Milli komandamızın sabiq qapıçısı «Rostov»da baxışdadır

XƏBƏR 26 Yanvar 2009 / 10:58 3046
-  A +

21 yaşlılardan ibarət milli komandamızın sabiq qapıçısı Ruslan Məcidov karyerasını Rusiyada davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, ötən mövsümü «Neftçi»də keçirən qolkiper hazırda «Rostov» klubunda baxışdadır. Məcidov komanda ilə birgə Antalyada təlim-məşq toplanışında da iştirak edib. Klubun baş məşqçisi Oleq Dolmatov ona Xorvatiyanın «Zaqreb» komandası ilə oyunda ikinci hissədə şans verib. Həmin vaxt hesab 1:0 rostovluların xeyrinə olsa da, 84-cü dəqiqədə «Zaqreb» Məcidovun qoruduğu qapıya yol tapıb. Nəticədə, oyun 1:1 hesabı ilə başa çatıb. Bir vaxtlar Moskvanın MOİK klubunu çalışdırmış Dolmatov sonradan meydana daxil olan futbolçulardan o qədər də razı qalmayıb: «Əvəzetmələr oyunu gücləndirmədi. İkinci hissədə meydana daxil olan futbolçulardan heç biri oyuna alışa bilmədi». Bununla belə, həmyerlimiz «Rostov»un İsraildə keçiriləcək növbəti təlim-məşq toplanışına da aparılacaq. Dolmatov hələ qapıçı haqqında qəti qərara gəlmədiyini və qolkiperi İsraildəki toplanışda yoxlayacağını deyib. Yeri gəlmişkən, hazırda «Rostov»un maddi vəziyyəti o qədər də yaxşı deyil. Hətta buna görə, komandanın baş meneceri Aleksandr Şikunov Antalyadan təcili olaraq Rostova qayıdıb. Əgər bir həftə ərzində futbolçulara olan borc ödənməsə, «Rostov»a lisenziya verilməyəcək. Bu il premyer liqada mübarizə aparacaq «Rostov» Antalyadakı toplanış zamanı «Xəzər-Lənkəran»la qarşılaşmış və 0:1 hesabı ilə uduzmuşdu. Həmin oyunda qapını Qerus qoruyub. 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı