Qurban Qurbanov: “Səfərdəki oyun Bakıdakından asan olacaq”

Qurban Qurbanov: “Səfərdəki oyun Bakıdakından asan olacaq”
ÖLKƏ FUTBOLU 2 İyul 2010 / 01:09 2737
-  A +

“Metallurq”la qarşılaşmada əvvəl də bildirmişdim ki, komanda oyuna tam hazır deyil. Zədəlilərimiz də var idi ki, bu da bir qədər sıxıntı yaradırdı. Amma Allaha şükürlər olsun ki, istədiyimiz qələbəni qazana bildik. Düzdü, azlıqda qaldıq, əvəzində daha iki qol vurduq ki, bu da bizə əlavə üstünlük verə bilər. Sonda bir top buraxsaq da, düşünürəm ki, bu ciddi narahatçılığa əsas verməməidir”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam klubunun çalışdırıcısı bu gün Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Makedoniya “Metalurq”u üzərində 4:1 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında daha sonra bunları əlavə edib: “Əslində, onların da qol vurmağa çalışacağı gözlənilən idi. Yəni bu qola çox üzülməməliyik. Çünki azlıqda qalandan sonra müdafiə olunmaqda çətinlik çəkdiyimiz göz qabağında idi, tam gücümüz çatmırdı. Cavab oyununa yəqin ki, onlar da ciddi hazırlaşacaq. Biz də əlimizdən gələn hər şeyi edəcəyik ki, cavab oyununda da lazımi nəticəni qazanaq. Samiri məcburiyyətdən oyuna buraxmağımız da yerinə düşmədi. Ayağındakı ağrılar yenidən artdı. Bütün çətinliklərə rəğmən çalışacağıq ki, səfər oyununda da düzgün taktika seçək və istəyimizə çataq”.
4:1 hesablı qələbədən sonra hələ növbəti mərhələ haqda düşünməyin tez olduğunu düşünən Qurbanov arxayınçılığa əsas görmür: “Gəlin sizli-bizli hələlik rahatlaşmayaq, arxayınlaşmayaq. Bu futboldu, hər şey ola bilər. Burda buraxdığımız səhvləri orda təkrarlamamağa çalışacağıq. Üstünlüklərimiz var ki, bundan maksimum yararlanmalıyıq. İlk növbədə hesabda üstünük. Bundan əlavə rəqibi daha yaxşı tanımaq imkanı qazandıq. Standard vəziyyətlərdən çox yaxşı istifadə edirdilər. Ciddi hazırlaşıb, öz zəif nöqtələrimizi aradan qaldırmağa, rəqibin isə üstün tərəflərinin qarşısını almaq yollarını tapacağıq. Düşünürəm ki, ordakı oyun bundan asan olacaq. Çünki artıq konkret videoyazı var və baxıb biləcəyik ki, harda onların səhvləri oldu, harda bizim? Telinin qırmızı vərəqə alması bizə müəyyən çətinlik yaradacaq. Çünki uzun müddətdi Rəşadla yanaşı çıxış etdiklərindən yaxşı anlaşırdılar. Həmçinin hava toplarında yaxşı oyun sərgiləyir. Ancaq Samirin növbəti oyuna kimi ayağındakı zədəsi yaxşılaşsa, onun yoxluğunu unutdura bilər. Qol Samirin səhvindən vurulsa da, nəzərə almaq lazımdı ki, o, zədəli halda meydana çıxmışdı. Digər tərəfdən səhvlərə ən çox elə təcrübəlilər yol verir. Bununla yanaşı “Qarabağ”la ilk oyunu idi. Yəni hər şeyi nəzərə almaq lazımdı. Hamı səhv buraxır. İnşallah gələn oyuna qədər daha da yaxşılaşar və problemlərimiz çox olmaz”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı