“Mən boksa həyatda qalmaq üçün qayıtdım” - Fariz Məmmədov

“Mən boksa həyatda qalmaq üçün qayıtdım” - Fariz Məmmədov
XƏBƏR 15 Aprel 2019 / 13:03 2213
-  A +

2007-ci ilin yayı, Bakı həbsxanalarından biri

“Burdan çıxıb boksa qayıdacam”, deyir. Sonra əminliklə əlavə edir: “... Və çempion olacam!”

Mənə bir az gülməli görünür, düzü. Hələ gör bundan sonra neçə il dörd divar arasında qalmalıdı, sonra çıxası, hazırlaşası, forma yığası... Çempionluğu bir kənara qoyaq, 7 illik fiziki və mənəvi əzabdan sonra idmana necə qayıtmaq olar? Mümkündü? Amma bizim məmləkətdə gerçəkləşməsi az qala mümkünsüz görünən vacib bir məsələ daha var: kim, hansı klub sahib çıxacaq ona?

2012-yə, Farizin türmədən çıxmasına isə hələ 5 il var. İndi içəridədi, mübarizə aparır həyatla. Özü kimi, olduğu kimi qalmaqçün. Amma... Türmə həyatıdı axı. Həyatından insanlar da gedir bir-bir. Kimisi mənən, kimisi cismən...

2011-ci il, Bayıl qəsəbəsi

İnsan seli axır. Tanıdığım, tanımadığım nə qədər adam var burda. Dəfnə gəliblər. Qəşəm kişi vəfat edib. Farizin atası...

Yanıma, redaksiyaya tez-tez gəlirdi. Oğlunun həbsdən çıxması üçün “yuxarılara” yazdığı əfv müraciətlərini çox vaxt əvvəlcə mənə göstərirdi. Oxuyub, orasını-burasını düzəldim deyə. Xəstəlikdən vəfat etdi. Yaşı 70-i ötmüşdü.

... İndi ata o dünyada, oğul da başqa bir dünyadadı. Amma o dünya ilə Farizin indi olduğu dünya bizim, yaşadığımız bu azadlıqdakı dünyamız kimi deyil, təbii ki. Yoxsa, axı niyə gəlməsin oğul atanın yasına?! Dəhşətli görünür bu mənzərə mənə. Eyni şəhərdəsən, səni doğma evindən, elə bu yas mağarından, elə bu tabutdan çox məsafə ayırmır, axı. Amma dərinə gedəndə ayırır. Böyük bir dünya ayırır onları. Bizim yaşadığımız azad dünya. Amma daha nə ölü olan ata bu dünyadadı, nə də diri olan oğul.

2017-ci il, yanvar, Bakı

- Atam bu dünyadan həsrətlə getdi, azadlığa çıxdığımı görə bilmədi. O öləndə həbsxanadaydım. Çıxan kimi ilk əvvəl gedib onun məzarını ziyarət etdim. Mən həyatda valideyn tərəfdən bir az yaralıyam – Fariz danışanda kövrələn kimi olur, günahkar kimi hiss edir özünü ata-anasının yanında -  Çünki zamanında onlara layiqincə xidmət edə bilmədim. Cavandım, ərköyündüm. Bilirəm ki, əziyyət vermişəm onlara. Həbs həyatı çox dəyişdi məni, fikirlərimi. Valideyn müqəddəsdir. Həyatda dost qazana bilərsən, ikinci, üçüncü dəfə ailə də qura bilərsən. Amma ananı, atanı bir də hardan tapacaqsan ki? Bir az İslam dini də çox rol oynadı valideynlərimi tam dərk etməyimdə.
O öləndə həbsxanadaydım. Vidalaşa bilmədim. Atam mərd, yaxşı kişi idi. İndi anam deyir ki, atanın cavanlığına bənzəyirsən. Fəxr edirəm, bunu eşidəndə.

2015-ci il, 28 avqust. Afina

Yunanlar şokdadılar. Çönüb mənim də əyləşdiyim jurnalistlərin tribunasına baxırlar. Hədələyirlər. Öz dillərində nə gəldi deyirlər. Təbii ki, “xoş gəlmisiniz” söyləmirlər bizə.

Polis arada sədd çəkir. Çıxmağımıza icazə vermirlər. Ara nisbətən sakitləşir. Stadionun dəhlizinə doğru gedirik. Mühafizənin və polisin əhatəsində gedən şəxsə yaxınlaşırıq. Nəzakətlə “komandayla görüşüm, sonra nə lazımdısa danışaq” deyir. Bizi özüylə paltardəyişmə otağına dəvət edir. Burada sevincini futbolçularla bölüşür, Tale Heydərov...

Prezidenti olduğu “Qəbələ” klubu az əvvəl tarixi qələbə qazanıb. Yerli “Panatinaikos”u üstələyərək Avropa Liqasının qrupuna düşüb.

Futbolçular qarşısında danışır: “Siz tarixi qələbə qazandınız. Hamınızı, bütün xalqımızı təbrik edirəm. Biz bu qələbəmizi... həbsdə olan kapitanımız Cavid Hüseynova həsr edirik!”

