Vüsal Əliyev: “Birlik kuboku”nda hakimlərin rüşvət verməsi fikri ağ yalandır”

Vüsal Əliyev: “Birlik kuboku”nda hakimlərin rüşvət verməsi fikri ağ yalandır”
ÖLKƏ FUTBOLU 23 Yanvar 2009 / 16:44 3057
-  A +

Bu il “Birlik kuboku”nda Azərbaycanı hakim kimi təmsil edən FİFA referisi Vüsal Əliyev Moskva şəhərindən Qol.Az saytına müsahibə verib.

- «İnter» inamla irəliyərir və inanırıq ki, bu gün də “Aktobe”ni məğlub edərək finala çıxacaq. Hazırda mən də Moskvadayam və komandamıza dəstək oluram.
- Deməli, daha sizə təyinat yoxdur?
- Xeyr, “İnter” uğurla irəlilədiyindən təşkilatçılar bildirdilər ki, mən daha heç bir oyuna təyinat almayacam. Yəni builki “Birlik kuboku” mənim üçün başa çatdı. Bir də burada mənim hakimlik edib-etməməyim o qədər də önəmli deyil. Əsas odur ki, Azərbaycan klubu uğurlu çıxış etsin.
- Axı “İnter”dən başqa ½ finalda digər iki komandanın iştirakı ilə oyunlar keçirilir. Yəni həmin oyuna təyinat ala bilməzdiniz?
- Yox, buranın öz qaydaları var. Əgər hər hansı bir hakimin təmsil etdiyi ölkənin çempionu turnirdə uğurla irəliləyirsə, o zaman, o hakimə oyun verilmir. Məsələn, Ukrayna və Ermənistan çempionları turnirlə erkən vidalaşaraq heç ¼-ə də çıxa bilmədilər. Buna görə də bu ölkələrdən olan hakimlər hələ də çıxışlarını davam etdirirlər.
- İdarə etdiyiniz oyunlarla bağlı nə deyərdiniz?
- Bilirsiniz ki, açılış oyunları ilə bağlanış oyunları arasında ciddi fərq olmur. Hər ikisi əlamətdarlığı ilə yadda qalır. Mən turnirin açılış oyununu -“Rubin” - “Paxtakor” matçını idarə etdim. Özü də açılışda FİFA prezidenti Zepp Platter, UEFA prezidenti Mişel Platini iştirak edirdilər. Hətta Platini şəxsən mənə yaxınlaşıb hansı ölkədən olduğumu da öyrəndi. Bundan başqa daha bir oyunda 4-cü hakim fubksiyasını yerinə yetirdim. Ümumiyyətlə, Moskva təəssüratlarım çox gözəldir. Burada təşkilatçılıq da yüksək səviyyədədir.
- İdarəçiliyinizdən narazı qalan oldu?
- Yox, əksinə, razı qaldılar.
- Sirr deyilsə, “Birlik kuboku”nda baş hakim kimi bir oyuna görə nə qədər qonorar verilir?
- Mənə 200 dollar verdilər. Hər nədirsə, Allah bərəkət versin. Onsuz da mənim üçün pul önəmli deyildi.
- İstərdik gəzən bir söz-söhbətə də aydınlıq gətirəsiniz. Deyilənə görə, guya, “Birlik kuboku”nda daha çox oyun idarə etmək üçün ruslara hədiyyə verməlisən...
- Vallah, hamısı ağ yalandır. Ən azı mən özüm heç kimə heç nə verməmişəm. Yadınızdadırsa, iki il öncə də mən “Birlik kuboku”na göndərilmişdim. O vaxt “Bakı” mübarizəni erkən dayandırdığından mənim final görüşünü idarə etmək şansım yaranmışdı. Təşkilatçılar da demişdilər ki, əgər Rusiya klubu finala çıxsa, görüşü sən idarə edəcəksən. Amma elə oldu ki, Rusiya klubu mübarizəni yarımfinalda dayandırdığından final görüşünü də elə rusiyalı hakimə tapşırdılar. Yəni referinin kiməsə rüşvət verib oyun idarə etməsinə dair səslənən fikirlər tamamilə əsassızdır.
- Bir halda ki, “Birlik kuboku” sizin üçün başa çatıb, onda niyə hakimlərin Antalyadakı təlim-məşq toplanışına qatılmırsınız?
- Bu, artıq Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun qərarıdır ki, kim Moskvaya göndəriləcək, kim Antalyaya aparılacaq.
-  Amma faktiki olaraq siz hazırda oyun idarə etmirsiniz.
- Elədir. Amma turnirdən öncə heç kim bilmirdi ki, Azərbaycan çempionu hansı mərhələyə qədər gedəcək. Bu mənada minimum bir həftə mənim Moskvada olacağım proqnozlaşdırılmışdı.
- Təlim-məşq toplanışından kənar qalmağınız hazırlığınıza təsir etməyəcək ki?
- Şübhəsiz ki, təsir edəcək. Hər halda təlim-məşq toplanışının yeri başqadır. Amma mən burada da boş oturmuram və öz üzərimdə işləyirəm. Hər gün kross qaçıram.
- Sizcə bu təlim-məşq toplanışının bizim hakimlərə bir xeyri olacaq? İnanmaq olarmı ki, ikinci dövrədə onların səhvləri azalacaq?
- Bilirsiniz, dünyanın istənilən yerində hakim səhv edir. Əsas odur ki, onun idarəçiliyində qərəz olmasın. Fürsətdən istifadə edib hakimlər üçün yaratdığı yüksək şəraitə görə AFFA prezidenti Rövnəq Abdullayevə də öz minnətdarlığımı bildirirəm. Onun gəlişindən sonra futbolumuzda xeyli inkişaf olub. Bunu danmaq olmaz. Hazırda 7-8 komanda çempionluq uğurunda mübarizə aparır. Hakimliyə gəlincə, həqiqətən də bu Azərbaycan hakimliyi tarixində ilk dəfədir ki, hakimlərimiz təlim-məşq toplanışı keçmək üçün Antalyaya yollanıblar. Bunun qarşılığını isə biz hakimlər öz səhvsiz idarəçiliyimizlə verməliyik. Elə etməliyik ki, daha əcnəbi hakimə ehtiyac qalmasın. Mən inanıram ki, ikinci dövrəyə hakimlərimiz tam hazır olacaq.
- Ötən mövsüm ölkə telekanallarından birində bildirmişdiniz ki, hakimlər ikinci dövrəyə tam hazırdırlar. Sondan isə hər şey əksinə oldu və xeyli hakim səhvlərinin şahidi olduq. Həmin vaxt Rüstüm Rəhimov sizi tənqid edərək demişdi ki, peşəkar hakim heç vaxt çempionata yüz faiz hazır olduğunu deməz.
- O, Rüstəm Rəhimovun şəxsi fikri idi və mən də buna hörmətlə yanaşıram. Rəhimov bu fikri səsləndiribsə, o demək deyil ki, düz danışıb. Mən heç vaxt demirəm ki, biz çempionata yüz faiz hazırıq. Sadəcə deməyim odur ki, bizə olan diqqət və qayğının qarşılığını verməliyik.   

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord