Hollandiyanın finaldakı rəqibi İspaniya oldu

Hollandiyanın finaldakı rəqibi İspaniya oldu
DÇ-2010 8 İyul 2010 / 01:20 3241
-  A +

Bu gün Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub. Qol.Az-ın məlumatına görə, Uruqvay üzərindəki qələbə (3:2) sayəsində adını ilk olaraq finala yazdıran Hollandiyanın həlledici oyundakı rəqibinin kimliyinə Almaniya və İspaniya millilərinin duelində aydınlıq gəlib.
Mundiala Avropa çempionu kimi gələn İspaniya nəhayət bu DÇ-də çempionluq həsrətinə son qoymağı arzulayırdı. Amma onları bu yolda DÇ-nin digər favoriti Almaniya ilə çətin sınaq gözləyirdi. Hansı ki, üçqat dünya çempionları bu mərhələyədək İngiltərəni 4:1, Argentinanı 4:0 hesabıyla məğlub etməklə, finala çıxmaq yolunda ispanlardan daha şanslı görünürdülər. Lakin onlardan fərqli pley-off oyunlarında minimal hesablı qələbələrlə kifayətlənən Del Boskenin komandası bu dəfə də cəmi bir qol sayəsində almanları məğlub etməyi bacarıb. Nəticədə almanların finala çıxmaqla yanaşı, 2008-ci ildəki qitə çempionatında yenildikləri ispanlardan qisas almaq istəyi də baş tutmayıb. İndiyədək dünya çempionu olmayan İspaniya millisi isə tarixində ilk dəfə mundialın finalına vəsiqə qazanıb. Beləliklə, iyulun 11-də keçiriləcək final matçında İspaniya ilə Hollandiya yeni dünya çempionunun kimliyinə aydınlıq gətirəcək. Almaniya isə iyulun 10-da yarımfinalın digər məğlub komandası Uruqvayla 3-cü yer uğrunda oyun keçirəcək.

7 iyul
Yarımfinal

23:30. Almaniya – İspaniya - 0:1

QOL: Puyol, 73 (0:1).
Durban. Şəhər stadionu.
Baş hakim: Viktor Kassay (Macarıstan).
ALMANİYA: Noyer, Lam (k), Mertezaker, Fridrix, Boatenq (Yansen, 52), Xedira (Qomes, 81), Şvaynştayger, Troxovski (Kroos, 62), Özil, Kloze, Podolski.
İSPANİYA: Kasilyas (k), Ramos, Pike, Puyol, Kapdevilya, Buskets, İnyesta, Xavi, Alonso (Marçena, 90+3), Pedro (Silva, 86), Vilya (Torres, 81).


Son xəbərlər