Adı jurnalist Rasim Əliyevin ölüm işində keçir Cavidin. Bir-iki qohumunun axmaqlığı ucbatından nə qədər adamın həyatı məhv olub. Cavidin bu işdə günahı var idi, ya yox, bunun qiymətini birinci Tanrı, sonra da hüquq versin... İndi məni təəccübləndirən başqa şeydi. Tale Heydərovun öz futbolçusuna sahib çıxması. Belə həssas məqamda, mərd, kişiyana hərəkətdi.

2017-ci il, yanvar, Bakı

- Həbsdə olanda nəsə məndə belə bir əminlik yaranmışdı ki, azadlıqda ögey olacam, qəbul edilməyəcəm. Hər halda türmə həyatıdı. Amma hədəfim o idi ki, idmana qayıdım. Dərinə gedəndə, heç çempion olmaq üçün də yox, həyatda qalmaq üçün boksa qayıtdım. Çox sıxıntılar çəkdim. Bir ara Azərbaycanı tərk elədim. Və geri qayıdacağımı da düşünmürdüm. Bir gün “Qəbələ” rəhbərliyinə müraciət etdim. Onların barəsində hələ türmədə olanda xoş şeylər eşitmişdim. 2013-cü il idi, hansı ay, yadımda deyil indi. Uzatmadılar söhbəti. Məni kluba qəbul elədilər. Onların bu yaxşılığını unuda bilərəmmi? Əlbəttə, yox. Tale Heydərov, Fariz Nəcəfov kimi insanlar Azərbaycanın sərvətidir.

Mən həbsxanada olanda, ilk olaraq 12 il cəza verilmişdi. Onda elə bil həyat mənim üçün qurtardı. Sonda məhkəmə 7 ilə endirdi cəzanı. O zaman isə içimdə belə bir inam yarandı ki, yox, həyat bitməyib. İndiyə kimi yadımdadır, bir dəfə Qaradağda həbsxanada dostumla gecə gəzintisində belə bir söhbətimiz oldu. Mənə güldü ki, boş söhbətlər edirsən, boksa qayıtmaq, çempion olmaq nədi?.. Sonra idmançı olan nəzarətçinin biriylə söhbətimiz oldu. Dedim, mən ömür boyu idmanda böyümüşəm, indi hansısa ağır illərə görə karyeramı qurban verməyə haqqım yoxdur, geri qayıdıb hədəfimə çatacam.

- Amma hər halda həbsxanada normal məşq etmirdin...

- Orda normal necə məşq etmək olar ki? Təkcə məşqdən də getmir söhbət. Ağrılarım var idi, problemlərim var idi, amma yaşayırdım, inanırdım. Bu hisslə yaşamaq da mənə kömək etdi və idmana qayıtdım.

- 7 illik həbs cəzası. Üstündən neçə il keçib artıq. Bunu özün üçün hüquqi cəza, yoxsa Tanrının mükafatı sayırsan?

- Allah tərəfindən verilən mükafat, hüquqi tərəfdən cəza. İnsani tərəfdən isə gözəl imtahan. Çox nəticələr çıxardım özüm üçün. Ümumiyyətlə, Allah düşmənimizi də həbsə salmasın. Çətin, acınacaqlı bir yerdir. Deyirlər, kişilik məktəbidir, amma elə deyil.

- Mənən itirdiklərin çox oldu?

- Qazandıqlarım itirdiklərimdən daha çox oldu. İtirdiklərimin içində ən böyüyü atam idi. Qismət belə imiş, onsuz da hamı bir gün bu dünyadan gedəcək.

... Və bu gün

- Hazırda Azərbaycan Boks Federasiyasında nəzarət-təftiş şöbəsinin müdiri, eyni zamanda “Qəbələ” boks bölməsinin rəhbəriyəm. Bu gün mən kiməm? 24 illik idmançı karyeramda Azərbaycanı layiqincə xidmət edən bir vətəndaş! Allah şahiddir ki, hər zaman çalışmışam, bu millətə layiqli övlad olum. Bizim millətimiz tərəfindən də qiymətimi almışam. Klubumuz, jurnalistlər, sıravi insanlar məni həmişə diqqətdə saxlayıblar. Bu, dəyər deyilmi? Bunu heç bir pulla almaq olmaz.

- Kriminal aləmlə əlaqələrin qalıb?

- Xeyr. O həyat başqaları üçün maraqlı ola bilər, mənim üçün artıq maraqlı deyil.

- Bundan sonra hədəfi nədir?

- Gözəl və sakit həyat yaşamaq. Şəxsi həyatımı rəsmiləşdirmişəm. Ailəmlə məşğul olmaq istəyirəm. Mənim idman həyatım boksa bağlıdır. Ölkəmizə layiqli boksçular yetişdirmək üçün əlimdən nə gəlirsə, edəcəm.

Aydın BAĞIROV

Redaksiyadan: 2017-ci ilin 17 yanvarında Qol.az saytında dərc olunan bu yazı bu gün Fariz Məmmədovun doğum günü münasibəti ilə ikinci dəfə, ixtisarla yayımlandı.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı