Sneyder: “Dunqayla Maradonaya axmaq deməmişəm”

Sneyder: “Dunqayla Maradonaya axmaq deməmişəm”
DÇ-2010 6 İyul 2010 / 14:21 2455
-  A +

Hollandiya millisinin heyətindən dünya çempionatında özündən söz etdirən Uesli Sneyder sözlərinin yanlış başa düşülməsindən qəzəblənib. Qol.Az-ın məlumatına görə, ulduz futbolçu Argentina millisinin baş məşqçisi Dieqo Maradona və Braziliya yığmasının çalışdırıcısı Karlos Dunqaya “axmaqlar” ifadəsini işlətməsini təkzib edib.
Qeyd edək ki, son günlər Sneyderin Hollandiyanın “Helden” nəşrinə belə bir açıqlaması gündəmi zəbt etmişdi: “Çətin keçən ilk hissədən sonra sakit qalmağı bacardıq və Braziliyanı mübarizədən kənarlaşdıra bildik. Maradona və Dunqa kimi iki axmaq yerinə Bert van Marveyk kimi bir baş məşqçiyə üstünlük verərdim”.
Ancaq sözlərinin yanlış tərcümə edildiyini vurğulayan hollandiyalı ulduz həmin xəbəri tamamilə təkzib edib: “Böyük bir səhvə yol verilib. Verdiyim açıqlamada nə Maradona, nə də Dunqa ilə bağlı söz işlətdim. Hər ikisinə böyük hörmətim var. Mən sadəcə hər baş məşqçinin digərindən fərqli olduğunu və onları müqayisə etməyin düzgün çıxmadığını söyləmişdim. Sözlərim tamamilə təhrif edilib”.
Sneyderin bu açıqlamasının ardından Hollandiya Futbol Federasiyası da milli üzvünün elə bir açıqlama vermədiyini bəyan edib. “Helden” nəşri isə məcburiyyətdən “axmaqlar” sözünü həmin yazıdan çıxarmağı qərara alıb.


Son xəbərlər