Lətif Novruzov: «Fuad Musayevlə yalnız bayramdan-bayrama əlaqə saxlayıram»

Lətif Novruzov: «Fuad Musayevlə yalnız bayramdan-bayrama əlaqə saxlayıram»
MÜSAHİBƏ 27 Yanvar 2009 / 15:00 6221
-  A +

AFFA-nın mətbuat xidmətinin keçmiş rəhbəri Lətif Novruzovun Qol.Az-a müsahibəsi


- Lətif müəllim, indi nə işlə məşğulsunuz?
- Hazırda veteran futbolçu Oqtay Abdullayevin rəhbərlik etdiyi olimpiya idman növləri üzrə təlim-məşq mərkəzində çalışıram. Demək olar ki, futboldan ayrılmamışam. Mərkəzdə meydançaya nəzarət edirəm. Fəxr edirəm ki, uşaq futbolçuların yetişməsində mən də xidmət göstərirəm.
- Bəs, «Azəri» klubundan niyə ayrıldınız?
- Həmişə uşaq futboluna böyük marağım olub. Buna görə də Hacı Akifin yaratdığı «Azəri» klubunda çalışmağa üstünlük verdim. Komandaya uşaqlar təmənnasız cəlb olunurdu. Hətta rayonlardakı turnirlərdə iştirak edirdik və perspektivli futbolçuları kluba gətirirdik. Sualınıza gəlincə, bəzi planlarım üst-üstə düşmədiyindən ayrılmaq qərarına gəldim. Təəssüf ki, həmin klub dağıldı. Uşaq futbolu sürətlə inkişaf eləsə, futbolumuz tez dirçələcək. Şükürlər olsun ki, indi canlanma var. «Neftçi», «Bakı» klubunun rəhbərliyi uşaq futboluna xüsusi diqqət yetirir. Demək olar ki, Azərbaycanda ən yaxşı uşaq məşqçiləri bu komandalardadır.
- AFFA-nın keçmiş prezidenti Fuad Musayevin komandasında siz də çalışmısınız. İndi münasibətləriniz necədir?
- Normal. Yalnız bayramlarda bir-birimizlə əlaqə saxlayırıq.
- Niyə görüşmürsünüz ki?
- Məsələ burasındadır ki, işlər çoxdur. Hər kəsin öz qayğıları var. Getdikcə insan yaşlaşır və bu, öz təsirini göstərir.
- Bəs, digərləri ilə necə?
- Keçmiş baş katib Çingiz İsmayılovla tez-tez görüşürük. Çalışdığım yerdə «Neftçi» Veteranlar Klubunun prezidenti Oqtay Abdullayevin təşəbbüsü ilə veteranlarla görüşlər keçirilir, dünyasını dəyişənlərin xatirəsi yad olunur. Bundan başqa, Çingiz müəllimlə milli çempionatın oyunlarını birgə izləyirik. Futbolçulardan isə Tərlan Əhmədovdan tutmuş Kamal Quliyev, Samir Əliyev, Mahmud Qurbanovla oturub köhnə xatirələri yada salırıq. Ümumiyyətlə, mənim bütün futbolçulara böyük hörmətim var.
- AFFA-nın hazırkı rəhbərliyinin sizə qarşı münasibəti necədir?
- Çox gözəl. Hətta əvvəlki rəhbərliyin münasibəti də belə idi. AFFA-da işlədiyim dövrdə həmişə üzərimə düşən vəzifənin öhdəsindən maksimum gəlməyə çalışmışam. Bunu futbolumuzun inkişafı naminə etmişəm. İndi federasiya ilə sıx əlaqədəyik. Ona görə ki, tez-tez yeniyetmə və gənclərdən ibarət seçmə komandalar da buraya məşq etməyə gəlir.
- Təklif gəlməyib ki?
- Xeyr. Lazım bilsələr, fikirləşmək olar.
- Ümumiyyətlə, mətbuat xidmətlərinin fəaliyyətlərini necə qiymətləndirirsiniz?
- Əvvəllər klublar qapalı fəaliyyət göstərirdi, mətbuat xidmətləri yox idi. İndi vəziyyət dəyişib. Aparacı klublarda bu iş istənilən səviyyədədir. Bəzi komandalarda isə bu baxımdan çatışmazlıq mövcuddur. Ona görə ki, mətbuata nəzər yetirdikdə onların fəaliyyəti hiss olunmur.
Federasiyanın mətbuat xidmətinin işini ürəkaçan hesab edirəm və bu, sevindirici haldır.   
- Sizcə, əvvəlki illərlə müqayisədə futbolumuzda irəliləyiş var, yoxsa?
- 30 ildir ki, futboldayam. Mən həmişə idman jurnalisti olmağa çalışmışam və yazılarımda daha çox futbola üstünlük vermişəm. Azarkeş kimi deyim ki, o zaman da tamaşaçı baxımından problem vardı və indi də belədir. Futbola maraq qatan tribunaların dolu olmasıdır. Çox təəssüf ki, bu problem hələ də aradan qalxmayıb. AFFA rəhbərliyinin bəzi klubların adlarının dəyişdirilməsi təklifi çox yaxşıdır. Təəssüf ki, buna ciddi yanaşılmır. «Bakı», «Neftçi», «Xəzər-Lənkəran», «Turan»ın adları ölkəmizlə bağlı olduğundan bəyəniləndir. «Standard»a gəlincə, əvvəlki adı «Arsenal» idi. «Olimpik» adı də xoşa gələn deyil. Niyə milli adlara üstünlük verilmir? Bəziləri bundan qaçırlar. Əksər klublarımızın əsas çatışmazlığı bazalarının olmamasıdır. Hava şəraiti dəyişdikdə mərkəzimizdə məşq etmək üçün klublar növbəyə dururlar. Şərait yaradılması baxımından «Xəzər-Lənkəran»ın rəhbəri Mübariz Mənsimovun əməyi xüsusi qeyd olunmalıdır. Sevindirici haldır ki, əksər klublar da bu problemin həll olunmasına diqqət yetirməyə başlayıblar. Bunun nəticəsində futbola böyük axın olacaq.
Çempionatın hansı səviyyədə olmasına gəlincə, bu, klubların avropamiqyaslı yarışlardakı çıxışı və milli komandanın nəticələrinə əsasən ölçülür.
- Yeri gəlmişkən, milli komanda haqda nə fikirdəsiniz?
-  Təəssüf ki, əvvəllər olduğu kimi, bu gün də millinin çıxışı azarkeşləri qane etmir. Bunu mütəxəssislər də təsdiqləyə bilərlər. Ancaq öncələr yadda qalan oyunlar olub: Portuqaliya, Slovakiya, Serbiya ilə qarşılaşmalar. Yəni, hər seçmə mərhələdə milli komandamız favorit sayılan seçmə kollektivlərə «öldürücü zərbələr» vura bilirdi. Ancaq heç vaxt pessimist olmaq lazım deyil. Birdən-birə nəyəsə nail olmaq mümkün deyil. İndi uşaq futboluna xüsusi fikir verilir və bu, çox önəmlidir. Çox sevinirəm ki, yeniyetmə futbolçularımız artır. Hər yerdə olduğu kimi, biz də bu yolu keçməliyik. İnanıram ki, nə vaxtsa Azərbaycan da Avropada öz sözünü deyə biləcək. İndi də nəsə gözləyirik və arzu edirəm ki, epizodik uğurlar təkrarlansın. 
- Belə çıxır ki, Foqtsun fəaliyyəti ürəkaçan deyil.
 - Mütəxəssis deyiləm ki, qiymət verim. Çox istərdim ki, bizdə də milli komanda yaxşı səviyyədə formalaşsın. Bu olanda davamı da gəlməlidir. İndi nəsil sanki «kəsilib». Əvvəllər yaxşı futbolçular yetişirdi, ancaq bunun ardı gəlmədi. Ancaq inanıram ki, bu problem də aradan qalxacaq. Legioner limitinin dəyişdiriməsi gözlənilir ki, bu zaman yerli futbolçulara daha çox yer veriləcək və bunun faydası çox olacaq.           
- Fəaliyyət baxımından Fuad Musayevə üstünlük verərdiniz, yoxsa Rövnəq Abdullayevə?
- Hər iki şəxsin öz yeri var. Fuad Musayev AFFA-nın təşkil edənlərdən olub. Rövnəq Abdullayevə gəlincə, onun gəlişindən sonra futbola güclü maliyyə axını başlayıb. Söhbət futbolçular və federasiyadakı işçilərdən gedir. İndi bu baxımdan Avropaya inteqrasiya sürətlənib. Bundan başqa, seçmə komandaların təlim-məşq toplanışlarının sayı artıb. İndi Azərbaycanda uşaq futbolçuların Avropaya axını üçün işlər görülür. Bu baxımdan İtaliya, Türkiyə məşqçilərinin Bakıya gəlişi də çox sevindircidir.
- Legionerləri bəyənirsinizmi?
- Legionerlər səviyyəli olmalıdırlar. Seleksiya işlərinə ciddi diqqət yetirilməlidir. Əcnəbi futbolçu gələndə ehtiyat oyunçular skamyasında oturudulursa, gələnlərdən futbolçularımız nəsə öyrənə bilmirsə onlar kimə və nəyə lazımdır?! Legionerlər yerli oyunçulardan heç olmasa ikiqat üstün olmalıdırlar: həm oyununa, həm də davranışlarına görə.
- Söhbət «İnter»dən gedir?
- Əlbəttə. «İnter» legionerlərin sayına görə rekordçudur. Bunun nə faydası var ki? «İnter» «Birlik kuboku»nda «Neftçi» və «Xəzər-Lənkəran»ın uğurunu təkrarlaya bilmədi. «İnter»in oyunçularında xarakter görmədim. Vaxtilə 3-4 futbolçu komandanı arxasınca aparırdı. Əfsus ki, bu gün o yoxdur. 
- Eşitdiyimizə görə, oğlunuz Rüstəm Novruzov Ukrayna «Arsenal»ında baxışdadır.
- Bəli. O, futbola «Şəfa»da başlayıb, indi «Bakı»da çıxış edir. Hazırkı komandasının rəhbərliyindən çox razıyıq. Mən də həmişə istəmişəm ki, övladım sevdiyi işin dalınca sonadək getsin. Oğlum mənə deyib ki, inşallah hər şey yaxşı olacaq.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq