Samir Əliyev: «Neftçi»də hər mövqeyə bir səviyyəli futbolçuya ehtiyac var»

Samir Əliyev: «Neftçi»də hər mövqeyə bir səviyyəli futbolçuya ehtiyac var»
ÖLKƏ FUTBOLU 26 Yanvar 2009 / 16:32 3071
-  A +

“Neftçi”nin hücumçusu Samir Əliyev komandasının Antalya toplanışı ilə bağlı Qol.Az-a müsahibə verib

 

- «Neftçi»nin hazırlıq proses necə keçdi?
- Hər şey yaxşıydı. Antalyadakı şərait yüksək səviyyədə idi - qaldığımız otel, məşq etdiyimiz meydança. Futbolçu üçün də nə lazımdır? Şərait. Bir sözlə Türkiyə toplanışı ürəyimcə oldu.
- Keçirdiyiniz yoxlama görüşləri haqqında nə deyə bilərsən?
- Belə oyunlarda ön planda yeni futbolçuların sınaqdan çıxarılması olur. Bizdə də baş məşqçi hər oyunda xeyli sayda futbolçunu yoxlayırdı. Bu mənada, keçirdiyimiz oyunların da bizə çox xeyiri dəydi.
- Həmin futbolçular özlərini sübut edə bildilər?
- Bizim yerli gənclər özlərini çox yaxşı tərəfdən göstərdilər. Əllərindən gələni edirdilər ki, əsas komandaya layiq olduqlarını sübut etsinlər.
- Toplanışı özün üçün necə dəyərləndirərdin?
- Çox yaxşı. Sadəcə, sona yaxın köhnə zədəm yenə baş qaldırdı. Buna görə 3-4 məşqi buraxmalı oldum. Həm də əzələmi dartım.
- Hazırda vəziyyətin necədir?
- Şükür Allaha, hər şey qaydasındadır.
- Ümumiyyətlə son vaxtlar çox tez-tez zədələr alırsan. Bu, artıq xroniki hala çevrilməkdədir. Bu səni narahat eləmir?
- Yox, deməzdim ki, bu, xroniki zədələrdir. Məndə köhnə zədədir arada olur. Buna görə narahatlığa əsas görmürəm.
- Artıq çəki ilə bağlı da problemin var idi. Bu baxımdan indi vəziyyət necədir?
- Elə indi də artıq çəkim qalmaqdadır. Düzdür, 15 günə 4 kiloqram çəki atdım, amma yenə də atmalıyam.
- Yəqin ki, komandanın tam komplektləşdiyini demək olmaz.
- Əlbəttə, bu haqda danışmaq hələ tezdir. Daha bir neçə yeni futbolçu baxışa gələcək. Onlar da sınandıqdan sonra komplektləşmədən danışmaq olar.
- Necə düşünürsən, “Nefçi”yə daha çox hansı mövqeyə oyunçu lazımdır?
- Mənə elə gəlir ki, hər mövqeyə bir səviyyəli futbolçuya ehtiyac var.
- Səncə, Rəşad Sadıqov, Georgi Adamiya və Aleksandr Çertoqanovun yeri Antalya toplanışında göründü?
- Bilirsiniz, Antalyada biz sadəcə yoxlama görüşlərində qüvvəmizi sınadıq. Burada isə nəticə heç vaxt önəmli olmayıb. Yalnız ikinci dövrə start götürdükdən sonra məlum olacaq ki, adını çəkdiyiniz futbolçuların yeri görünür, ya yox.
- Rəşadın “Kocaelispor”la müqavilə bağlamağından xəbərin var?
- Hə, eşitmişəm.
- Hətta dünən “Hacettepe” ilə oyunda 90 dəqiqə oynayıb və 4:0 hesabı ilə qalib gəliblər.
- Bu yaxşı oldu. Bilmirsiniz Ramal oynayıb?
- Yox, baş məşqçinin fikrincə hələ hazır deyil. Ümumiyyətlə, necə düşünürsən, Rəşad bu dəfə Türkiyədə möhkəmlənə biləcək?
- Mən buna inanıram. Özü də Türkiyə futbolu Rəşad üçün yad deyil, orada bir müddət oynayıb. Düzdür, “Kocaelispor” son pillədə gedir, amma superliqa superliqadır də. “Qalatasaray”, “Beşiktaş”, “Fənərbağça” kimi klublara qarşı oynayırsan. Əminəm ki, Rəşad özünü sübut edərək daha iddiali klublara keçə biləcək.
- “Neftçi”nin əsas məqsədi yəqin ki, ölkə kubokunu qazanmağa yönəlib?
- Elədir, yalnız kuboka oynayacağıq. Çünki çempionatda heç bir şansımız yoxdur. Amma bu o demək deyil ki, çempionatda çıxıb hamıya uduzacağıq. Sadəcə, əsas hədəf kubok olacaq.
- Kubokun ¼ final mərhələsi martda başlayacaq. Əgər bu mərhələdə mübarizəni dayandırsanız, belə demək olrsa, mövsümün qalan hissəsi sizin üçün əhəmiyyətini itirəcək?
- Elə çıxır. Çempionatda bütün şanslarımızı itirmişik. Əgər kubokda da mübarizəni dayandırsaq o zaman, “Neftçi” üçün bu mövsüm boşa verilmiş sayılacaq.  

Daha çox


Son xəbərlər