Vladislav Qədirova bir neçə kəlmə

XƏBƏR 27 Yanvar 2009 / 14:21 2750
-  A +

Son iki gündə Azərbaycanın idman mətbuatında «Muğan» klubunun baş məşqçisi Vladislav Qədirov komandadan uzaqlaşdırılması barədə xəbərlərin doğru olmadığını bildirir, bu informasiyanın kimlərinsə sifarişilə yazıldığı barədə iddialarla çıxış edir, bununla da məlumatı yayan ilk mənbənin - Qol.Az saytının işgüzar nüfuzuna xələl yetirməyə çalışır. Doğrusu, Azərbaycan futbolunda bu tip adamların - bir saatda bir neçə fikrə düşən insanların dayanmadan artdığını bildiyimizdən V.Qədirovun belə bəyanat verməsi də bizim üçün qətiyyən təəccüblü olmadı. Amma bütün hallarda oxucuda çaşqınlıq yaranmaması üçün bunu bildirməyi zəruri sayırıq ki, Vladislav Qədirovun «Muğan»dan çıxarılması barədə xəbərin istinadən mənbəyi başqa heç kim yox, şəxsən bu məşqçinin özü olub! Və yenə də oxucuda tam təsəvvür formalaşsın deyə, Qol.Az-ın əməkdaşının V.Qədirovla qısa telefon danışığını təqdim edirik:
- Belə bir məlumat yayılıb ki, «Standard»la oyundan sonra komandanın məşqçisiylə aranızda dava düşüb, klubun prezidenti sizdən narazılıq edib.
- Güclü bir dava olmayıb, sadəcə söz-söz yaranıb və mətbuat bunu şişirdib.
- Komandadan ayrılacağınız barədə xəbərlər dolaşır.
- Mən artıq «Muğan»dan ayrılmışam.
- Nəyə görə?
- Rəhbərliklə belə qərara gəldik ki, komandadan getməyim həm klub, həm də mənim özüm üçün yaxşı olacaq. 
Göründüyü kimi, Qədirovun «Muğan»dan ayrılması barədə kimsə uydurma xəbər yaymayıb, bu fikir, artıq yuxarıda qeyd etdiyimiz kimi, bir başqasının yox, məhz Qədirovun öz dilindən səslənib. Xəbər saytımızda yayımlanandan sonra isə nə olub, nə baş verib, deyə bilmərik, bircə onu bilirik ki, Vladislav Qədirov artıq iki gündür hikkəsini boğa bilmir, hay-həşir salıb ki, yox, mən belə söz deməmişəm.
Demisən, axı!
Və sonda…
Sayğılı Vladislav Qədirov, bəli, Qol.Az saytı sifariş yerinə yetirir - ictimai və sosial sifarişi. Sizə gəlincə, inanın, Azərbaycan futbolunda elə bir mühüm persona deyilsiniz ki, kimsə işini-gücünü buraxıb, pulundan-parasından keçib mediaya sizinlə bağlı sifariş versin!
«Mənim haqqımda sifarişli yazılar yazırlar» deyəndə heç olmasa, zəhmət çəkib turnir cədvəlinə baxın, rəhbəri olduğunuz komandanın tutduğu mövqeyə nəzər salın, bir məşqçi kimi Azərbaycan futboluna faydanızın dəyib-dəymədiyini düşünün və özünüzə bir sual verin: «Axı, mən kiməm və Azərbaycan futbolu üçün nə etmişəm?»

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı