“Qarabağ” və “Xəzər Lənkəran” xalqımıza qələbə sevinci yaşada biləcəkmi?

“Qarabağ” və “Xəzər Lənkəran” xalqımıza qələbə sevinci yaşada biləcəkmi?
ÖLKƏ FUTBOLU 8 İyul 2010 / 11:22 2141
-  A +

Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində cavab oyunları keçiriləcək. Qol.Az-ın məlumatına görə, bu görüşlər arasında bizim futbolsevərlərin əsas diqqəti öz təmsilçilərimizə - “Qarabağ” və “Xəzər Lənkəran”a yönələcək. Ağdam klubu səfərdə Makedoniya “Metallurq”u ilə, Lənkəran təmsilçisi isə öz meydanında Moldova “Olimpiya”sı ilə münasibətlərinə tam şəkildə aydınlıq gətirəcək.
Bakıda keçirilən ilk oyunda inamlı qələbə qazanan (4:1) “Qarabağ”ın növbəti mərhələyə çıxmaq vəzifəsinin öhdəsindən böyük ölçüdə gəldiyini əminliklə vurğulamaq olar. Təbii ki, belə nəticədən sonra Qurban Qurbanovun komandasını avrokuboklardan kənarda qalması çox güman ki, birinci təsnifat mərhələsinin ən böyük sensasiyası sayılacaq. Ancaq komandamızın düşərgəsində bəzi ciddi itkilər var ki, bu, müəyyən narahatlıq doğurmaya bilməz. İlk oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşən albaniyalı müdafiəçi Admir Telinin ardınca, onun həmyerlisi Ansi Aqolli də zədələnərək sıradan çıxdı. Nəticədə heç ümumiyyətlə Makedoniyaya aparılmayan bu iki legionerin komandamıza kömək edə bilməyəcəyi dəqiqdi. Yerli oyunçulardan isə Ayxan Abbasov zədə probleminə görə, kollektivdən ayrı düşüb. Bu mənada yeganə sevindirici məqam ilk oyunu buraxan müdafiəçi Maksim Medvedevin zədəsini sağaldaraq, sıraya dönməsidir. Digər zədəli futbolçu Samir Abasovun da bu oyunda iştirak edəcəyi gözlənilir.
“Xəzər Lənkəran” isə ilk oyunu səfərdə keçirib və qolsuz heç-heçə ilə qayıdıb. Cənubluların Moldova təmsilçiylə qarşılaşması bir sıra baxımlardan yaddaqalan olacaq. Məsələn, indiyə qədər adətən avrokuboklardakı ev oyunlarını səfərdə keçirən lənkəranlılar ilk dəfə doğma arenalarında Avropa təmsilçisiylə üz-üzə gələcəklər. Digər maraqlı bir məqam isə indiyə qədər avrokuboklarda qələbə qazana bilməyən “ağ-yaşıllar”ın məhz bu günkü oyunda siftə etməyə yaxın olmasıdır. Hansı ki, ilk dəfə qitə miqyaslı yarışlarda növbəti mərhələ sevinci yaşatmaq üçün bu iki “siftə”ni eyni vaxtda reallaşdırmağa borcludurlar. Lakin təəssüf ki, Qurban Qurbanov kimi Ağasəlim Mircavadovun da cavab görüşü ərəfəsində heyətlə bağlı müəyyən problemləri var. O, braziliyalı yarımmüdafiəçi Kristian Kabralın xidmətindən istifadə edə bilməyəcək. Dieqo Qusmao ailə problemləri ilə əlaqədar vətənindən yeni qayıdıb və oyuna hazır deyil.
“Xəzər Lənkəran” bu günkü oyunda qapısının toxunulmazlığına xüsusi fikir verməlidir. Məsələ burasındadır ki, moldovalılar səfərdə qol vuracaqları halda, təmsilçimiz bunun cavabını ikiqat vermək məcburiyyətində qalacaq. “Olimpiya”nı istənilən qollu heç-heçə növbəti mərhələyə çıxaracağından, cənublulara maksimum diqqətli olmaq vacibdir.
Sonda hər iki komandamıza uğurlar arzulayıb, qeyd edək ki, “Qarabağ” rəqibini keçəcəyi halda, ikinci təsnifat mərhələsində “Skonto” (Latviya) – “Portadaun” (Şimali İrlandiya) cütünün qalibi ilə, “Xəzər Lənkəran” isə Buxarest “Dinamo”su ilə görüşmək hüququ qazanacaq.

 

Daha çox


Son xəbərlər