çəkdiniz, bəli, o, da “Neftçi”də işləyirdi, amma səhv etmirəmsə, artıq işlədiyi vəzifədən çıxıb. Açığı, mən çox təəssüflənirəm ki, Vəli kimi futbolu gözəl bilən bir insan tutduğu vəzifədə uzaqlaşdırılır. Bu, mənə çox pis təsir edir. Düzdür, gərək biz də, öz işimizlə özümüzü sübut edək. Amma digər tərəfdən, bunun üçün klub rəhbərləri bizlərə vaxt verməlidir, etimad göstərməlidir.
- Bir məşqçiyə özünü sübut etmək üçün nə qədər vaxt lazımdır? Bəlkə ona on il vaxt verildə, yenə də özünü doğrultmayacaq...
- Aleks Fergüsson 25 ilə yaxındır “Mançester Yunayted”də işləyir. Belə çıxır ki, onu hər il dəyişmək lazım idi? Əgər sistemi qurubsa və rəhbərlik də ona öz ideyalarını həyata keçirmək üçün vaxt, dəstək veribsə, niyə də olmasın. Ola bilməz hansısa ağacı gözəl, münbit torpaqda əkəsən və hər gün ona qulluq edəsən, amma həmin ağac bəhər verməyə. Mümkün deyil. Gec-tez bu olmalıdır.
- Milli komandanın gələcək potensialını necə görürsünüz? Foqts uğur qazana biləcək?
- Foqts hazırda gəncləşdirmə siyasəti aparır ki, bunu müsbət dəyərləndirirəm. Amma nəticələrə gəlincə, təbii ki, bir mütəxəssis kimi bu məni qane etmir. Biz daha yaxşı nəticələr əldə edə bilərdik. Məsələn, Lixtenşteyni evdə udmalıydıq. Amma bir tərəfdən də, məsələyə real yanaşsaq, həmin vaxt Lixtenşteyn reytinqdə bizdən öndə idi. Ümumiyyətlə, biz gərək sözdə yox, əməldə özümüzü sübut edək. Hələ püşk atılan günü hamı fikirləşdi ki, artıq altı xalımız var. Bax, biz onda səhvə yol verdik. Biz rəqiblərə - Almaniyaya, Lixtenşteynə fərq qoymamalıyıq.
- Axı biz özümüz də güclü deyilik ki, kiməsə fərq qoyaq.
- Yox, biz fərq qoyuruq axı. Hamı belə qəbul edir ki, Almaniyaya uduzacağıq, amma Lixtenşteyni udacağıq. Məsələyə bu cür yanaşma tamamilə yalnışdır.
- Sizcə Foqtsu niyə bu qədər tənqid edirlər?
- Kim tənqid edir bilmirəm, amma onu bilirəm ki, biz Foqtsu tənqid etməli deyilik, ona kömək göstərməliyik.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi