Vüsal Hüseynov və Zaur Əsədov: “Muğan”dan ayrılmaq fikrimiz yoxdu”

Vüsal Hüseynov və Zaur Əsədov: “Muğan”dan ayrılmaq fikrimiz yoxdu”
XƏBƏR 6 İyul 2010 / 17:17 2002
-  A +

“Muğan”ın rəsmi saytının məlumatına görə, son günlər bir sıra kütləvi informasiya vasitələrində Vüsal Hüseynovla Zaur Əsədovun Premyer Liqanın digər klubu ilə birgə hazırlıqlara qatıldığı və onların transferi yönündə danışıqların getməsi barədə bir sıra məlumatlar verilir. Lakin Qol.Az-ın məlumatına görə, Salyan klubu bu futbolçuların “Muğan”la müqavilələrini yenilədiklərini və onların növbəti mövsümdə də “Muğan”ın heyətində çıxış edəcəklərini bəyan edib. Klubun rəsmi saytı hal hazırda “Muğan”nın heyətində hazırlıqlarını davam etdirən oyunçuların bu məsələ ilə bağlı fikirlərini öyrənib:
Vüsal Hüseynov:
- “Muğan” la müqaviləmi yeniləmişəm və növbəti 1 il ərzində bu komandanın şərəfini qoruyacağam. Hazırda digər komandaya keçidim müzakirə mövzusu deyil. Heyətimiz kifayət qədər güclənib və indi ancaq növbəti mövsümdə “Muğan”dakı çıxışım barədə düşünürəm. Komanda fasilədən sonra yığışandan bəri heyətlə birgə məşqlərə qatılıram. Hədəfimiz “ilk altılığ”a düşməkdir və bizi qarşıda çətin sınaq gözləyir.
Zaur Əsədov:
- “Muğan”la müqaviləmin müddəti hələ bitməyib və müqavilə müddəti bitənə qədər də digər kluba transfer barədə düşünmürəm. Heyətlə birgə hazırlıqlara qatılıram. Komandamız kifayət qədər komplektləşib və bu məni bir futbolçu kimi çox sevindirir. Yeni mövsümdə qarşımıza konkret hədəflər qoymuşuq. İndi növbəti mövsümdəki hədəflərimiz və komandadakı çıxışım barədə düşünməyim daha doğrudur. Qısaca deyə bilərəm növbəti mövsüm üçün yoluma “Muğan”da davam edəcəyəm. Ümid edirəm ki, yeni mövsümdə nəzərdə tutduğumuz nəticələri əldə edəcəyik.


Son xəbərlər