“Neftçi” Avstriyadakı ikinci oyunda məğlub oldu

XƏBƏR 6 İyul 2010 / 23:40 2170
-  A +

"Neftçi" Avstirayadakı təlim-məşq toplanışı zamanı bu gün ikinci yoldaşlıq oyununu keçirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumta görə, komandamız Rumıniyanın "Otselul" klubu ilə qarşılaşıb. Almaniyanın Münhen şəhəri yaxınlığında baş tutan görüşdə rəqib 3:0 hesabı ilə qalib gəlib.
“Neftçi” klubu məğlubiyyətə görə oyunu idarə edən rumıniyalı hakimləri günahlandırıb. “Referi qaydalar çərçivəsində vurulmayan ilk qolu səhvən qeydə alıb. Üstəlik, "Otselul" ikinci qolu rumın hakimin təyin etdiyi şübhəli penaltidən sonra vurub. Bu azmış kimi, baş hakim "Neftçi"nin yarımmüdafiəçisi Rəşad Abdullayevə qırmızı vərəqə göstərib. Düzdür, fit sahibi oyunun yoldaşlıq xarakter daşıdığını nəzərə alaraq, Rəşadın əvəzinə meydana Araz Abdullayevin daxil olmasına imkan verib və "Neftçi" görüşü 11 nəfərlə davam etdirib. Bununla belə, "Otselul" fasilədən sonra daha bir qol vuraraq, hesabı 3:0-a çatdırıb.
Qeyd edək ki, "Neftçi" ilə yoldaşlıq görüşü keçirməyi təklif edən və bununla da oyunla bağlı təşkilatçılığı üzərinə götürmüş olan "Otselul" rəsmiləri hakimlərin Rumıniyadan olacağı haqda klubumuzun nümayəndələrinə heç bir məlumat verməmişdi” – deyə klubun rəsmi saytının oyunla bağlı yazısında bildirilir.
Baş məşqçi Arif Əsədov start heyətində bu futbolçulara şans verib: Paulius Qribauskas, Rail Məlikov, Denis Silva, Tural Nərimanov, Alessandro Viana da Silva, Ruslan Abışov, Slavko Georgievski, Cavid Hüseynov, Rəşad Abdullayev, Cavid İmamverdiyev, Joze Karlos.
Xatırladaq ki, "Neftçi" bu təlim-məşq toplanışındakı ilk yoldaşlıq oyununda "Beşiktaş"la bərabərə qalmışdı - 1:1.


Son xəbərlər